«Bizim hekayələr sizin dildə»
Azərbaycanın
18 yazarının əsərləri ingilis
dilində nəşr olunub
İyunun 24-də Beynəlxalq Mətbuat Mərkəzində
«Bizim hekayələr sizin
dildə» kitabının təqdimatı keçirildi.
Jurnalist Ekspert Mərkəzinin QHT-lərə Dövlət
Dəstəyi Şurasının yardımı ilə həyata
keçirdiyi «Azərbaycanın
istedadlı yazarlarını dünyaya
tanıdaq» layihəsi çərçivəsində
hazırlanmış kitabda 18 müəllifin
hekayələri ingilis dilində təqdim
edilir.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu çıxış edərək Azərbaycan yazarlarının dünyada tanıdılması sahəsində problemlərin olduğunu bildirdi. Qeyd etdi ki, bunun əsas səbəbinin dil problemi olduğuna görə belə bir layihəni həyata keçirmək qərarına gəliblər: «Kitabdakı əsərlərin mövzuları müxtəlifdir. Kitabda Qarabağ müharibəsini əks etdirən bir neçə hekayə də yer alıb. Müəlliflər müxtəlif nəslin nümayəndələrindən ibarətdir. Bunun da məqsədi Azərbaycan ədəbiyyatının bütün nəsillər üzrə varlığını sübut etməkdir».
Layihə müəllifi qeyd etdi ki, 500 tirajla nəşr edilən kitab xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinə, Bakı şəhərinə gələn əcnəbi qonaqlara təqdim ediləcək: «Məqsədimiz xarici ölkə vətəndaşlarında Azərbaycan ədəbiyyatına maraq yaratmaqdır. Hesab edirəm ki, yeganə danışa bilən və eşidilən dil ədəbiyyat dilidir. Bununla sübut etməyə çalışırıq ki, biz sülh istəyən dövlətik, ədəbiyyat dövlətiyik».
Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, belə kitabların nəşr edilməsi həm ədəbi, ictimai nöqteyi-nəzərdən, həm də Qarabağ problemi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin təbliği baxımından çox əhəmiyyətlidir. Deputat kitabın elektron variantının internetdə yayılmasının da vacibliyini vurğuladı.
Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli bildirdi ki, belə bir kitabı ərsəyə gətirmək ədəbiyyatı təbliğ etməkdən çox vətəndaşlıq işidir.
O, L.Tolstoyun «Bu dünyada hər şey gəlib gedəcək, amma bədii söz yaşayacaq» sözlərini misal çəkərək dedi ki, doğrudan da, bədii söz hər zaman yaşayır.
Milli Məclisin deputatı Adil Əliyev, «APA Holdinq»in direktoru Vüsalə Mahirqızı, «Qafqazinfo» saytının direktoru Elbrus Ərud və başqaları çıxış edərək kitabın nəşrini yüksək qiymətləndirdilər.
Qeyd edək ki, kitabda Musa Quliyev (Urud), Əjdər Ol, Rəşad Məcid, Azər Abdulla, Məqsəd Nur, Fəxri Uğurlu və digər müəlliflərin hekayələri yer alıb.
Yazıçı Azər Abdulla qəzetimizə açıqlamasında bildirdi ki, bu, əslində 15-20 il bundan əvvəl həyata keçirilməli olan bir ideyadır: «Azərbaycan yazıçıları digər xalqların nümayəndələri ilə müqayisədə daha az tanınıb. Bu baxımdan layihəni yüksək qiymətləndirirəm».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 25 iyun.-
S.12.