Azərbaycanla Rusiya
arasında mədəni əlaqələr inkişaf edir
Səfər çərçivəsində “Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində 2014-2016-cı illər üçün əməkdaşlıq proqramı” imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiyanın mədəniyyət naziri Vladimir Medinski imzalayıblar.
İmzalanmadan sonra nazirlər mətbuata açıqlama veriblər. Əbülfəs Qarayev bildirib ki, iki dövlət arasında humanitar siyasət sahəsində əməkdaşlıq haqqında dövlətlərarası müqavilə mövcuddur: “Müqavilə elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir. İki ildən sonra biz yenə də müqavilə imzalayacağıq və birgə səylərimizi bu müqavilə çərçivəsində davam etdirəcəyik”. Nazir mədəniyyətlərarası münasibətlərin bundan sonra da səmərəli inkişaf edəcəyinə əminliyini bildirib.
Rusiyanın mədəniyyət naziri Vladimir Medinski qeyd edib ki, iki ölkəni təkcə müqavilə, hüquqi sənədlər deyil, həm də nazirlik və regionlar səviyyəsində daimi sıx fəaliyyət birləşdirir. Rusiyanın bir sıra regionları Azərbaycanın mədəniyyət müəssisələri ilə birbaşa, çox səmərəli işləyirlər. Rusiyalı nazir də ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu deyib.
Bildirilib ki, iki
ölkə arasında qarşılıqlı sərgilərin,
teatr və ifaçılıq kollektivlərinin
qastrollarının təşkili, kinematoqrafiya
sahəsində birgə fəaliyyətin dəstəklənməsi,
ixtisasartırma üçün şəraitin
yaradılması, müəllimlərin yaradıcılıq təcrübələrinin
öyrənilməsi, mədəni irsin
qorunub saxlanılmasına və bərpa
edilməsinə dair informasiya
mübadiləsi imzalanan əməkdaşlıq
proqramının prioritet vəzifələridir.
Mədəniyyət.- 2014.- 25 iyun.-
S.8.