Muzey işi sahəsində
beynəlxalq əməkdaşlıq
Ölkəmiz Qətərdə
beynəlxalq konfransda təmsil olunub
Xəbər
verdiyimiz kimi, iyunun 13-dən 17-dək Qətər Dövlətinin
Doha şəhərindəki İslam İncəsənəti
Muzeyində ərəb muzeylərinin fəaliyyətinə və
inkişafına həsr edilmiş beynəlxalq konfrans
keçirilib. Londonun Birləşmiş Kolleclər Təşkilatı
və Qətər Milli Tədqiqat Fondunun dəstəyi ilə
təşkil olunan konfransda ölkəmizi Mədəniyyət
və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə
Hüseynova və sektorun aparıcı məsləhətçisi
Nərgiz Abdullayeva təmsil ediblər.
Beynəlxalq
tədbirlə bağlı təəssüratlarını
bizimlə bölüşən Azadə Hüseynova bu qəbildən
konfransın ilk dəfə 2012-ci ildə Britaniya Muzeyində
keçirildiyini dedi. Bildirdi ki, budəfəki tədbirdə
muzeylərin ölkə regionlarının inkişafına təsiri,
muzeylərdəki kolleksiyaların nümayiş etdirilməsi,
eksponatların tarixinin müəyyən olunması, şəxsi
muzeylərin fəaliyyəti, muzey işinin daha effektiv
inkişafına dair konsepsiyaların hazırlanması,
müasir incəsənət muzeyləri üçün
xüsusi proqramların təşkili və s. mövzular təqdim
olunub, müzakirələr aparılıb. Konfransda Azərbaycan
nümayəndə heyəti mühazirə ilə
çıxış etməsə də, mühazirələr
əsasında aparılan sual-cavablarda fəal iştirak edib:
“Ölkəmizin muzey və qalereyaları, “YARAT” Müasir
İncəsənət Məkanı ilə bağlı məlumat
verdik. Həmçinin “Qloballaşma və muzeylər”, “Muzeylər
və ictimaiyyət”, “Təhsil”, “İctimai muzeylər”, “Muzeydən
kənarda”, “Muzey memarlığı və onun yerləşdiyi
məkan” kimi mövzulara dair müzakirələrdə Azərbaycan
tərəfinin də fikirləri nəzərə
alındı”.
Tədbir
çərçivəsində ərəb muzeyləri ilə
işgüzar əlaqələrin yaradılması və
inkişaf etdirilməsi məqsədilə bir sıra
görüşlər də keçirilib. Azadə
Hüseynova İslam İncəsənəti Muzeyinin konservasiya
laboratoriyasının müdiri Aristoteles Sakellariou ilə
laboratoriyanın fəaliyyəti haqqında söhbət
apardıqlarını və yalnız Azərbaycan nümayəndə
heyəti üçün laboratoriyaya baxış
keçirilməsinə icazə verildiyini vurğuladı:
“Muzeyin konservasiya laboratoriyası və Azərbaycanın Muzey
Sərvətləri və Xatirə Əşyalarının
Elmi-Bərpa Mərkəzi arasında əməkdaşlığın
qurulmasına tərəflər arasında böyük maraq
var”.
Sektor
müdirinin sözlərinə görə, İslam İncəsənəti
Muzeyində Azərbaycanla bağlı eksponatlar da var: “Hələ
2010-cu ildə Qətərdə Azərbaycan mədəniyyət
günləri keçirilərkən iki ölkənin muzeyləri
arasında münasibətlərin yaradılması məqsədilə
Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi-Bərpa Mərkəzinin
şöbə müdiri, bərpaçı-rəssam Natiq Səfərov
və Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının müəllimi, xalçaçı-rəssam
Məmmədhüseyn Hüseynovla birgə Qətərə
ezam olunmuşduq. O zaman Qətər Dövlətinin Muzeylər
Birliyinin sədri Abdullah ən-Nəccar və İİM-nin rəhbərliyi
ilə görüş keçirdik. Muzeydə böyük
maraqla seyr etdiyimiz eksponatlar arasında Azərbaycan miniatür
məktəbinin dahi nümayəndələri Soltan Məhəmməd,
Mir Müsəvvir, Müzəffər Əli və Əli
oğlu Qasımın əsərlərini gördükdə qəlbimizi
qürur hissi bürümüşdü. Təbriz qrupuna aid
Ərdəbilin “Ovçuluq”, “Ağaclı” və Nizami Gəncəvinin
“Leyli və Məcnun” əsərinin motivi əsasında
toxunulmuş xalçalarla bərabər, mis və
gümüşdən döyülmüş, incə
naxışlarla bəzədilmiş milli qablarımız
muzeyin ən qiymətli kolleksiyaları sırasındadır.
Lakin ekspozisiyada Azərbaycan mədəniyyəti ilə
bağlı nümayiş olunan bir çox eksponatlar İran
adı altında verilmişdi”.
Sektor
müdiri səfər zamanı Londonun Birləşmiş
Kolleclər Təşkilatının Qətər Əmirliklərindəki
filialının məruzəçisi Karen Eksellə
görüş keçirildiyini də qeyd etdi. Bildirdi ki,
Britaniya mütəxəssisləri tərəfindən Azərbaycan
üçün hazırlanacaq xüsusi muzey təhsili
proqramı gələcəkdə dünyanın
aparıcı universitetlərinin muzey fakültələrində
tədris olunan fənlərin və müasir tədris
metodlarının tətbiqinə və ümumilikdə bu sahədə
təhsilin inkişafına gətirib çıxara bilər:
“Bundan əlavə, bir sıra layihələrin həyata
keçirilməsini nəzərdə tuturuq. İtaliyanın
Mədəniyyət və Sənaye Fondu tərəfindən
hazırlanmış AMİEX (Art and museum international exhibition
xchange) beynəlxalq layihəsinin növbəti
konfransının 2015-2016-cı illərdə Bakıda
keçirilməsi, “Qafqaz amazonları” beynəlxalq layihəsinin
tərkib hissəsi olaraq “Amazonların tarixi və Qafqazda irsi”
mövzusunda sərginin təşkili, Misirin Tarixi Abidələr
Nazirliyi tərəfindən hazırlanmış fironlar
dövrünə aid səyyar sərginin Azərbaycanda
nümayişi və s. layihələrin təşkili
planlaşdırılır”.
Muzey
işi üzrə beynəlxalq əlaqələrin, təcrübə
mübadiləsinin əhəmiyyətini diqqətə
çatdıran həmsöhbətim bu sahədə ölkəmizdə
son illərdə mühüm işlərin
görüldüyünü vurğuladı. Bildirdi ki,
dövlətin diqqət və qayğısı sayəsində
Azərbaycanda muzey şəbəkəsi inkişaf edir,
müxtəlif profilli muzeylər yaradılır. Prezident
İlham Əliyevin “Azərbaycanda muzey işinin
yaxşılaşdırılması haqqında” 2007-ci il 6
mart tarixli sərəncamı milli-mədəni sərvətlərimizin
qorunması, muzey fondlarında mühafizə olunan qiymətli
eksponatlar və sənət yadigarlarının gələcək
nəsillərə çatdırılması işinə
dövlət qayğısının parlaq təzahürüdür.
Dövlət
başçısının 2009-cu il 22 may tarixli sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət
göstərən muzeylərin müasir standartlara uyğun təmirinə,
yeni avadanlıq və zəruri eksponatlarla təchizatına
dair xüsusi tədbirlər planı”nın icrası
respublikada muzeylərin inkişafına təkan verib. Bakı
şəhərində və ölkəmizin əksər
regionlarında yeni muzeylər yaradılır, bu mədəniyyət
ocaqlarına ziyarətçi sayı artır. Bu isə öz
növbəsində mədəni turizmin inkişafına zəmin
yaradır.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 25 iyun.-
S.