Məhdumqulu Fəraqinin yeni
“Divan”ı tapılıb
İyunun 28-də Türkmənistanda
şairin Azərbaycan dilində nəşr edilmiş
kitabının təqdimatı keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı böyük türkmən şairi Məhdumqulu Fəraqinin indiyədək elmə məlum olmayan bir “Divan”ını üzə çıxarıb. Daşbasma üsulu ilə 1888-ci ildə nəşr edilən, 164 səhifədən ibarət kitab hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
İnstitutun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov qısa müddətdə “Divan”dakı şeirlərdən bir neçəsini transliterasiya edib. Şairin əsərlərinin nəşrləri ilə müqayisə zamanı müəyyən olunub ki, “Divan”dakı şeirlərin əksəri heç yerdə çap olunmayıb.
Əlyazmalar İnstitutunda kitabın təqdimat mərasimi keçirilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbir iştirakçılarına kitab haqqında geniş məlumat verib. AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Teymur Kərimli, Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov və Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı tədbirdə çıxış ediblər. Akademik İsa Həbibbəylinin təklifi ilə yeni tapılmış “Divan”ın transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanması nəzərdə tutulub. Səfir T.Komekov görkəmli şairin Azərbaycanda tapılmış yeni “Divan”ı barəsində ölkəsinə məlumat verdiyini deyib.
Qeyd edək ki, akademik İsa Həbibbəyli, Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov və Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı Türkmənistanın Daşoğuz vilayətində keçirilən “Türkmənistan həftəsi” mədəniyyət günlərinə dəvət olunublar. İyunun 26-da başlanan mədəniyyət günləri Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə keçirilir. Tədbir çərçivəsində təşkil edilən beynəlxalq sərgidə Azərbaycan pavilyonu da ziyarətçilərin marağına səbəb olub. Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə, səfirliyin əməkdaşları dövlət başçısını və digər qonaqları ölkəmizin tətbiqi incəsənət nümunələri ilə tanış ediblər.
İyunun 28-də Daşoğuzda Azərbaycan sənətçilərinin
də iştirak edəcəkləri bayram konserti təşkil olunacaq, həmçinin Məhdumqulu Fəraqinin
Bakıda Azərbaycan dilində nəşr edilmiş
kitabının təqdimat mərasimi keçiriləcək.
Mədəniyyət.-
2014.- 28 iyun.- S.14.