Polşada “Azərbaycan Günü

 

Polşanın Radom şəhərindəki “Laznya” mədəniyyət mərkəzində “Azərbaycan Günü” adlı tədbir keçirilib. Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Radom şəhərinin meri Andjey Koştovnyak, şəhər ictimaiyyəti, yerli medianın nümayəndələri, müəllim və tələbələr iştirak ediblər.

Səfir Həsən Həsənov çıxışında Azərbaycanın tarixindən, ölkəmizdə mövcud olan tolerantlıq mühitindən, ümummilli lider Heydər Əliyevin dəvəti ilə 2002-ci ildə polyak əsilli Roma Papası II İohann Pavelin ölkəmizə səfərindən danışıb. İştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib.

Mədəniyyət mərkəzinin direktoru Beata Drozdovska Azərbaycan mədəniyyəti mövzusunda təqdimatla çıxış edib, Azərbaycan rəqsləri, musiqisi, xalçaları haqqında danışıb.

Tədbir çərçivəsində “Müasir Azərbaycan” və “Azərbaycanda Polşa izləri” adlı sərgi, səfirlik tərəfindən polyak dilində nəşr etdirilmiş 27 adda kitab və ölkəmiz haqqında tanıtım filmi təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 28 iyun.- S.11.