Mirzə Şəfi
həqiqəti
O, cəmiyyətdə ən vahim mərəz olan cəhaləti
aradan qaldırmaq üçün
ömrünün sonuna
kimi mübarizə aparıb
Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə qeyd olunan yubileylər
XIX əsrin əvvəllərindən
etibarən Gəncənin ədəbi-mədəni həyatında bir həqiqət
Vazeh olmağa
başladı. Bu, maarifçi-ədəbi
mühitdə şöhrət qazanan Mirzə
Şəfi həqiqəti idi. Valideynlərinin
verdiyi adı (“Şəfi” Allahın
adlarından biridir və “şəfa verən”,
“sağaldan” deməkdir) doğrultmaq
üçün böyük
bir missiya üstlənən
Mirzə Şəfi öz həmvətənləri
ilə yanaşı, avropalıların da
qəlbinin təbibinə çevrildi. O,
cəmiyyətdə ən vahim mərəz
olan cəhaləti aradan
qaldırmaq üçün ömrünün sonuna kimi mücadilə etdi. Və bu mübarizədə qalib oldu - ədəbi-mədəni,
fəlsəfi dünyamıza Mirzə Fətəli Axundzadə
kimi bir fenomen bəxş etdi...
Ədəbiyyatımızın XIX yüzillik
mərhələsini tədqiq edən alimlər Azərbaycan maarifçi fikrinin təməlini
qoyan ədib və ziyalılar arasında
Mirzə Şəfi Vazehlə yanaşı, Abbasqulu
ağa Bakıxanov və İsmayıl bəy
Qutqaşınlının da adını qeyd edirlər. Maarifçi düşüncənin təşəkkülü
və inkişafında mühüm rol oynamış bu
görkəmli şəxsiyyətlərin ömür
yoluna nəzər yetirəndə görürük ki,
onların arasında pedaqoji fəaliyyətlə
mütəşəkkil məşğul olan
Mirzə Şəfidir. Uzun illər
müəllim işləməsi və Tiflis
gimnaziyasının baş müəllimi İvan Qriqoriyevlə birlikdə “Kitabi-türki” adlı dərslik
hazırlaması onun böyük
maarifçi obrazını gözlər
önündə canlandırır.
Mirzə Şəfi Vazeh 1794-cü ildə
Azərbaycanın söz və mədəniyyət
xəzinəsi Gəncədə dünyaya
gəlmişdir. Gözlərini açanda
cahanı “qaranlıq” (Mirzə Cəlil) görməmişdi. Çünki atası Kərbəlayı
Sadıq memar idi və
şəhərin quruculuğunda
yaxından iştirak edirdi.
Onun bu gərəkli fəaliyyəti Şəfinin
dünyagörüşünə təsirsiz ötüşmürdü.
Kərbəlayı Sadıq xalqın evini
tikir, imarətlər yaradırdısa,
Mirzə Şəfi də sözdən saraylar
ucaldacaq, insanların qəlb evini zənginləşdirəcək, fikir kəhkəşanı bina
edəcəkdi...
Etiraf
Mirzə Şəfi biliklərin sinədəftəri idi. Klassik Azərbaycan və
Şərq ədəbiyyatı nümunələrini, ana dilimizin zənginliklərini
yüksək həvəslə vətənin övladlarına
öyrədirdi. Onun ən böyük “şagirdi”, “ilhamının şəriki”,
şeirlərinin Qərbdə tanınmasının
baiskarı, bütün dövrlərin ən
böyük “plagiatoru”,
şair kimi talesiz, bəxtəvər tərcüməçi
Fridrix Bodenştedtin bir fikri də Vazehin “hazırlıqlı müəllim” olduğunu isbatlayır: “Mən hələ
onun dil dərslərinə
kitab gətirdiyini görməmişdim”.
Vazehin dünyagörüşü, savadı, qabiliyyəti
haqqında daha tutarlı fikirləri isə
vaxtilə onun şagirdi
olan və “gözünün
qabağından qəflət pərdəsini qaldırdığını”
deyən böyük mütəfəkkir-dramaturq
Mirzə Fətəli Axundzadə öz tərcümeyi-halında
yazırdı: “Gəncə məscidinin hücrələrindən
birində bu vilayət əhalisindən
Mirzə Şəfi adlı birisi
yaşayırdı. Bu adam
növbənöv elmlərdən başqa,
nəstəliq yazısını da çox yaxşı yazırdı”.
Mirzəlikdən müəllimliyə
Məhz gözəl xəttə malik olduğuna görə müxtəlif
kitabların üzünü
köçürməklə keçinən Mirzə Şəfi
daşbasma üsulu ilə
nəşrlərin geniş
yayılmasından sonra qazancından da olur. Başqa yollar
arayan şair ərəb
və fars dillərindən fərdi dərs
verməklə güzəran sürür.
1840-cı ildə Tiflis qəza məktəbində
Şərq dilləri üzrə müəllim işləyən
M.F.Axundzadə vəzifədən çıxarkən öz yerinə Mirzə Şəfini məsləhət
görür və
beləliklə, maarifçilik odu ilə yanan şair üçün yeni səhifə açılır. Burada Azərbaycan dili
müəllimi işləmək üçün
uğurla imtahan verir və pedaqoji fəaliyyətə
başlayır. Məktəbdə ana dilimizin incəliklərini tədris etməklə
yanaşı, hazırda daha çox populyar olan repetitorluqla da məşğul olur,
ayrı-ayrı uşaqlara elmin
sirlərini öyrədir.
Tiflis mühiti Vazehin ürəyincə idi.
Gəncədə saxta ruhanilərin əsassız
ittihamları şairi həyatdan,
iş-gücdən soyutmuşdu. Burada isə Bakıxanov, Axundzadə, Budaqov kimi ziyalı və ədiblərlə
ünsiyyəti, fikir mübadilələri
daha faydalı idi.
Artıq illərlə əldə etdiyi bilik və bacarığı maneəsiz
bölüşə bilirdi.
Mirzə Şəfi Tiflisə köçdükdən sonra XIX əsrin 20-ci illərində Gəncədə
əsasını qoyduğu “Divani-hikmət”
(“Hikmət evi”) ədəbi məclisi də
burada fəaliyyət göstərməyə
başlayır. Azərbaycan ədəbi məclislərinin
tədqiqatçısı, mərhum ədəbiyyatşünas
Nəsrəddin Qarayev (1926-1982) yazır ki, “Divani-hikmət” məclisi Abbasqulu
ağa Bakıxanov, Mirzə Fətəli
Axundzadə, Nəcmi, Naseh, Şölə,
Mirzə Həsən, Molla Abdulla,
Hacı Abdulla, Mirzə Yusif
Vidadi, Hacı Yusif Qane və digər mütəfəkkirləri,
şairləri ətrafında cəmləmişdi. Eyni zamanda məclisin yığıncaqlarında
Azərbaycan və fars dillərini bilən
rus, gürcü ədib
və şərqşünasları, çoxsaylı Avropa alim və şairləri
də iştirak edirdi...
1848-ci ildə Gəncəyə qayıdan Mirzə Şəfi
burada qəza məktəbində ana dilini tədris edir. Lakin iki ildən sonra yenidən
Tiflisə dönür, burada
gimnaziyada Azərbaycan və fars dillərindən dərs deyir.
Azərbaycan dilinin, ədəbiyyatının,
maarifçiliyinin inkişafı yolunda yorulmadan
çalışan Mirzə Şəfi Vazeh
1852-ci ildə Tiflisdə vəfat edib.
Şeriyyətin həqiqəti - həqiqətin şeriyyəti
“Gəncəli müdrik”in
ədəbi irsi əsasən “Mirzə
Şəfi nəğmələri” və “Mirzə Şəfi
irsindən” kitablarında cəmləşib. Vazehşünaslar qeyd edirlər ki,
“Mirzə Şəfi nəğmələri”nin Almaniyada ilk çapı böyük müvəffəqiyyətlə
qarşılanmışdır. İlk dəfə
1851-ci ildə çap edilən həmin
şeirlərin 1893-cü ildə 145-ci, 1924-cü ildə isə
170-ci nəşri işıq üzü görmüşdü. “Mirzə Şəfi nəğmələri” alman dili
ilə yanaşı, fransız, ingilis, italyan, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi və s.
dillərdə dəfələrlə çap
olunaraq geniş
yayılmışdır. İndiyə qədər həmin kitab 300 dəfədən artıq təkrar nəşr
edilmişdir.
Mirzə Şəfinin şeirləri içində dörd misra var ki, onları şairin yaradıcılıq manifesti
də adlandırmaq olar. Çünki
o, usta pedaqoq,
mahir xəttat olsa da, özünü ilk növbədə könül
əhli, söz adamı hesab
edir. Burada Mirzə
Şəfinin həqiqəti poetik bir dillə dünyaya bəyan
olunur:
Qəlbimin, ruhumun
qanadıyla mən,
Çıxdım aydınlığa zülmət gecədən.
Gördüm şeriyyətdə həqiqətimi
-
Tapdım həqiqətdə şeriyyətimi.
“Məhəbbət təranələri”
adlandırdığı şeirlərində müəllif
ağılla qəlbin bəzən bir
nöqtəyə vurmadığını qeyd
edir, bu iki qüvvənin arasında çarəsiz
qaldığını dilə gətirir:
Ağlımla qəlbimin
özgə yolu var,
Hər biri bir yolda puç edər məni.
Birisi sevdadan
uzaqlaşdırar,
O biri sevdaya tuş edər məni.
Ağlım gecə-gündüz yazıq qəlbimi
Daima danlayar, daima söyər.
Qəlbimsə sevdaya bir
həris kimi,
Daima istəyər, daima
sevər.
Məgər hər zaman ağlın diktəsi
ilə getməkmi olur? Bəs qəlbin “sevdaya həris”liyinə necə biganə qalmaq olar? Deməli, həm
də ağıla söykənməyən sevdanın sonu uçurumdur. Qəlblə
ağılın vəhdətindən yaranan
sevda möhkəm və əbədi olur. Sual
qarşısında qalan müəllif
“haqqı nahaqqa vermir”,
qəlbi də, ağlı da dinləməyi
tövsiyə edir.
Qadını bəşəriyyətin zinəti hesab edən şair onu təbiətin bütün
qüvvələrindən - küləkdən, tufandan, sudan, buxardan... üstün tutur. Məşuqənin nəfəsini, hənirini
hər şeydən məhrəm bilir,
yarın baxışını “ən nəcib hislərin
açarı” kimi dəyərləndirir:
Küləklər
işlədir dəyirmanları,
Maşını tərpədir suyun
buxarı.
Döyüşə sövq edir bu qəlbimizi,
Coşan hissimizin sərt
tufanları.
Lakin min küləkdən,
tufandan, sudan
Bütün qüvvələrin
hamsından, inan,
Bir güclü
qüvvə var, bir güclü nəsim, -
Sənin məlahətli, incə nəfəsin!
Şairin məşhur “Nə qədər
kim, fələyin sabitü
səyyarəsi var...” mətləli qəzəli,
“Süsəni” rədifli müxəmməsi və başqa nümunələri dil-üslub
və ifadə özünəməxsusluğu ilə diqqəti
cəlb edir. Orta əsrlər klassik Azərbaycan
qəzəllərinin yüksək poetik
çalarlarını müəllifin aşağıdakı
beytlərində də görmək olar:
Nə qədər kim, fələyin sabitü
səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var...
Ruzigari qara, daim gecəsi tar keçir,
Hər kimin eşqdə bir
yari-sitəmkarəsi var.
Necə qan cuşə gəlib, eyləməsin
ahü-fəğan,
Könlümün dideyi-giryan
kimi fəvvarəsi var...
Vazeh yaşadığı mühitdə baş verən hadisələrə həssas
münasibət göstərərək, real
mövqe bildirir. Tədqiqatçılar onun sufi-panteist təfəkkür sahibi
olduğunu qeyd etsələr
də, şair cəmiyyətdəki neqativ hallara obyektiv şəkildə yanaşır.
İnsanların həyata, bir-birinə biganəliyinə
acıyan şair yeni söz eşitməməyindən,
hamının eyni şeyləri təkrarlamasından
şikayətlənir:
Şikayətmi edim, gülümmü, bilməm
Dünyanın yarısı dərrakədən kəm.
Edir utanmadan, eyləmədən
ar,
Mini bir axmağın sözünü təkrar.
“Tulla, Mirzə Şəfi, boş niyyətini” misrası ilə başlayan şeirində isə onun satirik üslubunun
şahidi oluruq:
Bax gör, Mirzə
Hacı Ağası birdən
İranda nə böyük
bir cənab olub!
Əvvəl seçilməzdi heç
birimizdən,
İndisə sinəsi nişanla dolub!
Sərf eylə qüvvəni dövlətə sən gəl,
Xeyir verməmisən ona
heç zaman...
Bu misralar böyük şair Mirzə
Ələkbər Sabirin İran
şahı Məhəmmədəli Qacara
həsr etdiyi “Doğrudan
da, Məmdəli, qeyrət halal olsun sənə!”
misrası ilə başlayan məşhur
satirasını yadımıza salır.
Mütəfəkkir şairin
220 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin
müvafiq sərəncamında Vazehin Şərq poeziyasının çoxəsrlik
ənənələrini layiqincə yaşatması və
yüksək insanpərvərliyi, mənəvi gözəlliyi
tərənnüm edən diqqətəlayiq irs
qoyub getməsi vurğulanır.
Fikrimizcə, əgər Mirzə Şəfinin əsərləri
orijinal şəkildə bizə gəlib
çatsaydı, bu nümunələrin bədii
sənətkarlıq mündəricəsi daha
təsirli, daha ürəyəyatımlı
olacaqdı. İstənilən halda poetik tərcümələr belə ədəbi
nümunənin bədii siqlətini yüksək səviyyədə
ifadə edə bilmir. Həm də bu bədii nümunələrin çoxu alman dilinə tərcümə
olunub, sonra dilimizə
çevrilib. Təbii ki,
bu prosesdə müəllif qayəsinin
müəyyən qədər təhrifi də baş
verir. Amma Azərbaycanın
Avropa ilə ədəbi-mədəni əlaqələrinin
inkişafına mühüm töhfələr
verən görkəmli şairin ideyalar aləmi bu gün də aktuallığını
qorumaqdadır.
Fariz Yunisli
Mədəniyyət.- 2014.- 28 iyun.- S.10.