Arxeoloji turizmin inkişafı üçün
infrastruktur birinci şərtdir
Son dörd ildə
qədim Ağsu şəhər yerində
aparılan arxeoloji tədqiqatlar arxeoloji turizm məhsulunu meydana gətirib. Konservasiya və
bərpa olunmuş kompleksə turistlərin maraqları artır.
Layihədə bilavasitə
iştirak etmiş “Miras” Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyinin sədri,
“Heritage Travel” şirkətinin rəhbəri Fariz Xəlilli deyir ki, dünyada arxeoloji turizm getdikcə daha çox populyarlıq qazanır: “Düzdür, həmişəki kimi insanlar istirahətə də, müalicəvi turlara da önəm
verirlər. Amma artıq dünyada
belə bir tendensiya var ki, insanlar maariflənməyə,
bilgilənməyə də
üstünlük verir.
Bu baxımdan biz də arxeoloji turlar elan etdik.
«Orta əsr Ağsu şəhəri» Arxeoloji Turizm Kompleksi və onun ətrafındakı abidələri əhatə
edən arxeoturlarımız
var. Bundan əlavə,
«Şirvan xəzinəsinə
aparan yollar» mədəni irs turumuz, Bakıda «Bir qalanın sirri», Qobustan və palçıq vulkanları, Oğuz rayonunda Surxay xan qalasına, Filfilli kəndinə və onun ətrafındakı
abidələrə, Quba
ətrafındakı tarixi
memarlıq abidələrinə
təşkil etdiyimiz turlar var. Bu yaxınlarda Şəmkir və Gəncə turlarımız
da olacaq».
Həmsöhbətim Azərbaycanda arxeoloji turizmin inkişaf perspektivlərindən
danışaraq bildirdi
ki, ötən əsrin 20-ci illərində
arxeoloji tədqiqatlar genişlənib və dövlət səviyyəsində
bir sıra işlər görülüb:
«Lakin bu gün həmin tədqiqatların aparıldığı
yerlərdə heç
nə görmək mümkün deyil. Ərazini ot
basıb, konservasiya edilmədiyindən arxeoloji
turizm məhsuluna çevrilməyib və insanların ziyarəti mümkün olmayıb. Bəzi hallarda həmin qazıntıların tapıntılarını
muzeylərdə görmək
olar”.
Son illər Bakıda,
Tovuzda, Naxçıvanda,
Şəmkirdə, Qəbələdə
və digər yerlərdə aparılan arxeoloji tədqiqatlardan sonra bəzi abidələr konservasiya olunub. Bu məkanlara turların təşkilinə
gəlincə, bunun üçün infrastrukturun
yaradılması əsas
məsələlərdən biridir. Abidələrə
gedən yolların bərpası, turistlərin
qalması üçün
şəraitin yaradılması
olduqca vacibdir: «Təbliğat olmadan insanları bu ziyarətlərə cəlb
etmək çətindir.
Buna nail olmağa başlamışıq. Çox sevindiricidir
ki, artıq bölgələrimizdəki abidələrin
yaxınlığında olan
kəndlərin sakinləri
də ziyarətlərə
gəlir və bu yerlər haqda övladlarını məlumatlandırırlar. Turlarımız yerli və xarici turistlərin marağına səbəb
olur. Biz vaxtaşırı olaraq əhalimizin arxeoloji abidələri hansı səviyyədə tanıdıqlarını
öyrənmək üçün
sorğular keçiririk.
Çalışırıq ki, bu sahədə
bilikləri artırmaq
üçün müvafiq
qurum və təşkilatlarla birgə
iş aparaq».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 28 iyun.-
S. 9.