Xoş məram üzərində qurulan mədəni əlaqələr uzunmüddətli olur

 

“Birləşmiş Krallıqda Azərbaycanın bu günü ilə bağlı yüksək səviyyədə məlumatlandırma işləri aparılır. Ümid edirəm ki, bu təşəbbüsləri birlikdə dəstəkləyə biləcəyik”

 

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 11 mart 1992-ci ildə qurulub. Bakıda Britaniya səfirliyi 1993-cü ilin sentyabr ayında, Londonda Azərbaycan səfirliyi isə 1994-cü ilin yanvarında açılıb. Ötən müddətdə iki ölkənin müxtəlif sahələr üzrə əməkdaşlığı böyük inkişaf yolu keçib. Prezident Heydər Əliyevin 1994-cü ilin fevralında Böyük Britaniyaya ilk rəsmi səfəri zamanı imzalanmış "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş" bu istiqamətdə əlaqələrin hüquqi əsasını qoyub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ilə müsahibəmizdə ikitərəfli mədəni əlaqələrlə yanaşı, digər məqamlara da nəzər saldıq.

 

- Cənab səfir, Azərbaycana təyinatı necə qarşıladınız? Ölkəmizə gələnə qədər onun haqqında nə bilirdiniz?

- Bu vəzifəyə təyinatıma görə çox həyəcanlandım. Azərbaycan öz zəngin tarixi və mədəniyyəti ilə tanınan dinamik bir ölkədir, sürətli inkişaf yolundadır. Ölkənizə gələnə qədər onun haqqında az məlumatım vardı. Bakıya gəlməzdən öncə Londonda muğam konsertinə getmək və eyni zamanda restoranlardan birində Azərbaycan milli mətbəxini dadmaq şansım olub. Mən həmçinin Azərbaycan tarixi haqqında da oxumuşam. Bu tarix çətin regional mühitdən, xüsusilə də, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ağır, həllini tapmayan mövzudan bəhs edirdi. Buraya gəlməzdən öncə həmçinin Azərbaycanın Londondakı səfiri ilə müvafiq məsələni müzakirə etmək imkanım olub.

- Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında əlaqələrin səviyyəsi çox əladır. Biz bu günlərdə kraliçanın ad günü mərasimini keçirdik. Mən oradakı çıxışımda da bildirdim ki, Birləşmiş Krallıq Azərbaycanda ən geniş təmsil olunan xarici sərmayədar, strateji enerji sektorunda vacib tərəfdaş, tələbələrin təhsil almaları üçün seçdikləri ilk ölkədir. Biz Azərbaycanın iqtisadi diversifikasiya siyasətini dəstəkləyirik, gələcəkdə daha çox Britaniya kompaniyalarının ölkənizlə işləməsini təşviq etməyə çalışırıq. Artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən Britaniya Şurası Britaniya mədəniyyətini təbliğ edireyni zamanda yerli tərəfdaşları ilə birgə faydalı layihələr yerinə yetirirlər.

- Ölkələrimizin mədəni əlaqələri ilə bağlı fikirləriniz maraqlı olardı...

- Düşünürəm ki, mədəni əlaqələr həddindən artıq vacibdir. Ölkələr arasında əlaqələr bir çox səviyyələrdə qurulur - hökumətlər arasında, biznes sektorları arasında və ölkələrin xalqları, cəmiyyətləri və vətəndaş institutları arasında və bunu geniş mənada mədəni əlaqələr adlandıra bilərsiniz. Bu baxımdan iki ölkənin münasibətlərinin uzun tarixi var. Lakin, mənim fikrimcə, Azərbaycanla Birləşmiş Krallıq arasında mədəni əlaqələr heç vaxt indiki kimi güclü olmayıb. Bunun da çoxlu səbəbləri var. Bu qismən təhsilə əsaslanır: çoxlu azərbaycanlı tələbələr ya dövlət təqaüdləri, ya da öz hesabına ali təhsil almaq üçün Birləşmiş Krallığı seçirlər. Bu tələbə mübadiləsi göstərir ki, Azərbaycandakı gənc nəsil İngiltərəni öz gözləri ilə görmək imkanları var. Nəticədə onlar bu ölkə haqqında daha geniş məlumat əldə edirlər və eyni zamanda azərbaycanlı tələbələrin hər biri öz ölkələrinin təmsilçisi, bir növ səfiridir.

Hazırda Böyük Britaniya ilə Azərbaycan arasında incəsənət sahəsində güclü maraq var. Britaniya Şurası Birləşmiş Krallığın xaricdəki mədəni əlaqələr üzrə əsas milli agentliyi kimi burada mühüm rol oynayır. Onların rolu belədir: “Biliyin, ideyaların və təcrübənin mübadiləsi ilə dünyada insanlar və cəmiyyətlər arasında inam, hörmət və anlayış qurmaq”. Düşünürəm ki, onların bu üçün Bakıda yaxşı perspektivləri və imkanları var. Məsələn, mən Britaniya Şurası ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında teatr sahəsində əməkdaşlığın inkişafını maraqla izləyirəm. Britaniya Şurası burada həmçinin bir sıra qurumlarla film ssenariləri yazanlara treninqlər keçmək sahəsində əməkdaşlıq edir. Bundan başqa, ötən ilin dekabrında Bakıda Britaniya film festivalı keçirildi. Yəqin ki, siz məşhur heykəltəraş Toni Kraqın Heydər Əliyev Mərkəzində açılan heyranedici sərgisini diqqətdən qaçırmayıbsınız. Britaniyanın aparıcı heykəltəraşının işlərindən ibarət kolleksiya həqiqətən bu gözəl binaya yaraşır. İnsanla insan səviyyəsində mübadilənin başqa bir sahəsi insanların idmanda bir-birilərini necə görmələridir. Biz bunu da mədəni əlaqələrin bir növü hesab edirik. Lakin idman təsir hədəf üçün güclü qüvvədir. İnanıram ki, “Bakı Avropa Oyunları - 2015” çoxlu diqqəti, həyəcanı Azərbaycanın üzərində cəmləşdirəcək. Fikrimcə, bu, ölkəniz üçün mühüm bir imkan şansdır. Ümid edirəm ki, 2012-ci ildə London Yay Olimpiadası zamanı mənim ölkəmin yaşadığı sehrli Olimpiya effekti Azərbaycanda da özünü göstərəcək.

- Cənab səfir, sizcə, mədəni əlaqələri inkişaf etdirmək üçün daha hansı addımlar atmaq lazımdır? Ümumiyyətlə, Böyük Britaniyanın Bakıdakı səfirliyi bu sahədə əməkdaşlığa dərəcədə maraq göstərir?

- Mən Azərbaycanda insanların Britaniya haqqında daha çox şey bildiklərini görməkdən məmnun olardım. Bu günlərdə Uilyam Şekspirin 450 illik yubileyini keçirdik. Mən gördüm ki, tamaşaların bəziləri məktəblər tərəfindən səhnələşdirilib. Eyni zamanda Birləşmiş Krallıqda Azərbaycanın bu günü ilə bağlı yüksək səviyyədə məlumatlandırma işləri aparılır. Ümid edirəm ki, bu təşəbbüsləri birlikdə dəstəkləyə biləcəyik. Bu mənada 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsinin çox böyük rolu oldu. Avropa Oyunları - 2015” öz növbəsində daha böyük rol oynayacaq. Azərbaycan incəsənətinin Britaniyada tanıdılması istiqamətində maraqlı layihələr həyata keçirilir. Bunlardan biri Buta Art”ın Londonda keçirdiyi incəsənət təşəbbüsləridir. Universitetlərlə əməkdaşlıq ortaq tədqiqatlar da vacibdir. Uğurlu sənədli filmlərin çox təsiri ola bilər Birləşmiş Krallığa gedən hər bir tələbə oraya öz mədəniyyətini daşıyır. Xoş məramlar üzərində qurulan mədəni əlaqələr uzunmüddətli işin bu sahədə çoxlu iştirakçıların əməyinin nəticəsidir.

Səfirliyimizin mədəni əlaqələrlə bağlı təşəbbüslərinə gəlincə, bu sahədə çalışırıq. Səfirlikdə mədəniyyət departamenti yoxdur. Bu vəzifəni Britaniya Şurası yerinə yetirir. Qurumun direktoru həm səfirliyin mədəniyyət attaşesidir. Britaniya Şurası ayrı bir təşkilatdır, lakin o səfirliklə əməkdaşlıq istiqamətində işləyir. Səfirlik onun fəaliyyətini dəstəkləyir. Biz tədbirlərdə iştirak edirik, sərgiləri açırıq, Britaniya film festivalına sponsorluq edirik. Ölkələrimiz arasında böyük mədəni əməkdaşlığı təşviq etmək üçün əlimizdən gələni edirik.

- Azərbaycanda olduğunuz müddətdə gəzməli-görməli yerlərə, regionlarımıza səyahət etmək imkanınız olubmu?

- Mən artıq Naxçıvanda, Gəncədə, Qubada, Qusarda Lahıcda olmuşam. Bu səyahətlərdən Azərbaycanın təbii gözəlliklərini görməkdən zövq aldım. Tezliklə Azərbaycanın daha çox yerlərinə səfər etməyi səbirsizliklə gözləyirəm.

- Yəqin burada yaşadığınız müddət həm də sizə insanlar arasında oxşar və fərqli xüsusiyyətləri seçmək imkanı verir. Ölkəmizdə özünüzü necə hiss edirsiniz və insanlarımız sizdə necə təəssürat yaradıb?

- Özümü Azərbaycanda çox yaxşı hiss edirəm. Ümumiyyətlə, dünyada olan bütün insanların eyni olduğuna inanıram. Onların eyni arzuları, ambisiyaları, instinktləri və mədəni əməkdaşlığı mövcuddur. Bu baxımdan, Azərbaycanda yaşamaqdan və işləməkdən məmnunam. Hər kəs çox qonaqpərvər, dostpərvərdir və mən özümü evimdəki kimi hiss edirəm.

- Adətən, böyük ölkələrin səfirlərinin qrafiki sıx olur. Bizim teatr, opera və konsertlərimizə getməyə vaxt tapırsınızmı?

- Həqiqətən də, mənim çox sıx cədvəlim var. Lakin həmişə mədəni tədbirlərə, əyləncələrə vaxt ayırıram. Azərbaycan teatrı, operabaleti öz keyfiyyəti ilə məşhurdur. Sonuncu dəfə getdiyim tamaşa Fikrət Əmirovun “1001 gecə” baletidir. Ondan böyük zövq aldıq. Mən həmçinin məşhur Azərbaycan opera müğənnisi Fidan Hacıyevanın ifasına heyran oldum. Onun kraliçanın doğum günü münasibətilə bağlı keçirdiyimiz tədbirdə iştirak etməsi məni məmnun etdi.

- İki ölkənin turizm sektorundakı əlaqələrlə bağlı nə deyə bilərsiniz? Bu istiqamətdəki əlaqələrin perspektivlərini necə görürsünüz?

- Turizm çox vacib sektordur. Bu, Böyük Britaniya iqtisadiyyatının böyük bir hissəsidir və biz çox məmnunuq ki, ölkəmiz azərbaycanlıların səfər etdikləri çox vacib məkandır. Azərbaycanda da turizmin inkişafı üçün böyük potensial var. Məsələn, İçərişəhər gözəl xəzinədir. Bakı bulvarı isə şəhərin döyünən ürəyidir. Şahdağdakı qış kurortu keyfiyyətin zirvəsidir və mən eyni zamanda Qubada yeni yaradılan qolf kurortu ilə bağlı da yaxşı rəylər eşitmişəm. Beləliklə, əminəm ki, zövq almaq üçün bu ölkəyə daha çox adam səfər edəcək. Lakin bunun üçün viza rejimini sadələşdirmək lazımdır. Ümumiyyətlə, bəzi dəyişikliklər turizmin inkişafına kömək edərdi.

- Milli mətbəximizlə aranız necədir?

- Sizin milli mətbəxinizi çox bəyənirəm. Azərbaycan mətbəxi öz dadlı yeməkləri ilə sizin qeyri-maddi mədəni irsinizin xəzinəsidir. Mən qutabın böyük azarkeşiyəm. Dolmanı, plovu da xoşlayıram. Ümumiyyətlə, Azərbaycan mətbəxindən o qədər zövq almaq olar ki, mən həmişə daha yeni yeməklər kəşf etməyə can atıram. Azərbaycanın təbii məhsulları, xüsusilə də, xiyar, pomidoryerkökü çox dadlıdır. Bir sözlə, mətbəxinizi daha çox dadmaq, kəşf etmək istəyirəm, lakin çox çəki almaq bir çoxları kimi mənimdə ən böyük problemlərimdən biridir.

 

Mehparə

Mədəniyyət.- 2014.- 28 iyun.- S. 7.