Vətən qəhrəman
övladlarını unutmur
“Milli Qəhrəmanlar” sənədli
filmlər həftəsi yekunlaşdı
Xəbər
verdiyimiz kimi, 26 İyun - Azərbaycan Silahlı Qüvvələri
Günü münasibətilə Mədəniyyət
və Turizm Nazirliyi, rayon mədəniyyət və turizm
şöbələri və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidməti idarəsinin təşkilati dəstəyi
ilə “Milli Qəhrəmanlar” sənədli filmlər
həftəsi keçirilib. Həftə ərzində
11 sənədli film nümayiş
olunub.
“Xatirələrdə
yaşayan ömür”
İyunun 25-də paytaxtdakı Nizami Kino Mərkəzində Milli Qəhrəman Məzahir Rüstəmova həsr edilmiş “Xatirələrdə yaşayan ömür” filminin təqdimatı keçirilib.
Tədbir Xalq artisti Mübariz Tağıyevin ifasında “Vətən bölünməz, şəhidlər ölməz” mahnısı ilə başlayıb. Sonra Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidməti idarəsi rəisinin müavini Cəmil Xəlilov çıxış edərək Məzahir Rüstəmovun keçdiyi həyat və döyüş yolundan danışıb.
Bildirilib ki, 1960-cı ildə Bakıda ziyalı ailəsində dünyaya gələn Məzahir Rüstəmov Nizami rayonundakı 32 nömrəli məktəbi bitirdikdən sonra BDU-nun tarix fakültəsində təhsil alıb. Təhsilini fərqlənmə diplomu ilə başa vuraraq əvvəl Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant, sonra isə Mətbuat və İnformasiya Nazirliyində şöbə müdiri işləyib.
Ermənistanın ölkəmizə təcavüzü onu könüllü olaraq milli ordu sıralarına gətirib çıxarıb. Şınıx cəbhəsində döyüşlərdə qəhrəmanlıq göstərir, cəsur komandir kimi tanınır. 1992-ci il avqustun 6-da erməni qüvvələri mühüm strateji yer olan Mutudərəni ələ keçirmək üçün güclü hücuma keçirlər. Son nəfəsinədək döyüşən komandir düşmən qüvvələrini yaxına buraxır və əl qumbarası ilə özü ilə bərabər xeyli erməni quldurunu da məhv edir.
İgid döyüşçü Məzahir Rüstəmov Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 fevral tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Oxuduğu 32 nömrəli məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanın adını daşıyır, onun Gədəbəy rayonunda tuncdan büstü ucaldılıb.
Tədbirdə Milli Qəhrəmanın atası, professor İzzət Rüstəmov və anası Rəfiqə Rüstəmova övladları ilə bağlı xatirələrini bölüşüblər, tədbirin təşkilatçılarına və filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq ediblər.
Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, ekran əsərləri dövlət sifarişi ilə “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyalarında çəkilib. Sonda rejissor Tofiq Məmmədovun “Xatirələrdə yaşayan ömür” adlı sənədli filmi nümayiş olunub.
“Mübarizlik
zirvəsi”
İyunun 25-də Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir və Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” studiyasının Milli Qəhrəman Mübariz İbrahimov haqqında çəkdiyi filmin təqdimatı olub.
Əvvəlcə ümummilli liderin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamları, Biləsuvara səfərlərini əks etdirən ekspozisiya ilə tanış olublar.
Tədbiri Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev açaraq Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə danışıb, ulu öndər Heydər Əliyevin bu sahədə tarixi xidmətlərindən söz açıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ordumuz gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Milli Qəhrəman Mübariz İbrahimov kimi qəhrəmanların rəşadəti bu döyüşkənliyin bariz nümunəsi kimi səciyyələndirilib.
Müdafiə Nazirliyinin idarə rəisinin müavini Abdulla Qurbani Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş sənədli film barədə öz fikirlərini bölüşüb.
Sonra “Yaddaş” studiyasının rejissoru Rəşad Qasımovun “Mübarizlik zirvəsi” filmi təqdim olunub.
Qəhrəmanın atası Ağakərim İbrahimov oğlunun xatirəsinə göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Mərasimin sonunda hərbi xidmətdə fərqlənən zabit və əsgərlərin bir qrupuna fəxri fərman və hədiyyələr təqdim olunub.
Ağdamın qəhrəman
oğulları haqqında iki film
Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında Azərbaycanın Milli qəhrəmanları Asif Məhərrəmov və Allahverdi Bağırova həsr edilmiş “Haqqa söykənən həyat” və “Qartal qamətli qəhrəman” sənədli filmlərinin təqdimatı olub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında lentə alınmış hər iki filmin rejissoru Zamin Məmmədovdur.
Mərasimdə rayonun rəhbər işçiləri və ictimaiyyətin nümayəndələri, Milli qəhrəmanların ailə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raquf Məmmədov Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Qarabağ müharibəsinin ağrılarını çiyinlərində daşıyan Ağdam rayonunun düşmənə qarşı savaşda minlərlə şəhid verdiyini deyən icra başçısı torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra təqdimatları keçirilən filmlərin qəhrəmanları haqqında məlumat verilib.
Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayan andan torpaqlarımızın müdafiəsinə qalxaraq Ağdam könüllü özünümüdafiə taborunu yaradıb. 1992-ci ildə onun rəhbərliyi ilə Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik kəndləri düşməndən azad edilib. Ölkə Prezidentinin 1992-ci il 7 dekabr tarixli fərmanı ilə Asif Məhərrəmov “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Müharibədən sonra səhhəti ağırlaşan A.Məhərrəmov müalicə üçün Yalta şəhərinə gedib və 1994-cü il iyulun 1-də orada vəfat edib. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə qəhrəman döyüşçünün cənazəsi Vətənə gətirilərək Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Paytaxt küçələrindən birinə Asif Məhərrəmovun adı verilib.
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olub. 1965-ci ildə şəhərdəki 1 nömrəli orta məktəbi bitirib. İdmanla məşğul olub, “Qarabağ” futbol klubunda məşqçi kimi fəaliyyət göstərib.
A.Bağırov 1990-cı ildə Ağdamda könüllülərdən ibarət batalyon yaradaraq, Qarabağdakı azərbaycanlı kəndlərinin müdafiəsində iştirak edib. Onun rəhbərlik etdiyi taborun Xocalı faciəsi zamanı yüzlərlə soydaşımızın xilas edilməsində, həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və əsirlərin azad edilməsində böyük xidməti olub.
1992-ci il iyunun 12-də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndlərinin düşməndən azad edilməsində qəhrəmanlıq göstərən vətənin cəsur övladı gözətçi məntəqəsini yoxlayıb geri dönən zaman avtomobildə minaya düşərək həlak olub. Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Prezidentin 1993-cü il 24 fevral tarixli fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Çıxışlardan sonra Milli Qəhrəmanlar Asif Məhərrəmov və Allahverdi Bağırova həsr edilmiş “Haqqa söykənən həyat” və “Qartal qamətli qəhrəman” sənədli filmləri göstərilib. Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.
"Dostuma məktub"
"Milli Qəhrəmanlar sənədli filmlər həftəsi" çərçivəsində daha bir filmin təqdimatı iyunun 25-də Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" studiyasında rejissor Yefim Abramovun lentə aldığı "Dostuma məktub" sənədli filmi Qubada dünyaya göz açmış Milli Qəhrəman Albert Aqarunova həsr olunub. Təqdimatda rayon ictimaiyyəti iştirak edib.
Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fuad Orucov, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Tariyel İbrahimov, rayonun Ağsaqqallar Şurasının sədri Həsən Günəşli və bir sıra rayon ziyalıları çıxış edərək, belə filmlərin, tədbirlərin əhəmiyyətindən danışıblar. Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid vətən övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək tutulduğunu, ehtiramla anıldığı qeyd edilib.
Sonda "Dostuma
məktub" sənədli
filminin nümayişi
olub.
Mədəniyyət.- 2014.- 28 iyun.- S. 6.