Böyük Xan sənətinin
balaca yolçuları
“İnanıram ki, bu uşaqların sırasından Azərbaycan
muğamının inkişafında
xidmətləri olacaq
xanəndələr çıxacaq”
Xəbər verdiyimiz kimi, Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə iyunun 11-dən
19-dək Bakıda uşaq
musiqi və incəsənət məktəbləri
şagirdlərinin xanəndəlik
ixtisası üzrə
Xan Şuşinski adına II respublika
muğam festivalı keçirilib. Layihə muğam təhsilinin
inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə
ifaçılıq vərdişlərinin
aşılanması, eləcə
də onların dəstəklənməsi məqsədi
daşıyır.
Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbində keçirilən
festivala iki qrup (I qrup - 5 illik təhsil üzrə II-IV siniflər,
II qrup - 5 illik təhsil üzrə V sinif və 11 illik təhsil üzrə VIII-XI siniflər)
üzrə keçirilib.
Festivalda
250-yə yaxın şagird
iştirak edib. İştirakçıların ifa proqramlarına
Azərbaycan xalq mahnıları, bəstəkar
mahnıları və
muğamlar daxil idi.
İyunun 25-də Beynəlxalq Muğam Mərkəzində festival qaliblərinin
mükafatlandırılması və iştirakçıların
yekun konserti keçirildi. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzin direktoru
Vilayət İsmayılov
bu cür festivalların muğam sənətinin inkişafına
müsbət təsirindən
danışdı. Bildirdi
ki, qalibləri peşəkar muğam ifaçıları seçib:
“Ölkəmizdə digər
sahələrə olduğu
kimi, mədəniyyətə,
incəsənətə, xalq
yaradıcılığına, muğama da böyük qayğı və diqqət göstərilir. Prezident İlham Əliyev
və Azərbaycanın
birinci xanımı,
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mədəniyyətimizin
tanıdılması, təbliği
və inkişafı naminə böyük işlər görürlər.
Bizim də bu festivalı
keçirməkdə məqsədimiz
zəngin tarixə malik muğam sənətimizin inkişafına
çalışmaqdır. İstəyirik ki, belə festivalları davamlı olaraq keçirək.
Bu festival iştirakçıların
muğam sahəsinə
daha ciddi yanaşmalarına stimul verəcək. İnanıram ki, bu uşaqların
sırasından Azərbaycan
muğamının inkişafında
xidmətləri olacaq
xanəndələrimiz yetişəcək”.
Mərkəzin təhsil şöbəsinin
müdiri Natiq Mustafayev mədəniyyətin
təbliğində musiqinin
önəmli rolundan danışdı. Qeyd olundu ki, ölkəmizdə musiqi, incəsənət təhsili
sahəsində uğurlu
addımlar atılmaqdadır.
Keçirilən müsabiqələr, sərgilər, festivallar Azərbaycan mədəniyyətinin
inkişafının təmin
olunması məqsədi
daşıyır. Bu uşaqların çıxışları
da muğam sənətimizin gələcəyinin
işıqlı olduğunu
göstərir.
Xan Şuşinski adına
fondun rəhbəri, festivalın münsiflər
heyətinin üzvü
Bəyimxanım Verdiyeva
əsrlərin sınağından
uğurla çıxıb
bu günümüzə
gələn Azərbaycan
muğam ifaçılığının
dünyanın mədəni
irs siyahısında öz layiqli yerini aldığını
vurğuladı.
Münsiflər heyətinin sədri
- Xalq artisti Aygün Bayramova, münsiflər - Xalq artisti Zabit Nəbizadə,
əməkdar artistlər
Gülyaz Məmmədova
və Firuz Səxavət çıxış
edərək uşaqların
muğamın sirlərinə
yiyələnmələri üçün
daim yardımçı
olacaqlarını dilə
gətirdilər, onlara
bu sahədə uğurlar arzuladılar.
Daha sonra müsabiqənin qaliblərinə
diplom və qiymətli hədiyyələr
təqdim olundu. Beynəlxalq festivallar
laureatı “Aypara”
instrumental ansamblının müşayiəti ilə
qalib iştirakçıların
ifasında konsert proqramı təqdim olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 28 iyun.-
S. 5.