Kino turizmin təbliğində çox vacib vasitədir

 

İyunun 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Bakı beynəlxalq turizm filmləri festivalının açılış mərasimi oldu.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizdə artıq ikinci dəfə festivalın keçirilməsi çox sevindirici haldır: «Ötən il Bakıda I beynəlxalq turizm filmləri festivalı keçirildi. Ötən müddət ərzində dünyanın müxtəlif ölkələrində bir çox festivallar təşkil olunub. Amma buna baxmayaraq, Bakıda keçirilən ikinci turizm filmləri festivalına birincidən iki dəfə çox film təqdim olunub. Bu o deməkdir ki, həm ölkələr, həm yaradıcı insanlar Bakıda belə bir festivalın keçirilməsinə öz dəstəyini verir, maraqlı əsərlərini bizim münsiflər heyətinin seçiminə təqdim edirlər».

Azərbaycanda turizmin çox sürətlə inkişaf etdiyini diqqətə çatdıran nazir qeyd etdi ki, əldə olunan nəticələr ölkə Prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir: “Ölkəmizin turizm imkanları bütün vasitələrdən istifadə edilməklə təbliğ olunur. Bu gün dünyanın müxtəlif ölkələrində yayımlanan televiziya kanallarında, beynəlxalq sərgilərdə, tədbirlərdə Azərbaycanın turizm potensialı haqqında geniş məlumatlar verilir. Amma kino sənəti bütün vasitələrdən vacibdir. Çünki kino insanların ürəyinə yol tapan, estetik baxımdan daha dərin və mənalı anlayışların formalaşmasına, daha maraqlı təqdimatların keçirilməsinə zəmin yaradan çox güclü bir vasitədir».

Əbülfəs Qarayev onu da bildirdi ki, nazirlik mədəniyyət və turizm sahələrinin vəhdət halında inkişafına xüsusi önəm verir, o cümlədən ölkəmizin turizm potensialının kino vasitəsilə təbliğatına böyük diqqət yetirilir: «Bakıda ikinci dəfə keçirilən beynəlxalq turizm filmləri festivalı dediklərimə bir nümunədir. Düşünürəm ki, bu festival davamlı olacaq. Münsiflər heyətinə səmərəli, ədalətli və bizim ümumi işimizə xidmət edən qərarlar vermələrini arzulayıram».

Sonra II Bakı Beynəlxalq turizm filmləri festivalı çərçivəsində «Ölkə, region, şəhər» mövzusunda qısametrajlı filmlər nümayiş olundu.

 

Fəxriyyə

Mədəniyyət.- 2014.- 28 iyun.- S. 3.