“İpək Yolu” beşinci dəfə musiqisevərləri Şəkidə bir araya gətirəcək

 

İyulun 1-dən 5-ə qədər Şəkidə “İpək Yolu” V beynəlxalq musiqi festivalı keçiriləcək. Tədbir Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olmaqla, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Milli İrsinə Dəstək Fondunun dəstəyi ilə gerçəkləşəcək.

 

İyunun 27-də Bəstəkarlar İttifaqında festivalla bağlı mətbuat konfransı keçirildi. Tədbirdə ittifaqın sədri, professor Firəngiz Əlizadə, Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova, Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan iştirak edirdi.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festival barədə ətraflı məlumat verdi, musiqi bayramında iştirak etmək istəyən ölkələrin sayının ildən-ilə artdığını bildirdi. Qeyd olundu ki, “İpək Yolu” festivalının konsert proqramlarının tamaşaları açıq havada, qədim Şəkidəki tarixi memarlıq abidələri fonunda keçirilməsi onun mühüm özəlliyidir. Festivalın builki iştirakçıları arasında “Böyük İpək Yolu” ölkələrinə, həmçinin türkdilli xalqlara üstünlük verilib. Tədbirə Hindistanın və Çinin bədii kollektivləri də qatılacaq.

Festival iyulun 1-də Niyazinin məşhur “Rastsimfonik muğamının musiqisi əsasında hazırlanmış balet tamaşası ilə açılacaq. Həmçinin TÜRKSOY-un hazırladığı “Defile-11” proqramı - türkdilli ölkələrin milli geyimlərinin müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən böyük konsert təqdim ediləcək. Bundan əlavə, festivalın sonuncu günündə Rusiyadan Sankt-PeterburqErmitajsimfonik orkestrinin bayram konserti gözlənilir. İstanbulun tanınmış “Modern folk topluluğu” maraqlı proqramla çıxış edəcək. Festival günlərində TÜRKSOY-un Şəkidə keçirilən “Rəssamlar görüşünün iştirakçıları da öz təəssüratlarını tablolarında canlandıracaqlar.

Konfransda digər çıxış edənlər də festivalın əhəmiyyətindən danışdılar. Bildirildi ki, festivalın ev sahibi kimi Azərbaycandan Dövlət Akademik OperaBalet Teatrı, Qədim Musiqi Alətləri Ansamblı, Marionet Teatrı çıxış edəcək, azərbaycanlı vokalçılar öz məharətlərini göstərəcəklər.

Türkiyə səfirliyinin müşaviri Seyid Əhməd Arslan festivalın TRT kanalı vasitəsilə yayımlanacağını diqqətə çatdırdı. Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı “İpək Yolumusiqi festivalının artıq bir brend halına gəldiyini dedi.

 

Mehparə

Mədəniyyət.- 2014.- 28 iyun.- S.2.