“Gözəllik
nuru”
Beynəlxalq
Qadınlar Günü ərəfəsində xanımlara sənət
və musiqi hədiyyəsi
Martın 4-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, «Kukla Art” qalereyasının və Milli Musiqi Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru” adlı layihənin növbəti təqdimatı keçirildi.
Təsviri sənətlə musiqinin, vernisaj və konsertin sintezi olan layihə xanımlara bayram təbrikidir. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin diplomatları iştirak edirdi.
Təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin məzmun və əhəmiyyətindən söz açdı: “Bu axşamın əsas məzmununu gözəllik təşkil edir. Gözəllik bəşəriyyət tarixində qadınların obrazında yaradılıb. Bir çox mahnılar, sənət əsərləri, memarlıq abidələri gözəllikdən güc alaraq ərsəyə gəlib. İnsan həyatında mühüm olan hər bir hadisə onun məhəbbəti ilə bağlıdır. Bu gün zalda çox tanınmış sənət adamlarını görürəm. Gəlin, etiraf edək ki, bu tanınmış simaların uğurlarının arxasında mütləq onları sevən bir qadın dayanır”.
Nazir Beynəlxalq Qadınlar Gününün tarixindən qısa söz açaraq bu bayramın 1970-ci ildən BMT-nin müvafiq qərarından sonra bütün dünyada qeyd edildiyini dedi. Bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu bayram həmişə geniş şəkildə qeyd edilib.
Nazir Azərbaycanda qadına həmişə böyük diqqət və hörmət olduğunu, Şərqdə və Avropada qadına ilk səsvermə hüququnun 1918-ci ildə məhz Azərbaycan Xalq Cümhuriyyətində verildiyini diqqətə çatdırdı: “Müasir dövrümüzdə də qadınlar cəmiyyətdə fəal mövqe tuturlar. Bu gün respublikamızda hər bir sahədə qadınların yeri əvəzolunmazdır”. Əbülfəs Qarayev bütün qadınları qarşıdan gələn bayram münasibətilə təbrik edərək onlara cansağlığı və xoşbəxtlik arzuladı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycan qadının cəmiyyətdəki rolundan, dövlət tərəfindən qadınlara göstərilən diqqətdən geniş söz açdı. Azərbaycanda qadın siyasətinin dövlət siyasətinə çevrildiyini bildirdi. Azərbaycanın tarixində istər keçmiş, istər də müasir dövrdə tanınmış xanımların olduğunu, cəmiyyətimizin siyasi, mədəni və digər sahələrdə seçilən xanımlarla fəxr etdiyini vurğuladı.
Çıxışlardan sonra layihənin musiqi və təsviri sənət təqdimatı oldu. Əvvəlcə kişi ifaçılar xanımlara musiqi çələngi hədiyyə etdilər. Xalq artistləri Murad Hüseynov, Samir Cəfərov, caz triosu, Elçin Şirinov, İslam Qasımov və Tofiq Şıxıyevin ifasında “Sinyaya veçnost”, “My way”, “Unutma məni” və digər əsərlər səsləndirildi.
Tədbirin sərgi bölməsində isə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya və digər ölkələrin rəssamlarının əsərləri nümayiş olundu. Gənc fotorəssamların təqdim etdikləri qadın obrazları xüsusi maraqla qarşılandı.
Rusiyanın ölkəmizdəki səfirliyinin müşavirinin həyat yoldaşı Olqa Qladkova və Argentina səfirinin həyat yoldaşı Marta Quesada öz əsərlərini sərgiyə təqdim ediblər.
Sərgidə “Kukla Art” qalereyasından olan kukla ustalarının işləri xüsusi yer tutur. Ekspozisiyanın konsepsiyasında kukla kompozisiyalarının süjetləri ilə rəsm əsərləri, qrafik vərəqlər, batika və çiçək panelləri həmahənglik yaradır. Pərviz Hüseynov, İrina Qundorina, Fərəh Əliyeva, Tamilla Qurbanova ilə yanaşı, əcnəbi kukla ustalarının əl işləri qadın gözəlliyi və xarakterinin müxtəlifliyini nümayiş etdirir.
Tədbirdə həmçinin qadın rəssamlarımızın Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri, Muzey Mərkəzinin kolleksiyası və ayrı-ayrı rəssamların qadınlara həsr olunmuş əsərləri nümayiş olunur.
Sərgi martın 9-dək davam edəcək.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 2.