2014-cü ilin “Xalq
yaradıcılığı paytaxtları” təqdim olundu
Qəbələ
bu ilin «Əfsanələr
paytaxtı», Balakən «Folklor paytaxtı»,
Abşeron rayonu isə
«Sənətkarlıq paytaxtı»dır
Martın 4-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» Proqramı çərçivəsində 2014-cü ilin “paytaxt”larının təqdimat mərasimi keçirildi.
Əvvəlcə Bakı şəhər musiqi məktəblərinin şagirdləri çıxış edərək gözəl ifaları ilə mərasimə xüsusi ovqat qatdılar.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev layihənin əhəmiyyətindən danışdı. Bildirildi ki, “Xalq Yaradıcılığı Paytaxtları» proqramı bu il yekunlaşır. Ötən dörd ildə üç nominasiya - əfsanələr, sənətkarlıq və folklor üzrə Azərbaycanın 12 rayon və şəhəri “Xalq yaradıcılığı paytaxtı” elan olunub, bölgələrdə müxtəlif səviyyəli tədbirlər, festival və sərgilər keçirilib. Bu tədbirlərin bir qismi daha sonra ənənəvi hal alıb, geniş format qazanıb. 2011-ci ilin «Folklor paytaxtı» Masallıda keçirilən beynəlxalq folklor festivalı, İsmayıllıda keçirilən xalq tətbiqi sənəti sərgisi, Qazaxda keçirilən beynəlxalq aşıq festivalı bu qəbildəndir. Bu tədbirlər Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutur. Hər bir rayon-şəhər “Xalq yaradıcılığı paytaxtı” adını qazanmaq üçün çox böyük işlər görür, bu istiqamətdə yaxşı mənada rəqabət gedir. Qeyd edildi ki, layihə 2014-cü ildə başa çatsa da, bu iş davam edəcək. Bir qədər fərqli nominasiyalar üzrə yeni proqramın qəbulu gözlənilir.
Qeyri-maddi mədəni irs
önəmli istiqamət olaraq qalacaq
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, “Xalq Yaradıcılığı Paytaxtları”nın seçilməsi kifayət qədər müsbət təcrübədir: “Beş il bundan öncə başladığımız layihə yerlərdə böyük maraqla qarşılanır. Azərbaycan dövləti qeyri-maddi mədəni irsin saxlanmasına və qorunmasına çox böyük əhəmiyyət verir. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən milli adət-ənənələrimizin, musiqimizin təbliğinə böyük dəstək göstərilir. Ötən ilin dekabrında Bakıda ilk dəfə olaraq UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirildi. UNESCO-da bu tədbirin Azərbaycanda çox yüksək səviyyədə keçirilməsi qeyd olundu. Sevindirici haldır ki, Azərbaycanın bu quruma təqdim etdiyi nominasiyalar həmişə beynəlxalq ictimaiyyətin dəstəyini qazanır. Bu dəstəyi qazanmaq üçün, sözsüz ki, ölkənin daxilində gedən proseslər ciddi təşkil olunmalı və düzgün istiqamətləndirilməlidir”.
Qeyd olundu ki, qeyri-maddi mədəni irs sahəsində reyestrin formalaşdırılması, yerlərdə keçmiş klubların pilot layihələr çərçivəsində xalq yaradıcılığı mərkəzlərinə çevrilməsi xüsusi əhəmiyyət kəsb edir: “Xalq Yaradıcılığı Paytaxtları” layihəsi bu baxımdan çox önəmlidir. Amma bu o demək deyil ki, tədbirlər yalnız bu rayonlarda keçirilməlidir. Azərbaycanın digər regionlarında qeyri-maddi mədəni irs - folklor, əfsanələrimiz, sənətkarlıq nümunələri diqqət mərkəzində olmalıdır. Biz paralel olaraq Şəkidə, Qəbələdə, Masallıda, Gəncədə, Qubada və s. yerlərdə müxtəlif festivallar keçiririk. Qeyri-maddi mədəni irs bizim üçün önəmli istiqamət olaraq qalacaq”.
Nazir bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş «Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı» bu istiqamətdə işlərə böyük dəstək olacaq: «Azərbaycan xalqının minilliklər boyu formalaşan qədim və rəngarəng qeyri-maddi mədəni irsi xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən nadir bəşəri fenomendir. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti təcrübəsi nəzərə alınmaqla, nazirlik tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində islahatlara başlanılıb. «Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair» Dövlət Proqramının layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür”.
Nazir 2014-cü il üçün Qəbələ rayonunun «Əfsanələr paytaxtı», Balakənin “Folklor paytaxtı» və Abşeron rayonunun isə «Sənətkarlıq paytaxtı» seçildiyini elan etdi. Bildirildi ki, il ərzində bu rayonlarda nominasiyalara uyğun olaraq elmi-praktik konfranslar, dəyirmi masalar, konsert, müsabiqə, festival, sərgi-yarmarka, infotur və digər tədbirlər keçiriləcək.
Sonra nazirliyin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun məsləhətçisi Vüqar Məmmədov «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» proqramının icrası və 2013-cü ildə paytaxt seçilmiş bölgələrdə həyata keçirilmiş işlərin hesabatını təqdim etdi.
Qəbələ, Balakən, Abşeron rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri Ətayə Osmanova, Nəzakət Rüstəmova, İradə Gülməmmədova təmsil etdikləri bölgələrin mədəniyyət və turizm sahəsi, 2014-cü ildə görüləcək işlər barədə məlumat verdilər.
Mərasimdə ötən il “Xalq yaradıcılığı paytaxtı” olmuş Xaçmaz, Zaqatala, Göygöl rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri Nazim Ağayev, Zümrüd Ağakişiyeva və Şərqiyyə Hümbətovaya illik tədbirlər planının icrasında məqsədyönlü fəaliyyətlərinə görə nazirliyin fəxri fərmanı təqdim olundu.
Sonda 2014-cü il üçün Qəbələnin «Azərbaycanın əfsanələr paytaxtı», Balakənin «Azərbaycanın folklor paytaxtı» və Abşeronun «Azərbaycanın sənətkarlıq paytaxtı» elan edilməsi ilə bağlı xatirə kubokları və fəxri diplomlar təqdim edildi, xatirə şəkli çəkildi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 3.