Kinolentə həkk olunmuş rənglər dünyası

 

Xalq rəssamı Məmmədağa Hüseynovun 85 illiyi qeyd olundu

 

Martın 4-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə Dövlət Film Fondunda Xalq rəssamı Məmmədağa Hüseynovun 85 illiyi qeyd edildi.

İştirakçılar əvvəlcə görkəmli rəssamın kino yaradıcılığına həsr olunmuş fotosərgi ilə tanış oldular. Mərasimdə sənətkarın bədii tərtibat verdiyi filmlərdən bəhs edən videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev Məmmədağa Hüseynovu istedadlı müəllim, yüksək insani keyfiyyətlərə malik şəxsiyyət kimi xarakterizə etdi. Qeyd olundu ki, rəssamın böyük kino xadimlərimizlə bərabər yaratdığı filmlər Azərbaycan kinosunun şah əsərlərindəndir.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə görkəmli rəssamın quruluş verdiyi filmlərdən, milli kinomuzun inkişafında göstərdiyi xidmətlərdən söz açdı. Məmmədağa Hüseynovun və ailəsinin sovet dövründə yaşadığı çətin həyatdan, sürgün olunmasından danışdı. Onun kino sənəti ilə yanaşı, gənc rəssamların yetişməsində xidmətləri də qeyd olundu.

Digər çıxış edənlər istedadlı sənətkar haqqında xoş xatirələrini bölüşdülər.

Məmmədağa Hüseynov 1956-cı ildən ömrünün sonunadək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb. “Kölgələr sürünür”, “Ögey ana” (Elbəy Rzaquliyevlə birgə), “Dağlarda döyüş”, “Bizim Cəbiş müəllim” və s. filmlərə bədii tərtibat verib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 4.