Azərbaycan və Fransa arasında mədəni əlaqələr müzakirə edilib

 

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 27-də Fransa İncəsənət Akademiyasında görkəmli Azərbaycan rəssamı Tahir Salahovun sərgisinin açılışı ilə əlaqədar Parisdə səfərdə olub. Səfər əsnasında Əbülfəs Qarayev Fransanın mədəniyyət və kommunikasiyalar naziri xanım Aureli Filippetti ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Əbülfəs Qarayev 2007-ci ildə imzalanmış ikitərəfli sənədlərin, xüsusilə kitabxanamuzey işi sahəsində sazişlərin uğurla həyata keçirildiyini vurğulayıb və bununla əlaqədar Fransa tərəfinə minnətdarlığını bildirib. Nazir mədəniyyətin digər sahələrində, o cümlədən Fransanın böyük təcrübəsi olan mədəni irsin qorunması, kinematoqrafiya və ədəbiyyat sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsini, Azərbaycanın Fransada və Fransanın Azərbaycanda mədəniyyət ilinin yaxud mövsümünün keçirilməsini təklif edib.

Görüş zamanı hər iki nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsində dəstəyini xüsusilə vurğulayıblar.

Bakıda keçirilən ənənəvi beynəlxalq teatr konfranslarından bəhs edən Əbülfəs Qarayev bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsini təklif edib. Nazir 2015-ci ildə bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Fransanın iştirakının vacib olduğunu bildirib və xanım Filippettini bu tədbirə dəvət edib.

Əbülfəs Qarayev Fransanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədri olmasını nəzərə alaraq, ölkələrimiz arasında bu cür qarşılıqlı mübadilələrin əhəmiyyətini diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 5.