“Əsrlərin qovuşuğunda”
Görkəmli rəssam Tahir Salahovun Parisdə fərdi sərgisi
Xəbər verildiyi kimi, fevralın 27-də Parisdə, Fransa İncəsənət Akademiyasında görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb.
Sərgi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Azərbaycanın birinci xanımı əvvəlcə Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olub. Akademiyanın daimi katibi Arno Dotriv bildirib ki, 1662-ci ildə əsası qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar ölkənin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı layihələr və elmi araşdırmalar həyata keçirir.
Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük marağın olduğunu və bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını deyib. O qeyd edib ki, Fransa Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil sərginin əsas qayəsini təşkil edir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndirib. “Fransa İncəsənət Akademiyasında ilk dəfə Azərbaycan rəssamının sərgisi açılır”, - deyən nazir görkəmli fırça ustasının yaradıcılığının bütün bəşəriyyətə məxsus olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Parisdə sərgilənən əsərlər bir daha Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.
Xalq rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq edib, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb. Sərginin açılışını həyatının ən unudulmaz günlərindən birinə çevrildiyini deyən Tahir Salahov əsərlərinin Fransa İncəsənət Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirib.
Sonra qonaqlar - Fransanın mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi ilə tanış olublar.
Dünyanın mədəniyyət mərkəzlərindən olan Parisdə Azərbaycan rəssamının sərgisinin açılması sənətsevərlərə məşhur fırça ustasının yaradıcılığına bir daha nəzər salmaq imkanı verib. Bu həm də Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bir neçə ay öncə 85 yaşını qeyd edən, ömrü boyu Azərbaycanı dünyada yüksək səviyyədə təmsil etmiş Xalq rəssamı, “İstiqlal” və “Heydər Əliyev” ordenli Tahir Salahov bu sərgisi ilə xalqımızın malik olduğu yüksək mədəni dəyərləri bir daha Qərb tamaşaçılarının diqqətinə çatdırıb. Parisdə açılan sərginin bir özəlliyi də təbii ki, onun sənətkarlığının dünyəvi mahiyyətə malik olmasıdır. Bu cəhət sərgidə nümayiş etdirilən əsərlərdə də özünü göstərir. Qara Qarayev, Mistislav Rostropoviç, Aleksandr Soljenitsin, Anar kimi məşhur şəxsiyyətlərin portretləri, Parisə həsr olunmuş “Həmişə Eyfel qülləsi ilə” silsilə rəsmləri böyük maraqla qarşılanıb. Rəssamın bəzi əsərlərinin xalça versiyası da sənətkarın daxili zənginliyindən xəbər verir. Bir-birindən fərqli mövzulara müraciət edərək, bu fərqliliyi, Şərq ilə Qərbin sintezini məharətlə əks etdirən rəssam əslində xalqımızın simasını, onun hissini, duyğusunu yaratmağa müvəffəq olub.
Sənətkarlığı ilə
yanaşı, ictimai həyatda da fəal iştirak edən
Tahir Salahov həm də
bir pedaqoq kimi böyük hörmət
qazanıb. 1973-cü ildən SSRİ Rəssamlar
İttifaqının birinci katibi, UNESCO-nun nəzdində
Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, 1997-ci ildən Rusiya
İncəsənət Akademiyasının vitse-prezidenti olan rəssamı
çox zaman “incəsənətin
səlahiyyətli səfiri” də adlandırırlar. Rusiyanın və MDB-nin bir sıra ölkələrinin rəssamlıq
akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət
Akademiyasının, eləcə də 1986-cı ildən Fransa İncəsənət
Akademiyasının müxbir üzvü, onlarla nüfuzlu mədəniyyət təltiflərinin
sahibi olan Tahir Salahovu “Ürəklə
şəkil çəkən rəssam” da
adlandırırlar. Çünki onun əsas sərvəti xalqına
bağlı olan qəlbidir. Qeyd edək ki, Fransa İncəsənət
Akademiyasının Qrafinya Kaen,
LeQuai de Conti zallarında nümayiş
olunan sərgi martın 14-dək davam edəcək.
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 8.