“Azərbaycan
möcüzələri” Nyu-York sərgisində
Bir neçə turizm şirkətini bir araya gətirən «Azərbaycan möcüzələri» («Wonders of Azerbaijan») layihəsi artıq iki aydır ki, ölkəmizin turizm potensialını Birləşmiş Ştatlarda sərgilərdə nümayiş etdirir.
Bu dəfə turizm imkanlarımız fevralın 28-dən martın 2-dək Nyu-Yorkda keçirilən «Nyu-York Tayms» səyahət sərgisində təqdim edilib. Layihə ABŞ ictimaiyyəti arasında ölkəmizin turizm potensialını təşviq etmək, ABŞ turizm şirkətləri ilə əməkdaşlıq quraraq səyahət paketləri təklif etmək məqsədilə həyata keçirilir.
«Azərbaycan - Odlar Yurdu, tolerantlıq diyarı» adı altında keçirilən tədbirdə ölkəmizin zəngin irsi, ləziz mətbəxi, mədəni müxtəlifliyi diqqətə çatdırıb.
Sərgi çərçivəsində ABŞ turoperatorları ilə Amerikadan region ölkələrinə gələcək turist qruplarının səfər cədvəlinə Azərbaycanın da daxil edilməsi barədə razılaşma əldə edilib.
Xatırladaq ki, “Azərbaycan möcüzələri” layihəsinin iştirakçıları olan “AL Travel”, “Caspian Breeze”, “CBT Azerbaijan”, “Express Tours” və “Intour Travel” şirkətləri yanvar-fevral aylarında ölkəmizi Los Anceles, Çikaqo və Vaşinqtonda sərgilərdə təmsil edib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 9.