İto festivalında stendimiz
maraqla qarşılanıb
Martın 2-də Yaponiyanın İto şəhərində açılan
beynəlxalq əməkdaşlıq
festivalında Azərbaycan
stendi iştirakçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
Tədbirdə İto şəhərinin
dünyanın müxtəlif
ölkələrində qardaşlaşdığı
şəhərlər öz
stendləri, milli rəqs və musiqiləri ilə fəal iştirak edirlər. Ötən ilin noyabrında
Azərbaycanın İsmayıllı
rayonu ilə İto arasında dostluq haqqında müqavilənin imzalandığını
xatırladan şəhər
meri Hiromi Tsukuda festivalda ilk dəfə Azərbaycan stendinin də təqdim edildiyini vurğulayıb.
Azərbaycanın Yaponiyadakı səfiri
Gürsel İsmayılzadə
şəhər rəhbərliyinə
və sakinlərə
mehriban dostluq münasibətinə və
əməkdaşlığa görə minnətdarlığını
bildirib, festivalın müxtəlif xalqların
adət-ənənələri və mədəniyyəti
ilə yaxından tanış olmaq üçün əlverişli şərait
yaratdığını deyib.
Diplomat qədim və
zəngin mədəniyyətimiz
haqqında danışıb,
UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına
daxil edilmiş muğam sənəti, Novruz bayramı, ölkəmizin turizm imkanları barədə məlumat verib.
Sonra tədbir iştirakçıları
Azərbaycan, İngiltərə,
Fransa, Avstraliya və İtaliya səfirlikləri tərəfindən
hazırlanmış stendlərlə
tanış olublar.
Azərbaycan səfirliyinin hazırladığı
stenddə milli adət-ənənələrimizi, Bakı mənzərələrini
əks etdirən eksponat və rəsm əsərləri,
ölkəmiz haqqında
yapon dilində müxtəlif nəşrlər,
“İRS-İsan” jurnalının
nömrələri, İsmayıllı
rayonundan gətirilmiş
ərzaq məhsullarının
və şərabların
nümunələri tədbir
iştirakçılarına təqdim edilib.
Tədbir iştirakçıları Azərbaycan
stendinin yüksək səviyyədə təşkil
olunduğunu xüsusi
qeyd edib, İsmayıllı balının,
çərəzlərin və
şərabların dadına
baxıblar.
Qeyd edək
ki, ötən həftə ölkəmiz
paytaxt Tokionun Mequro rayonunda keçirilən analoji festivalda da təmsil
olunmuşdu.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 9.