Turizm İnstitutu
beynəlxalq əlaqələr meridianlarında
“Dövlət
Strategiyasının tələblərinə uyğun
olaraq ATİ beynəlxalq təhsil məkanına
inteqrasiya edir”
Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim, təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılmasını nəzərdə tutur.
Azərbaycan Turizm İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəhla Əhmədovanın sözlərinə görə, bu strateji istiqamətlərin reallaşdırılması qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və milli-mənəvi dəyərlərə uyğunlaşdırılaraq uğurlu tətbiqinə zəmin yaradır. Şöbə müdiri deyir ki, ölkənin ən gənc ali məktəblərindən olan ATİ yarandığı gündən beynəlxalq əməkdaşlığa xüsusi önəm verir: «Dövlət Strategiyasının qarşıya qoyduğu tələblərə müvafiq olaraq institutumuz beynəlxalq təhsil məkanına inteqrasiyanı başlıca vəzifələrdən biri kimi görür. ATİ ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr təhsil pilləsi üzrə imzalanmış müqaviləyə əsasən ötən tədris ilində 15 nəfər hər iki təhsil müəssisəsinin diplomunu əldə edib. 2013-2014-cü tədris ilində bakalavr pilləsi üzrə 31, magistratura pilləsi üzrə 18 nəfər bu proqramda oxumaq şansı qazanıb. Akademik müqavilənin şərtlərinə əsasən tələbələr üç tədris ili ərzində «Turizm və asudə vaxt menecmenti proqramı» üzrə ingilis dilində təhsil alırlar. İndiyədək ATİ-nin 72 məzunu bakalavr pilləsi üzrə Azərbaycan-Avstriya Turizm Proqramını uğurla başa vurub. Hazırda məzunlarımız «Hilton Baku», «Four Seasons», «Jumeirah Bilgah Beach», «Marriotte Absheron», «Fairmont», «Kempinski Badamdar», eləcə də «Şahdağ» Qış-Yay Turizm Kompleksinin hotellərində çalışırlar».
ATİ-nin məzunlarından
bəziləri xarici ölkələrdə
işləyir və ya təhsilini davam etdirirlər: «Maldiv
adaları, Birləşmiş Ərəb Əmirliyi kimi turizmi prioritet
seçən ölkələrdə işləyənlər,
Türkiyə, Almaniya, İsveçrə,
Britaniyada təhsillərini davam etdirənlər var. Avropa İttifaqının Erasmus-Mundus
proqramı çərçivəsində 3 magistrant
tələbə Portuqaliyanın Vyana du Kaştelo Politexnik Universitetində təhsil müddətini
artıq başa vurub.
Ötən il Almaniyada təşkil olunan intensiv yay dil kursunda
14 nəfər iştirak
edib”.
Həmsöhbətim deyir ki, qloballaşma
prosesi müxtəlif dövlətlərin təhsil
sistemində inteqrasiyanı
labüd edir. ATİ-nin
beynəlxalq təşkilatlara
üzvlüyündən danışan
Şəhla Əhmədovanın
sözlərinə görə,
bu, instituta dividentlər gətirir:
«2011-ci ildən Azərbaycan
Turizm İnstitutu Dünya Turizm Təşkilatının «qoşulmuş
üzvü» kimi müxtəlif konfrans, sərgi və toplantılarda iştirak edir. İnstitutumuz ötən il
DTT-nin Manamada (Bəhreyn) keçirdiyi «Turizmdə yeni mədəni üfüqlərin
kəşfi» adlı beynəlxalq konfransda, təşkilatın “İpək
Yolu” İşçi
Qrupunun 3-cü iclasında
(Bakı) rəhbərlik
səviyyəsində təmsil
olunub. Onu da qeyd edək ki, tələbələrimiz
Bakıda keçirilən
ənənəvi AİTF beynəlxalq
sərgisində DTT-nin
stendini qurumun nümayəndələri ilə
yanaşı təmsil
edirlər. ATİ-nin rektoru Cəfər
Cəfərov ötən
ilin avqustunda DTT Baş Assambleyasının
Zimbabvedə keçirilən
20-ci sessiyasında Azərbaycan
nümayəndə heyətinin
tərkibində iştirak
edib. Səfər
zamanı Cənubi Afrika Respublikasında turizm profilli ali təhsil
müəssisələri ilə
ilkin əməkdaşlıq
istiqamətləri müəyyənləşdirilib”.
Şöbə müdiri qeyd etdi ki, ATİ beynəlxalq şəbəkə və təşkilatlar tərəfindən təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, ali təhsil müəssisələri arasında faydalı əlaqələrin qurulması, ölkənin turizm potensialının hərtərəfli öyrənilməsinə dair konfrans və toplantıların iştirakçısı olub. İnstitut 2010-cu ildə əsası qoyulmuş Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun iştirakçısıdır. ATİ bundan sonra da beynəlxalq əlaqələrini genişləndirmək niyyətindədir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 9.