“Macarıstan və
Azərbaycan mətbəxi ilə bağlı kitab
hazırlayıram”
“Düşündüm ki, bizim əlaqələrimiz yaxşıdır, lakin bu sahədə çatışmayan iki dildə bir kitabın olmamasıdır. Mən çox yaxşı yemək bişirə bilirəm. Kitabda hər iki xalqın yeməklərinə, şirniyyatlarına yer veriləcək”.
Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biridir. Hazırda ölkələrimiz istər ikitərəfli, istərsə də Avropa strukturları və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora ilə müsahibəmizdə bu münasibətlərin müxtəlif istiqamətləri, gələcək perspektivlər barədə danışdıq.
- Cənab səfir, Azərbaycanla Macarıstan arasında münasibətlərin bugünkü səviyyəsini necə dəyərləndirirsiniz?
- Macarıstanla Azərbaycan arasında çox yaxşı əlaqələr, strateji tərəfdaşlıq mövcuddur. Sevindirici haldır ki, aramızda hər hansı ziddiyyət, fikir ayrılığı yoxdur və biz bir çox məsələlərdə bir-birimizi dəstəkləyirik. Müxtəlif sahələr üzrə münasibətlərimiz getdikcə dərinləşməkdədir. Dövlət rəsmiləri tərəfindən mütəmadi qarşılıqlı səfərlər əməkdaşlığın inkişafına müsbət təsirini göstərir. Yeri gəlmişkən, bu il Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri gözlənilir.
- Maraqlıdır, səfir təyinatından öncə Azərbaycan haqqında nə bilirdiniz?
- Bura gəlməzdən əvvəl də mən Azərbaycanla işləmişəm. 1999-2004-cü illərdə Macarıstanın Moskvadakı səfirliyində Qafqaz ölkələri üzrə referent kimi fəaliyyət göstərmişəm. Həmin müddətdə Azərbaycana bir neçə dəfə səfər etmişdim. Prezident Heydər Əliyevlə iki dəfə görüşmüşdüm. Hələ o zaman mən belə bir təşəbbüslə çıxış etdim ki, əvvəlcə Azərbaycanda fəxri konsul vəzifəsini təsis edək, sonra isə səfirlik açaq. Üç il öncə Azərbaycana səfir təyin olunarkən mən artıq bu ölkə haqqında çox şey bilirdim. Əlbəttə, ötən müddətdə ölkədə çox dəyişiklik olub, bu inkişafın miqyasını Bakıda da görmək mümkündür. Təzə tiklilər, yenilənən küçə və meydanlar, yollar paytaxtı tamamilə dəyişmiş, onu daha da əsrarəngiz etmişdir. Lakin ən başlıcası odur, insanlar dəyişməyib, əvvəlki kimi xeyirxahdırlar. Hələ Moskvada fəaliyyət göstərdiyim illərdə Gəncə, Lənkəran, Şəkiyə səfərlər etmişdim. Azərbaycan dostpərvər ölkədir və dostluğun dəyəri heç nə ilə əvəz edilmir.
Onu da qeyd edim ki, xalqlarımız arasında qədim köklərə malik qohumluq əlaqələri də mövcuddur, türk dilində olan bir çox sözlər bizim dilimizdə də var. Məsələn, “balta”, “alma”, “ağsaqqal” sözləri bizdə də eyni mənanı daşıyır. Bizim kəndlərdə hələ də ağsaqqal ifadəsi işlədilir. Əsrlər öncə ata-babalarımız bir yerdə yaşadıqlarından bu sözlər də oxşardır. Tarixən əcdadlarımız Macarıstana indiki Qazaxıstan ərazisindən keçməklə Monqolustandan, Çindən, başqa bir tayfa isə Şimali Qafqazdan gəlib.
- Macarıstanın Azərbaycanla əməkdaşlıqda prioritet hesab etdiyi sahələr hansılardır?
- Bizim üçün bütün sahələr - siyasi, iqtisadi, mədəni, idman və s. sahələr olduqca vacibdir. Məsələn, mədəniyyət mənim üçün çox mühümdür. Ona görə ki, özüm Macarıstanda 30 yaşıma qədər rəqslə məşğul olmuşam. Macarıstan xalq rəqslərini, eləcə də slovak, serb, bolqar rəqslərini ifa etmişəm. İndi isə bu mənim hobbimdir. Hesab edirəm ki, mədəniyyət ölkələr və xalqlar arasında körpü rolunu oynayır. Hətta mən bu yaxınlarda AzTV-də rəqslərdən bəhs edən bir verilişdə rəqs də etdim. Əlbəttə, bizim üçün siyasi, iqtisadi sahələr də çox vacibdir. Bildiyiniz kimi, artıq iki ildir ki, Bakıda Macarıstan Ticarət Evi fəaliyyət göstərir.
- Mədəni əlaqələrdən söz düşmüşkən, bir qədər konkretləşdirsək, səfirlik olaraq bu sahədə hansı layihələri həyata keçirirsiniz?
- Ötən ilin may ayında İçərişəhərdə keçirilən festivalda macar mədəniyyətini nümayiş etdirdik. Bu il isə təkcə festivalda iştirak etməklə kifayətlənməyəcəyik, həmçinin Bakıda Macar Mədəniyyət Evi açmaq niyyətindəyik. Bu da mənim təşəbbüsümdür. Paralel olaraq Budapeştdə də Azərbaycan Mədəniyyət Evinin açılmasını istərdik. Müntəzəm olaraq macar musiqiçilərini, rəqqasları ölkənizə gətirmək istərdik. Biz Heydər Əliyev Fondu ilə davamlı şəkildə işləyirik və hazırda maraqlı bir mədəniyyət layihəsi ilə bağlı danışıqlar aparırıq. Fond Macarıstandan qaraçı rəqs qrupunu Bakıya dəvət edib. Qeyd edim ki, Macarıstanda qaraçı rəqsi mədəniyyətin vacib hissəsini təşkil edir. Onlar çox unikal rəqs nümunələri nümayiş etdirir və Azərbaycan tamaşaçılarının bunu görmələrini istərdim.
Sizə kiçik bir sirr də açım, may ayında mən öz kitabımın təqdimatını da keçirməyə hazırlaşıram. Kitabı yazmazdan öncə düşündüm ki, bizim əlaqələrimiz yaxşıdır, lakin bu sahədə çatışmayan iki dildə bir kitabın olmamasıdır. Məlumat üçün bildirim ki, mən çox yaxşı yemək bişirə bilirəm. Hətta bu yaxınlarda televiziyada mətbəxlə bağlı bir verilişin qonağı oldum və canlı efirdə macar yeməyi hazırladım. Yerli kanallar məni öz mətbəx verilişlərinə dəvət edirlər. Mənim xanımım vaxtı ilə iki oğlumuzla məşğul olmaqla yanaşı gecə yarısına qədər işləyirdi. O zaman mən yemək bişirməyə başladım və buna adət etdim. Hətta indi yeməyi xanımdan da yaxşı hazırlayıram. Məsələn, adi iş günlərində - əgər axşamlar hansısa tədbir, qəbul yoxdursa - evə gedib yemək hazırlayıram. Ona görə də qərara aldım ki, yeməklərdən bəhs edən kitab tərtib edim. Macar və Azərbaycan dilində tərtib ediləcək kitabda hər iki xalqın yeməklərinə, şirniyyatlarına yer veriləcək.
Bundan başqa, Bakıda macar rəssamlarının əsərlərindən ibarət sərgi də təşkil etmək niyyətindəyəm. Qeyd edim ki, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə çox sıx işləyirik. Onu artıq 15 ildir ki, tanıyıram. O, xarici işlər naziri vəzifəsində çalışarkən mən Moskvada referent idim və biz görüşmüşdük. O, bizim əlaqələrimizdə çox vacib rol oynayır. Həmişə Azərbaycandan musiqi qruplarını, rəssamları Budapeştə dəvət edir. Mən də öz növbəmdə macar mədəniyyətini azərbaycanlılara daha yaxından tanıtmaq istəyirəm.
- Ölkələrimiz arasında turizm əlaqələri barədə nə deyə bilərdiniz? Bakı-Budapeşt birbaşa hava reysinin açılması qarşılıqlı turizm axınına necə təsir göstərir və ya göstərəcək?
- Düşünürəm ki, turizm çox vacib sahədir. Yuxarıda qeyd etdiyim kimi, xalqlarımız arasında qarşılıqlı sevgi var və son zamanlar çoxlu sayda azərbaycanlı Macarıstana səfər edib. 2011-ci ildə səfirlikdə konsulluq şöbəsi açıldı və həmin ilin birinci yarısında azərbaycanlılara 560 viza verdik. 2012-ci ildə bu rəqəm 1050-yə, ötən il isə 3500-ə çatdı. Əlbəttə, bu, yaxşı göstəricidir və bunlar turizm məqsədli səfərlərdir. Bakı-Budapeşt birbaşa hava reysinin açılması iki ölkə arasında əməkdaşlığın inkişafında olduqca önəmlidir. Ötən ilin iyunundan fəaliyyət göstərən reys vasitəsilə iki ölkədən 14 min nəfər istifadə edib. Qeyd edim ki, Macarıstan 2007-ci ildən Avropa Birliyinin Şengen zonasına daxil olub. Ölkəmizdə turizm sürətlə inkişaf edir. Azərbaycan da turizm baxımından çox vacib regiondur, turizm üçün yaxşı imkanlar var. Təsadüfi deyil ki, 2011-ci il ölkənizdə “Turizm ili” elan olunmuşdu. Turizm baxımından çoxlu maraqlı yerləriniz var. Qəbələ, Şəki gözəl mədəniyyət və turizm məkanına çevrilib. Onlar İsveçrə şəhərlərini xatırladır. Mən məsləhət görərdim ki, Azərbaycanda çimərlik turizmi inkişaf etdirilsin. Biz sizin çimərlikləri çox sevirik.
Onu da deyim ki, fevralın 11-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdüm və ölkələrimizin turizm imkanları haqqında danışdıq. Eyni zamanda mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələsinə toxundum. Macarıstan musiqi nümunələrinin Azərbaycanda tanınması istiqamətində yeni layihələr həyata keçirməyi təklif etdim. Yaxın gələcəkdə macar musiqi kollektivlərinin Azərbaycanda çıxışı da müzakirə mövzusu oldu. Çox şadam ki, nazir bu məsələ ilə bağlı müvafiq dəstək göstəriləcəyini bildirdi. O, eyni zamanda Macarıstanda Azərbaycanla bağlı silsilə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.
- Cənab səfir, aşpazlıq qabiliyyətinizin olduğunu bildirdiniz. Azərbaycan milli mətbəxi ilə aranız necədir?
- Açığı, mən Azərbaycan mətbəxini həm sevirəm, həm də bu yeməklərdən az yeməyə çalışıram. Ona görə ki, Bakıda olduğum müddətdə 10 kilo çəki almışam. Sizin plov, dolma, kabab, salatlarınız çox dadlıdır. Sac yeməyini, desertləri, pomidor və xiyarı xüsusilə bəyənirəm.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Boş vaxtımı ailəmə
sərf edirəm. Mənim sevimli yerim elə
Bakıdır. Hazırda övladlarım Azərbaycanda
deyil. Kiçik oğlum bir neçə il
öncə Bakıda təhsil alsa da, artıq Macarıstandadır. Lazım olanda
ailə üzvlərimiz
bir araya gəlir, Fəvvarələr
meydanına, bulvara və Azərbaycan restoranlarına gedirik.
Macarıstandan gələn qonaqları
da bu yerlərə
aparırıq. Bundan başqa,
müntəzəm olaraq
tədbirlərə dəvət
alıram. Heydər Əliyev
Fondunun dəstəyi ilə keçirilən tədbirləri çox bəyənirəm və məmnuniyyətlə iştirak
edirəm. Onu da qeyd edim ki,
bizim evimizdə Azərbaycan guşəsi var ki, orada
Azərbaycanla bağlı
çoxlu əşyalar,
o cümlədən çay,
armudu stəkan yer alıb.
Mehparə
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 10.