“Şərq və
Qərb arasında”
Məşhur rəssam
soydaşımızın vətəndə ilk
fərdi sərgisi
Martın 6-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətin “İthaf. Şərq və Qərb arasında” adlı fərdi sərgisinin açılışı keçirildi. Hazırda Almaniyada yaşayan soydaşımızın əsərləri ilk dəfə vətənində fərdi sərgidə nümayiş olunur.
Tədbiri Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev açaraq məşhur həmvətənimizin əl işlərinin indiyədək bir sıra ölkələrdə sərgiləndiyini dedi.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında bildirdi ki, Milli İncəsənət Muzeyinin salonlarında bir qayda olaraq klassiklərin, görkəmli sənətkarların sərgiləri keçirilir: “Bu gün Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin böyük bir hissəsinin cəmləndiyi unikal bir binada bizim həmvətənimiz, Əməkdar rəssam, “Tərəqqi” medalına layiq görülmüş istedadlı insan Əşrəf Heybətin fərdi sərgisinə toplaşmışıq. Hesab edirəm ki, Əşrəf də xoşbəxt sənətkardır ki, bu gün onun yaradıcılığına dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu məkanda 100-ə yaxın rəngkarlıq işini nümayiş etdirir. Böyük Səttar Bəhlulzadədən, Böyükağa Mirzəzadədən dərs almış, dövrümüzün sayılıb-seçilən rəssamları ilə bir dövrdə yaşamış Əşrəf Heybət bu gün Azərbaycandan uzaqlarda - Almaniyada yaşayır. Yaşadığı dövlətdə Azərbaycan əxlaqını, mədəniyyətini təbliğ edir. Bu gün cənab nazir Əbülfəs Qarayevin adından da Əşrəf Heybəti təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayıram”.
Millət vəkilləri Rafael Hüseynov, Asim Mollazadə, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və digər çıxış edənlər bildirdilər ki, fərdi sərgilər hər bir sənətkarın həyatında əlamətdar hadisədir. Əşrəf Heybət Şərqlə Qərbi birləşdirən bir rəssamdır. Onun sənətində Şərq və Qərb ülvi şəkildə qovuşur. O, Azərbaycan rəssamlığına Qərb ifadə tərzini gətirən, onu Azərbaycan rəssamlıq ənənələri ilə birləşdirən sənətkardır.
Sonda söz müəllifə verildi. Əşrəf Heybət sərginin təşkilində əməyi keçən qurumlara təşəkkürünü bildirdi. “İthaf” adlı sərgisini doğma vətəninə, dostlarına həsr etdiyini bildirdi. Tədbirə qatılanlar muzeyin 4 zalında rəssamın 100-ə yaxın əsəri ilə tanış oldular. Sərgi martın 19-dək davam edəcək.
Qeyd edək ki, Əşrəf Heybət 1951-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, Tbilisi Rəssamlıq Akademiyasında, daha sonra isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarının bədii tərtibatında iştirak edən rəssam, Moskvada qalıb fəaliyyətini davam etdirərək uğur qazanır. Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və bir sıra ölkələrdə fərdi sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır. Ə.Heybət çox geniş yaradıcılıq diapazonuna malikdir, portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, irihəcmli monumental əsərlərin də müəllifidir. Rəssam 1994-cü ildən Almaniyada yaşayır.
O, Rusiya Rəssamlıq Akademiyasının, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunan rəssamın yaradıcılığında doğma xalqına, vətəninə, onun tarixinə, adət-ənənəsinə bağlılıq daim özünü göstərir.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 2.