İslam Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əlaqələr daha da inkişaf edəcək

 

Qurumla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çərçivə sazişinin imzalanması müzakirə olunub

 

Martın 5-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Əmin Mədəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

İyad bin Əmin Mədənini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edən nazir onun bu statusda ilk səfərlərindən birini Azərbaycana etməsini təşkilatla ölkəmiz arasında münasibətlərin uğurlu inkişafının nümunəsi kimi qiymətləndirdi.

İyad bin Əmin Mədəni ilə daha əvvəl də görüşdüklərini, qonağın ölkəmizə səfər etdiyini deyən Əbülfəs Qarayev Səudiyyə Ərəbistanında Azərbaycanın, Azərbaycanda isə Səudiyyə Ərəbistanının mədəniyyət günlərinin keçirildiyini xatırlatdı: “Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün birgə səylər göstərmişik. Əminəm ki, sizin baş katibliyiniz dövründə İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında, eləcə də quruma üzv olan bütün dövlətlər arasında əlaqələr daha da inkişaf edəcək, ikitərəfli münasibətlərdə müsbət tendensiyalar üstünlük təşkil edəcək”.

Nazir Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı İƏT-in tutduğu prinsipial mövqenin, eyni zamanda “Xocalıya ədalət” kampaniyasına göstərilən dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini xüsusi qeyd etdi. İƏT-in mədəniyyət, turizm, mədəniyyətlərarası dialoq və beynəlxalq sülhün təmin olunmasında çoxşaxəli fəaliyyətinin beynəlxalq siyasətdə mühüm rol oynadığı diqqətə çatdırıldı.

Əbülfəs Qarayev ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə həm mədəniyyət, həm də turizm sahəsində daha səmərəli əlaqələr qurmağa hazır olduğunu vurğuladı və qeyd etdi ki, Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq forumlarda İƏT-i tərəfdaş kimi görmək istəyir: “Bildiyiniz kimi, Bakıda bir çox beynəlxalq tədbirlər keçirilir. UNESCO, İSESCO, Avropa Şurası, Dünya Turizm Təşkilatı və digər qurumlar bu tədbirlərin tərəfdaşıdır. Ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatı da Bakıda gerçəkləşən beynəlxalq tədbirlərin əsas tərəfdaşlarından biri olacaq”.

Səmimi qəbula görə təşəkkür edən İyad bin Əmin Mədəni özünü doğma insanların əhatəsində hiss etdiyini deyib: “Mən Bakıya üçüncü dəfə gəlirəm. Şəhəriniz çox gözəlləşib, inkişaf edib. Azərbaycanın inkişafı bizisevindirir”.

İyad bin Əmin Mədəni İƏT-in baş katibi vəzifəsinə seçkilərdə onu dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirdiqeyd etdi ki, təşkilatla Azərbaycan arasında bundan sonra da uğurlu əməkdaşlığın qurulmasına çalışacaq. O, Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək ölkəmizin İslam aləmində əhəmiyyətli mövqeyə sahib olduğunu dedi. Baş katib vurğuladı ki, İƏT Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində irəli sürülən bütün təşəbbüs və səyləri dəstəkləyir.

Görüşdə Azərbaycan ilə İƏT arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığı genişləndirmək məsələlərinə dair fikir mübadiləsi aparıldı. İyad bin Əmin Mədəni Azərbaycanın fəal iştirakı ilə İƏT ölkələrinin mədəniyyət nazirləri ilə yanaşı, həm də başqa nüfuzlu şəxslərini özündə birləşdirən qurumun yaradılması, İƏT ölkələri arasında mədəni mübadilə, təlim kursları, turizm sahəsində xüsusi layihələrin həyata keçirilməsini təklif etdi.

Əbülfəs Qarayev öz növbəsində bu təkliflərə müsbət yanaşdığını və bu istiqamətdə konkret addımların atılmasının vacibliyini qeyd etdi. Nazir İƏT-in baş qərargahında fotosərginin təşkili, İƏT-lə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çərçivə sazişinin imzalanması, həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılmış mədəni irsə dair xüsusi sənədin qəbul edilməsi təklifini irəli sürdü. Yekunda müzakirə olunan məsələlər barədə konkret əməkdaşlıq planının hazırlanması qərara alındı.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 3.