Əli bəy
Hüseynzadənin 150 illiyinə həsr edilmiş
elmi sessiya
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) böyük mütəfəkkir, ictimai xadim, maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev elmi sessiyanın Azərbaycan Respublikası Prezidentinin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli sərəncamına əsasən keçirildiyini bildirib.
Əli bəy Hüseynzadə XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan və eyni zamanda türk xalqlarına yol göstərən və müxtəlif elm sahələrində dəyərli əsərlər yaradan tarixi şəxsiyyətlərdəndir. Əli bəy Hüseynzadənin mədəniyyət konsepsiyasından danışan rektor onun milli mücadilə tariximizdə misilsiz xidmətləri olduğunu deyib. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışı bilavasitə maarifçi görüşlər üzərində bərqərar olub.
Elmi sessiyada “Əli bəy Hüseynzadə və müasirləşmə paradiqmaları”, “Əli bəy Hüseynzadə və XX əsrin əvvəllərində mədəni-tarixi proses”, “Əli bəy Hüseynzadənin siyasi-ideoloji fəaliyyətində türkçülük-turançılıq prinsipləri”, “Əli bəy Hüseynzadənin rəssamlıq fəaliyyəti” mövzularında məruzələr dinlənilib.
Vurğulanıb ki, görkəmli
mütəfəkkirin düşüncələri bütün dövrlərdə aktualdır. Tədbirdə
Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə
Hüseynzadənin kövrək, səmimi söhbəti
iştirakçıların marağına səbəb olub.
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 4.