Zamanla üz-üzə

 

Müasir musiqi layihəsi çərçivəsində Avstriya bəstəkarı Arnold Şönberqinİntizar” monodramı təqdim olundu

 

İnsan hər ruh halında gözəl və təbiidir, yaşantısında hisslərini ifadə edən təzadlar da başadüşüləndir. Amma ruhun ən təlatümlü anı, ən ağrılı və sarsıdıcı məqamı intizardır, nəyəsə görə çəkilən əzabların son həddidir. Bunu hərə bir cür ifadə edironun təsvirində ən ideal və təbii vasitə olan musiqidən kömək umur.

Martın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə - 3” müasir musiqi layihəsi çərçivəsində təqdim olunan Avstriya bəstəkarı, dirijor, musiqişünas Arnold Şönberqinİntizar” monodramı musiqi, dramaturgiya, gərgin psixoloji durumbütün bunların fonunda bənzərsiz ifadə və təzadla dolu idi.

Dünyanın fərqli bəstəkarlıq məktəblərinin tanınan təmsilçilərini Azərbaycan tamaşaçıları ilə görüşdürən “Zamanla üz-üzə” layihəsi ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-2008-ci illərin konsert mövsümündə reallaşdırılıb. Sonra 2010-2011-ci il sənət mövsümündə davam etdirilib. Ötən ilin dekabrından başlananZamanla üz-üzə - 3” layihəsi bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin bədii rəhbərliyi ilə ənənənin davamı kimi nəzərdə tutulub.

Monodramdan öncə müəllif Arnold Şönberqin (1874-1951) həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu. Yeni Vyana məktəbinin və musiqidə dodekafoniya texnikasının əsasını qoyan bəstəkar həyatının bir hissəsini ABŞ-da yaşayıb. Yaratdığı bəstəkarlıq məktəbi ətrafında bir sıra musiqiçiləri toplayıb, fundamental elmi nəşr və dərsliklərin müəllifi olub. Maraqlı üslubujanra gətirdiyi yenilikləri ilə fərqlənən bəstəkar “PelleasMeliziandasimfonik poeması, “Xoşbəxt əl” birpərdəli operası, piano pyesləri, orkestr üçün variasiyalar, “Erwartung” (“İntizar”) monodramı, simli kvartetpiano üçünNapoleona oda” və digər əsərləri ilə tanınıb.

Bəstəkarın “İntizar” monodramının librettosu ixtisasca həkim olan Marie Pappenheim tərəfindən yazılıb. Əsər 1909-cu ildə hazır olsa da, onun ilk ifası yalnız 15 il sonra, Praqada keçirilən beynəlxalq musiqi festivalında baş tutur. Bu əsər musiqi tarixinə ekspressionizmin kvintessensiyası kimi daxil olub. Bəstəkar yeni yaranmaqda olan və əsasən I Dünya müharibəsindən sonra çiçəklənən alman ekspressionizmini bu əsərdə yetərincə canlandıra bilib.

Böyük orkestrsoprano üçün yazılmış bu əsər Əməkdar incəsənət xadimi Fərəc Qarayev tərəfindən 2004-cü ildə kamera orkestrisoprano üçün işlənib.

Monodramın rejissoru Gerhard Alt, dirijoru Roland Freisitzer, tamaşa boyu nümayiş olunan videonun müəllifi Cohannes Novohradskidir (hər üçü Avstriya). Solist Maribet Diql (ABŞ) idi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər ansamblının müşayiətində təqdim olunan səhnə nümunəsi tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Qeyd edək ki, bu ilZamanla üz-üzə - 3” layihəsində musiqisevərlərə ilk dəfə olaraq daha bir neçə əsər təqdim ediləcək. Bu sıraya XX əsr dünya klassikasının incilərindən sayılan “Əsgərin tarixçəsi” (İqor Stravinski) və müasir rus bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən olan Vladimir Tarnopolskinin “Kölgənin o biri üzü” adlı kamera operası daxildir.

 

Həmidə

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 4.