“Azərbaycan ailəsində
qadının rolu xüsusi
əhəmiyyət daşıyır”
“Qadınlarımız
bütün tarixi
dövrlərdə cəmiyyətimizin inkişaf
etməsinə öz töhfələrini
vermişlər”
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə həmsöhbət olduq. Onunla müsahibəmizdə Azərbaycan qadınlarının cəmiyyətdə və ailədə rolu, dövlətin qadınlarla bağlı siyasəti, eləcə də Azərbaycan ailə modelinin xüsusiyyətləri barədə danışdıq.
- Hicran xanım, Azərbaycanda ailə institutunu necə xarakterizə etmək olar?
- Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər bir insanın, hətta hər bir xalqın özünü təsdiq etməsində və inkişafında ailənin rolu böyükdür. Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Azərbaycan xalqının mentalitetində yüksək qonaqpərvərlik, dostluğa sədaqət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlər mövcuddur. Digər tərəfdən, xalqımızın çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr dərin və sarsılmaz köklərə malikdir. Hər xalqın öz ailə modeli var. Azərbaycanda ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasını müəyyən edir.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan “Azərbaycan ailəsi strategiyası” layihəsinin ilkin variantı dövlət və QHT nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Artıq bizim kifayət qədər mütəxəssislərimiz var ki, onlar ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə beynəlxalq səviyyədə öz təcrübələri ilə bölüşə bilərlər. Misal üçün qeyd etmək istərdim ki, Astanada, Küveytdə keçirilən tədbirdə erkən nikahlar və onların fəsadları, qadın hüquqları ilə bağlı Azərbaycan təcrübəsi öyrənilib. Böyük Britaniyada Beynəlxalq Ailə Gününün (15 may; BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsi ilə qeyd edilir - red.) iyirmi illiyi ilə bağlı nəşr olunan kitabda “Azərbaycan ailə modeli” haqqında geniş məqalə çap olunacaq. Bu, Azərbaycan dövlətinin bu sahədə apardığı düzgün siyasətin göstəricisidir.
- Bu gün Azərbaycan ailələrində qadınlarımız necə rol oynayır?
- Qadınsız heç bir cəmiyyət, sosial təsisat ola bilməz, olsa da, natamam olar. Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Qadın ailənin möhkəmliyini, onun bütövlüyünü qoruyan, yeni nəsli böyüdən, tərbiyə edəndir. Qadın, ana, xanım - triadasının fəlsəfəsi özlüyündə bu rolun mahiyyətini açır. O, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən qadındır. O, dünyaya yeni insan bəxş edən, onu adət-ənənələrimizə, milli dəyərlərimizə uyğun böyüdən, tərbiyə edən anadır. O, cəmiyyətin inkişafında, dövlət quruculuğunda xüsusi rol oynayan xanımdır, vətəndaşdır. Qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, ailədə vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim ehtiramla yanaşmışdır.
- Avropaya inteqrasiya edən Azərbaycanda klassik ailə modelimizi qoruyub saxlaya bilirikmi?
- Bu məsələyə birmənalı yanaşmaq düzgün olmaz. Birincisi, biz Şərqlə Qərbin qovuşduğu coğrafi mövqedə yerləşirik. Buna görə də Avropaya inteqrasiya etsək də, klassik ailə modeli deformasiyaya məruz qalmır. Bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə böyük rəğbətlə yanaşır. Bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bütün bu spesifik xüsusiyyətlərin qabarıq şəkildə özünü büruzə verməsi, təbii ki, xalqımızı digərlərindən yaxşı mənada fərqləndirir. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, bütün bu nəcib keyfiyyətlər xalqımızın qan yaddaşından irəli gələn əxlaq normalarıdır. Bu əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə, həmçinin folklorumuzda qorunur və gələcək nəsillərə ötürülür. İkincisi, ailə institutu dinamikdir. Zamana uyğun olaraq onun bu və ya digər funksiyalarına yeni elementlər daxil olur. Elm və texnologiyanın inkişafının ailəyə, ailə üzvlərinin roluna təsirini misal göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Biz daha çox bu barədə düşünməliyik. Bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli. Sözsüz ki, bu işdə ailənin rolu danılmazdır. Bütövlükdə isə, biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə insan qurduqları ailələrin uzunömürlülüyünü təsdiqləyən “gümüş”, “qızıl”, “brilyant” yubileylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və yaşadılır.
- Dövlətin qadınlarla bağlı siyasəti haqqında nə deyə bilərsiniz?
- Azərbaycan qadınları özlərinin ictimai-siyasi fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində həm Şərq, həm də Qərb dünyası üçün unikal inkişaf yolu seçiblər. Müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 1901-ci ildə məhz Bakıda yaradılmışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə qadınlara seçib-seçilmək hüququ verdi. Bu demokratik qərar ölkədə qadınların ictimai-siyasi, sosial-mədəni aktivliyinin artması üçün impuls rolunu oynayıb. Müasir dövrdə ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə Azərbaycan BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulub. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında", 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamların imzalanması qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün mühüm əsas yaradır. 1998-ci ildə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi təsis edilib. 2006-cı ildə isə Prezident İlham Əliyevin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bəzi ölkələrdə belə dövlət qurumu fəaliyyət göstərmir. Eyni zamanda hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunub. Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük diqqət göstərir. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasında Mehriban xanımın xüsusi təşəbbüsü olmuşdur.
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mədəniyyətimizin təbliğatı istiqamətində də maraqlı layihələrlə çıxış edir. Məsələn, götürək, “Azərbaycan ailəsi” film festivalını...
- Qeyd etmək istərdim ki, ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz çoxdur. Çalışırıq ki, hər il Beynəlxalq Ailə Günü ərəfəsində həmin ailələrin təcrübəsini hamıya nümunə olaraq çatdıraq. Komitənin təşəbbüsü ilə 2008-ci ildən “Ailə bayramı” təşkil edilir. Bu bayramlarda Azərbaycanın rayonlarından 100-dən çox ailə iştirak edir. Həmçinin 2008-ci ildən Heydər Əliyev Fondu Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı keçirilir. Festivalın keçirilməsinin əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin həlli yollarının axtarılması və ailə institutunun inkişafına nail olunmasıdır. Bu filmlərdə, eyni zamanda digər vacib problemlər də öz əksini tapır. Məsələn, erkən nikah, uşaqların, xüsusilə qızların təhsildən yayınması, insan alveri, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə reinteqrasiyası və s. Ötən beş ildə 13-ü xarici rejissorlar tərəfindən olmaqla, təşkilat komitəsinə 140 film təqdim edilib.
- Qadınlarımızla bağlı böyük bir quruma rəhbərlik edirsiniz. Müasir Azərbaycan qadınını necə görmək istərdiniz?
- Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Qadınlarımız bütün tarixi dövrlərdə cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət xadimləri var. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Bu gün xanımlarımız sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarına həmişə nümunədir.
Müasir Azərbaycan qadını həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü olmalıdır. Hər bir qadın ailənin, cəmiyyətin, dünyanın bəzəyidir. Bu nadir bəzəyin qorunması, müdafiə edilməsi, elə dünyanın müdafiəsi deməkdir. Hüseyn Cavidin sözləri ilə desək, “Bəşəriyyət qadınla yüksələcək”. Mən qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı, analarımızı, bacılarımızı, qızlarımızı təbrik edirəm. Onlara cansağlığı, uzun ömür, xoşbəxt həyat, ailə səadəti arzulayıram.
Mehparə Sultanova
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 7.