Azərbaycan multikulturalizmin əsas məkanlarından
biridir
Ölkəmiz bu istiqamətdə
dünyaya örnək ola bilər
Multikulturalizm bir çox növ mədəniyyətlərin
birgə yaşaması, ahəngi, harmoniyasıdır. Nisbətən
yeni termin olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu
xalqımıza xas olan bir anlayış olub. Tarixin bütün dövrlərində Azərbaycan
dini, milli və mədəni dəyərlərə, müxtəlif
dinlərin, millətlərin, mədəniyyətlərin
nümayəndələrinə münasibətinə görə,
sözün əsl mənasında, tolerantlıq nümunəsi
kimi tanınıb. Azərbaycan xalqı
daim ən yüksək dini, mənəvi dəyərlərin
daşıyıcısı olub, eyni zamanda, yanaşı
yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinə
hörmətlə yanaşıb.
Bu baxımdan Azərbaycanın təcrübəsi
multikulturalizm ideyalarının təbliği üçün
çox dəyərlidir. Çünki
multikulturalizm Azərbaycan insanının həyat tərzidir.
İnsan dəyərinin mədəniyyətdən
yüksək meyarı yoxdur
Kulturoloq,
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının
prezidenti, Dövlət İdarəçilik
Akademiyasının professoru Fuad Məmmədovun sözlərinə
görə, multikulturalizm çox gözəl
yanaşmadır və Azərbaycan Prezidentinin bu istiqamətdə
apardığı siyasət dünyada təqdirlə
qarşılanır: “Tarixən Azərbaycan xalqının
yüksək mədəniyyəti imkan verib ki, burada yaşayan
xalqlar daima mehriban münasibətdə olsunlar. Hazırda
bir çox hallarda dünyada mədəniyyətlərin və
maraqların toqquşması baş verir. Nəticədə
münaqişələr yaranır. Bütün
dünya bunun əleyhinədir. Amma Azərbaycan
bu baxımdan çox düzgün yolla gedir.
İnsanın biliyi nə qədər yüksək
olarsa, yaxşı tərbiyə alıbsa, düzgün milli və
bəşəri dəyərlər əsasında inkişaf
edibsə, o, mütləq başqa insanları da sevər, təkcə
özü üçün yaşamaz. Yəni
multikultiralizm şəraitində yüksək mədəniyyətin
sahibi olan insanlar bir-birini daha yaxşı başa
düşür».
Həmsöhbətimiz
deyir ki, Azərbaycanın dövlət başçısı
xalqın və ziyalıların qarşısında vacib bir
strateji məsələ qoyub, bu da ölkəmizdə insan kapitalının
inkişafıdır: «Bu, ilk növbədə yüksək mədəniyyəti
olan insanların inkişafı deməkdir. Çünki
hər bir insan kapitalının nüvəsi onun mədəniyyətidir.
Nə qədər yüksək mədəniyyəti
olsa, insan bir o qədər dəyərlidir. Bu şəraitdə təbii ki, multikulturalizm
inkişaf etsə, yüksək fərdi və sosial mədəniyyətin
hesabına biz ancaq qazanarıq. Hazırda
multikulturalizm problemi həm dünyada, həm də Azərbaycanda
çox önəmlidir. Bu baxımdan Azərbaycan
bir çox başqa ölkələrə də örnəkdir».
Multikulturalizm sahəsində Azərbaycan
nümunəsi
Azərbaycan Respublikasının mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin fikrincə, mədəniyyətlərarası
dialoq və multikulturalizm müasir dünyanın siyasi-humanitar
dəyərlərindəndir. Beynəlxalq münasibətlər
sistemində cərəyan edən proseslər müstəvisində
hər iki amil birmənalı olaraq dünya üçün
siyasi dəyər kəsb edir: «Multikulturalizm dünyada
tolerantlığa, dözümlülüyə, dövlətlərarası
etibarlı münasibətlərə və
bütövlükdə demokratik prinsiplərin beynəlxalq
münasibətlərdə bərqərar olunmasına xidmət
edir. Müxtəlif mədəniyyətlərə
və milli-dini azlıqlara hörmət Azərbaycan
xalqının milli xüsusiyyətidir. Artıq
dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan
nümunəsi öyrənilir».
Mədəniyyət və Turizm Nazirliyi ölkədə
yaşayan milli azlıqlar və etnik qrupların mədəni
dəyərləri, mədəni irsinin qorunub
saxlanılması və inkişafı ilə bağlı
konkret işlər görür. Nazirliyin Mədəniyyət siyasəti
şöbəsinin müdiri Fikrət Babayevin sözlərinə
görə, Bakı şəhərində və
respublikanın bölgələrində 20-dən artıq
müxtəlif mədəni mərkəz, o cümlədən
rus, Ukrayna, kürd, ləzgi, tat, tatar, gürcü, ingiloy,
talış, avar, Ahıska türkləri, yəhudi, alman,
yunan, udin və bir sıra başqa milli icmalar fəaliyyət
göstərir: «UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul
etdiyi «Mədəni özünüifadə müxtəlifliyinin
qorunması və təşviqi haqqında Konvensiya»ya uyğun
olaraq, ölkəmizdə yaşayan milli azlıq və etnik
qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin
tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu
xalqların milli mədəniyyətinin, incəsənətinin,
adət-ənənələrinin və dilinin qorunub
saxlanılması üçün Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən məqsədyönlü
iş aparılır».
Ölkəmizdə müsbət
dünyəvilik modeli qurulub
Azərbaycanda dözümlülük dəyərləri
tarixən milli mədəniyyətin tərkib hissəsi olub və
artıq ənənə halını alıb. Ölkəmizdə
müxtəlif cəmiyyətlərdə mövcud olan
münaqişələrin qarşısının
alınması üçün qrupların öz
maraqlarını önə çıxarması və
azlıqda olanın çoxluq təşkil edənə məcburi
güzəştə getməsi, tolerantlıq və
dözümlülükdən qismən istifadə kimi hallar
olmayıb.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Elşad İskəndərovun sözlərinə görə,
Azərbaycanda həmişə başqa inanclı insanlara
sayğı ilə yanaşılıb,
qarşılıqlı yardımlaşma olub ki, bu da cəmiyyətdə
yaxşı bir həyat üçün dəyərli
töhfə kimi qəbul edilib: «Ölkəmizdə bir
çox hallarda müxtəlif məzhəblərin
daşıyıcıları bir-birilərinə ibadət evlərini
güzəştə gedib. Onlar birlikdə ibadət
ediblər. Hazırda ayrı-ayrı dinlərin
nümayəndələri bir-biri ilə
qarşılıqlı hörmət əsasında əlaqələr
qurur, birgə fəaliyyət göstərirlər. Dövlətin bu sahədə gördüyü
işlər müsbət pozitivlik nümunələri üzərindən
həyata keçirilir. Bu baxımdan Azərbaycan
hökuməti dini icmalara dəstək verərək ölkəmizdə
müsbət dünyəvilik modeli qurub».
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi istər ölkə daxilində, istərsə də
ölkədən kənarda multikulturalizmin təbliği ilə
bağlı müxtəlif tədbirlər keçirir. Komitədən
verilən məlumata görə, bu tədbirlər əsasən
Azərbaycanda yaşayan dini icmalarla birlikdə
reallaşdırılır. Ötən il
Dövlət Komitəsinin, dini icmaların, BMT-nin
Sivilizasiyalararası Alyansının və İSESCO-nun dəstəyi
Milli Tolerantlıq Mərkəzi təsis edilib. Bu
mərkəzin əsas məqsədlərindən biri Azərbaycanda
olan müxtəlif dinlərin, icmaların üzvlərini bir
araya gətirməkdən ibarətdir. Milli
Tolerantlıq Mərkəzi ilk olaraq «Tolerantlıq məkanı
- Azərbaycan» adlı bir layihə həyata keçirib.
Bu layihə çərçivəsində
dünya şöhrətli fotoqraf Rza Diqqəti Azərbaycana dəvət
edilib və o, ölkəmizdə olan mültikulturalizm və
dinlərarası münasibətlərlə bağlı fotosərgi
hazırlayıb. Fotosərgi BMT-nin mənzil-qərargahında,
Avropa Parlamentində və Türkiyədə təqdim olunub.
Milli Tolerantlıq Mərkəzi dini icmaların sosial
layihələrinə dəstək proqramını da
hazırlayıb. Müxtəlif dinə məxsus olan icmalar
bir araya gələrək bir sosial layihədə birləşirlər.
Bu sosial layihələr müxtəlif istiqamətləri
əhatə edir. Burada da əsas məqsəd
Azərbaycanın mövcud dinlərarası münasibətlərə
dair tolerantlıq modelinin dünyaya tanıdılması istiqamətindədir,
eyni zamanda isə ölkədə dinlərarası münasibətlərin
daha da sağlam formada inkişafına bir təkandır.
Bundan əlavə, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi ilə BMT-nin Sivilizasiyalararası
Alyansı arasında fəaliyyət planı üzrə ilkin
razılıq əldə olunub. Bu, Azərbaycanın
mövcud tolerantlıq və multikulturalizm modelinin dünyaya
tanıdılması, bu modelin digər ölkələrdə
tətbiqini nəzərdə tutan bir fəaliyyət
planıdır.
Multikulturalizmin alternativi yoxdur
Ekspertlər multikulturalizmi dünyanın gələcək
inkişafı üçün ən məqbul variant hesab
edirlər. Bu baxımdan Azərbaycan təcrübəsi onu deməyə
əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər,
sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus
töhfələr bəxş edir. Müasir
dövrdə multikulturalizmin əksinə olaraq
özünütəcrid mövqeyi seçən xalqlar və
dövlətlər nəinki inteqrasiya prosesindən kənarda
qalırlar, eyni zamanda bəşəri dəyər və
normalardan təcrid olunurlar.
Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra
İslam ənənələrinə əsaslanan müqəddəs
bayramların qeyd olunmasının bərpa edilməsi, hər
bir vətəndaşa etiqad azadlığından
yararlanmağa maksimum şəraitin yaradılması, eləcə
də müxtəlif millətlərin və dinlərin
nümayəndələrinə istənilən şərait və
şərtlərdə yüksək səviyyəli diqqət
və qayğının göstərilməsi ölkəmizdəki
mövcud humanitar dəyərlərin, münasibət və
meyllərin inkişafına təkan verib. Bu da
Azərbaycanı yüksək səviyyəli dəyərlərin
daşıyıcısı olan müxtəlif xalqlar və
dinlərin nümayəndələrinin mehribanlıq şəraitində
yanaşı yaşadığı məkana çevirib.
Rusiya və
Avro-Asiya Yəhudi Konqresinin vitse-prezidenti, «STMEGİ» fondunun
prezidenti German Zaxaryayevin sözlərinə görə,
müasir Azərbaycanda etnik azlıqların
hüquqlarının müdafiəsi ölkənin siyasi
sabitliyinin təminatıdır. Çoxmillətli və
çoxfunksiyalı respublika olan Azərbaycanın milli siyasəti
bütün etnik qruplar, o cümlədən milli azlıqlar
üçün şəraitin yaradılmasıdır: “Beynəlxalq
təşkilatlar müxtəlif hüquqların müdafiəsi
sahəsi üzrə normativləri müəyyən edən
aktlar, konvensiyalar, hüquqi sənədlər qəbul edir. Ancaq Azərbaycan milli və dini azlıqların
müdafiəsi sahəsində artıq öz normativlərini
hazırlayıb. Azərbaycanda milli
azlıqların hüquqları dövlətin ərazi
bütövlüyü, bərabərliyin təmin edilməsi,
diskriminasiyaya yol verməmək, doğma dil, mədəniyyət
və milli ənənələri saxlamaqla ölkə əhalisinin
bütün qruplarını dəstəkləmək öhdəlikləri
kimi prinsiplərdən çıxış edərək həyata
keçirilir. Bu gün çoxmədəniyyətli
Azərbaycan Respublikasında bu hüquqların həyata
keçirilməsinin nəzəri və praktik baxımdan
kompleks şəkildə öyrənilməsinə ehtiyac var.
Düşünürəm ki, dünya ölkələri Azərbaycanın
təcrübəsini öyrənməlidir”.
“Azərbaycandakı dini və milli
tolerantlığı yüksək qiymətləndirirəm”
Avstriyanın İnnsbruk Universitetinin fəlsəfə
professoru Dr. Hans Köxler deyir ki, Azərbaycanda multikulturalizm
mühiti daha rahat və yaxşı formalaşıb. Onun sözlərinə
görə, ölkə siyasətçiləri bu barədə
yaxşı strategiyaya əsaslanırlar: “Mən 10 ildən
artıq bir müddətdir ki, Azərbaycana gedib-gəlirəm.
Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin
nümayəndələri öz fəaliyyətlərini sərbəst
və rahat bir şəkildə həyata keçirməkdədir.
Onlar öz identikliklərini çox
yaxşı bir səviyyədə yaşatmaq, inkişaf etdirmək
imkanlarına malikdirlər. Buraya müsəlmanlarla
birgə, yəhudilər, xristianlar və digərləri
aiddir.
Azərbaycandakı dini və milli tolerantlığı,
bu sahədə olan azadlıqları çox yüksək qiymətləndirirəm. Ölkənizdəki
icmalar bu baxımdan fəaliyyətlərində sərbəst
və azaddırlar. Gələcəkdə
Azərbaycanla bağlı bu sahədə tədqiqat aparmaq barədə
düşünürəm”.
* * *
Qeyd edək ki, Prezident İlham Əliyevin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyinat olub. Bu bir daha sübut edir ki, multikulturalizmin təbliği Azərbaycanın dövlət siyasətinin ən mühüm və prioritet istiqamətlərindən biridir. Artıq ölkəmiz bu istiqamətdə dünyaya örnək ola bilər.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 10.