Dil və mədəniyyət
festivalının qalibləri mükafatlandırılıb
Martın 4-də Heydər Əliyev Sarayında məktəblilər arasında “Ana dilimizi sevək, sevdirək” devizi altında dil və mədəniyyət festivalının yekun mərhələsi keçirilib.
Festival Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, Anadolu Dil və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev və digər alimlər çıxış edərək ümummilli lider Heydər Əliyevin dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına daim xüsusi önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar.
Festivalın əhəmiyyətindən danışan natiqlər təşkilatçılara təşəkkürlərini bildiriblər.
Məlumat verilib ki, festival çərçivəsində orta məktəblərin VII-XI sinif şagirdləri arasında “Ana dilimizi sevək, sevdirək” və “Beynəlxalq türkcə olimpiadaları - Azərbaycan” respublika müsabiqələri keçirilib. 930 orta məktəbdən 3 mindən çox şagirdin qatıldığı festivalda qaliblər müəyyənləşdirilib.
Sonra I, II və III yerlərin
sahiblərinə mükafatlar təqdim olunub. Bildirilib ki, “Beynəlxalq türkcə olimpiadaları -
Azərbaycan” müsabiqəsinin qalibləri bu
ilin iyununda Türkiyədə
keçiriləcək 12-ci “Beynəlxalq türkcə olimpiadaları”nda
ölkəmizi təmsil edəcəklər.
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 11.