Daim məhəbbətlə xatırlanacaq

 

Nağıla bənzəyən bu dünyada canlı və ya cansız hər nə varsa, onların varlığı ilə yoxluğu arasındakı məsafənin ölçüsü bəlli deyil. Bu yerdə unudulmaz sənətkarımız Bəxtiyar Vahabzadənin “Bir an sonraolacaq, bil görüm” misrası düşür yadıma. Gəlin, dərindən düşünək ki, bir an sonra nə olacağını bilmədiyimiz dünyada yaşayırıq. Bu dünya bizə Tanrının bəxşişi, biz isə bu dünya üçün gəldi-gedərik. Sadəcə bu dünyada hər bir insanın öz qismət payı, öz ömür kitabı var. Ömür kitabı oxunaqlı olanlar daim yaddaşlarda qalırlar. Bu kitabı kimi səsi ilə, kimi sözü ilə, kimi əməlləri ilə maraqlı edir.

Onun da ömür kitabı səsi ilə başlayıb, səsi ilə də sona yetdi. Bu səsi çoxları sevib tanıdığı üçün onu daim xatırlayacaqlar. Oxuduğu nəğmələri başqa ifada eşidəndə belə pərəstişkarları böyük hörmət və məhəbbətlə sənətkar Məhəbbət Kazımovu yad edəcəklər. Onu xatirələrdə yaşadan özünəməxsus səs dünyasıdır ki, bunu Məhəbbətin sənət dünyası da adlandırmaq olar.

Məhəbbət Kazımov sənətə doğulub, boya-başa çatdığı qədim Laçın torpağında qədəm qoymuşdu. Mərd övladlar yetişdirən Laçın sənət dünyasına da laçın kimi qədd-qamətli, şaqraq zənguləli, geniş səs diapazonuna malik bir xanəndə bəxş etmişdi. Lakin yağı düşmən Məhəbbəti Laçından, Laçını da Məhəbbətdən yaman ayırdı. Yurdsuz qalan sənətkar vətən sevgisini yalnız nəğmələri ilə ovundurmağa çalışırdı.

 

Qartal olub göylərində uçum mən,

Bulaq olub torpağında sürünnəm,

Yağış olub düzlərinə çilənnəm,

Yaxıb-yandıranım, Laçınım mənim.

 

Ay aman çətindir torpaq həsrəti,

Uca dağ, sərin su, yaylaq həsrəti,

Ağlayan, sızlayan Həkəri həsrəti,

Sevincim, kədərim, Laçınım mənim.

 

Sanki bu nəğmə ilə o, Laçın torpağının füsunkar təbiətini, öz el-obasının qəhrəmanlığını aləmə bəyan etməyə çalışırdı. Bu mahnı ilə həm vətəninin gözəlliyini, həm də özünün sənətkarlığını ifadə edirdi. Məhəbbət Kazımovun səsindən pərvazlanan daha neçə-neçə mahnılar var ki, onlar daim qulaqlarda səslənərək onun səsini yaşadacaq.

Bir vaxtlar unudulmaz sənətkarımız Gülarə Əliyevanın rəhbərlik etdiyiDan ulduzuinstrumental ansamblı ilə oxuduğu bəstəkar və xalq mahnıları, eləcə də digər ifaları Məhəbbət Kazımovun musiqi xəzinəmizə bəxş etdiyi səs yadigarlarıdır. Deyirlər ki, səs heç zaman ölmür. Çünki yaddaqalan səs insanın ruhuna hopurdaim qulağında səslənir. Respublikanın Əməkdar artisti Məhəbbət Kazımovun səsi də heç vaxt onu sevənlərin qulaqlarından getməyəcək. İlkson məhəbbəti xalqına, vətəninə, torpağına, sənətinə olan Məhəbbət Kazımovun ruhu səsinin qanadlarında pərvaz edərək daim məhəbbətlə xatırlanacaq.

Musiqi ictimaiyyəti adından bir daha sənətkarın ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir, vəfatının 40-cı günündə onu rəhmətlə anırıq. Ruhu şad olsun.

 

Səadət Təhmirazqızı,

 

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 11.