Milli milyonçularımızdan - çox imarətlər yapıb, səxavətlər
göstərib, ümummilli işlər təsis
etsə də, “xəsis” ayaması qazanan Ağamusa Nağıyev
O vaxtlar da - dövlətçiliyimizin olmadığı dövrlərdə də - var-dövlətlilərimiz çox, milli milyonçularımız isə az olub. Bir az da bu səbəbdən ki, günlərinin çoxunu pul sayıb qızıl qalamaqda, eyş-işrətdə, başqasına badalaqda keçirən hədyan “tuz”lar belələrini meydanda tək qoymaq istəyirmişlər. Amma nəticə, o vaxtların dialektilə desək, alayı cür olub: Zeynalabdin-Murtuza-Ağamusa kimi brilyant üçlüklər, digər qızıl-gümüş onluqlar da yaranıb...
Onların doğulduqları XIX əsr özündən öncəkilərə nisbətdə müqayisəedilməz dərəcədə aktiv, ayıq-sayıq, islahat-istehsalati idi. Hər sahədə növbəti yüzilliyə doğru işıq-inkişaf dolu, dirçəliş-yüksəliş havalı yeriş-yürüş vardı. Tanrı-taleyin seçdiyi bu maddi-iqtisadi istedadlılar da həmin işıqdan tutub irəliləyir, “hampa”, “neftxuda” zatlı məhəlli adlar altında “kapitalist”, “maqnat”, “burjuy” kimi dünyəvi terminlərə doğru buyurub millət içrə mənfili-müsbətli sahibkarlıq sinfi bir azı qəlbən, bir çoxu qəlpən ”milli burjuaziya” yaradırdılar.
Bütün əyər-əskiklərilə bahəm, bu zirək, dilli-dirçəkli adamlar dünənki adi, yarımada-yarısəda Bakını, bəzi faktlarda Azərbaycanı inşalayıb tikir, ac qarınları əppəkliyir, qara-qərəmət daxmaları lampalayır, günü bu gün də heyrət və fəxarətlə baxılan ecazkar memarlıq inciləri, mədəniyyət abidələri yapırdılar.
Onlardan biri də -
“Samançı”
idi...
Ağamusa Nağıyev şöhrətli,
var-dövlət səltənətli
bir adam
haqda mətləb-sözümə
niyə “samançı”lıqdan
başlamağımın qırx
səbəbi olsa da, birindən danışım. Bir gün
bir xeyriyyə məclisində Ağamusa
xeyriyyə kəşkülünə
qəpik-quruş atır,
oğlu isə qızıl onluq. Xeyriyyə mərasimində
pıçapıç düşür:
“...ata qəpik-quruş,
oğul isə qızıl onluq!” Mətləb ataya - Ağamusaya çatanda o, sual dolu üz-gözlərə
bu sözləri deyir: “Mən samançı oğluyam,
o isə milyonçu oğlu...”.
Günlər, illər keçir, həmin milyonçu oğlu - İsmayıl vərəmə tutulur. Ağamusaya təklif
edirlər ki, onu müalicə üçün xarici ölkəyə aparsın.
Hətta bunun çər-çarəsini, bütün
get-gəl işlərini
öz boynuna götürən adam da tapılır,
lakin bu işin baha başa gəldiyini bilən milyonçu ata qol qoymur.
Xəstəlik isə günü-gündən
şiddətlənir, o həddə
çatır ki, elə bu məsələ
ilə bağlı “xəsis” adı qazanmağa başlamış
ata həmin məbləği verməyə
razılaşır. Lakin artıq
gec idi. İsmayıl vəfat edir.
Ata isə həmin
vəsaitdən qat-qat
çox pul tökərək İçərişəhərin
qala divarları yanında bütün dövrlərin şedevr abidəsi olan məlum-məşhur binanı
tikdirir. O vaxtlar hamının “İsmailiyyə”
kimi tanıdığı,
məsələdən tam agah
olanların dərin hüzn-kədərlə baxdıqları
binanın özü
1918-ci ildə ermənilərin
atdıqları toplarla
xeyli dağılsa da, təyinatı bolşeviklər tərəfindən
dəyişdirilib “Azərbaycan
SSR Elmlər Akademiyası”na çevrilsə də, əzəmətinə
heç bir müdaxilə mümkün
olmayıb...
Onun tərcümeyi-halında
daha maraqlı və qəribə faktlar, olaylar çox olsa da, onun doğum
ünvanıyla ilgilisindən
başlıyım. “Ağamusa
Nağıyev. 1848-ci il. Bakı quberniyası, Biləcəri
kəndi”. Maraqlı
səslənmirmi, - bugünkü
möhtəşəm, gözəl
və azad Bakı “quberniya”, Biləcəri qəsəbəsi
isə “kənd”...
Atası saman satmaqla məşğul imiş, kənd mollaxanasında ibtidai təhsil almış Ağamusa da onun köməkçisi. 300 manat borcla ölən
ata 25 yaşlı oğlunu tamamilə “quru yurdda” qoysa
da, Ağamusa ruhdan düşmür.
200 manat da
borc edir, balaca bir dükan
açıb, 500 manat
əlborcu ola-ola müstəqil fəaliyyətə
başlayır. Düz
iki il
hər iki mənada başıaşağı
işləyib borcunu qaytarır və parça alverilə məşğul olmağa
başlayır. Beş
il keçmiş
artıq onun 2 min manat mağduru varmış. Bu pula Qara şəhərdə kiçik bir kerosin zavodu alır. Əl ilə işləyən
bu zavodda əməlli-başlı baş
işlədən Ağamusa
“qara qızıl” nişanəli torpaq sahələrini manşırlayıb
neft istehsalına başlayır. Bibiheybət
mədənlərindəki silsilə neft fontanları dünənki
“samançı”nı
əsrin adlı-sanlı
milyonçularından birinə
çevirir.
Çox sürətlə və uğurla milyonçulaşan
Ağamusa tarixin az-para tədqiqatçıların
tam açmadıqları səbəbdən
- ailə məsələsində
sınıqlığa düçar
olur. Uğura gedən yollarda
ona yaxşı həyat yoldaşlığı
etmiş müsəlman
arvadını boşayır.
Həmin
qadından olmuş İsmayılın taleyindən
isə yuxarıda söz açdıq.
Sonradan evləndiyi gürcü qızı (Yelizaveta Qriqoryevna) ilə keçən ömür-günü
də - deyilənlərə
görə - o qədər
də ürəkaçan
olmur. Ancaq qazanc, mal-mülk
bəxti gətirdikcə
gətirir, götürdükcə
götürür. “Cəmiyyəti-Xeyriyyə”
üçün şəhərin
ən mərkəz, ən gəlim-gedim, gözəgəlim yerində,
yuxarıda bəhs edilmiş “İsmailiyyə”ni
və bir çox möhtəşəm
binaları tikdirir, Bakı su (“Şollar”) kəməri üçün xeyli vəsait ayırır.
İllər keçdikcə (oğlunun
müalicəsinə qıymazlığı
ilə ilgili) “əvvəl evin içi, sonra çölü” məsəlinə
yeni gözlə baxan bu kəramət-səxavətli
kişi 28 May küçəsində
(AzərTAC-ın arxasında)
qoşa imarət, kərpiclə ornamentləşdirilmiş
əzəmətli tikili,
Nizami (Opera və Balet Teatrının yanında) və Nigar Rəfibəyli küçələrində unikal
yaşayış binaları,
Səməd Vurğun
küçəsində “Qış
klubu” (indiki “Zabitlər evi”), “Astoriya”, “Yeni Avropa” mehmanxanaları və sair biri-birindən
gözəl, milli tələbat təyinatlı
binalar tikdirir.
“Milli tələbat
təyinatlı” ifadələrini
elə-belədən işlətmədim. O, “I Realnı
məktəb”in şəriksiz
hamisi olmuş, hər il hazırlıq
sinfinə əlavə
25 müsəlman uşağın
qəbulunu təmin etmiş, buradakı anadilli şagirdlərin sayını 50 faizə çatdırmışdı.
Amma... bu qədər kəramət-səxavətli qəhrəmanımız
haqda olan bu yazı, bilmirəm
nədənsə, həmişə
həcmcə geniş
çıxan yazılarıma
nisbətən bu qədər “xəsis” alındı...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 12.