“Hanı
sazım, hanı sənin tellərin?!
Orta əsrlərdən
üzübəri başqa
xalqların nümayəndələri
Azərbaycan dilinin zəngin ifadə-üslub
xüsusiyyətlərinə valeh olub, bu
dildə poetik nümunələr yaradıblar. Poetik imkanlarının
genişliyinə, saz-söz
vəhdətinin münasibliyinə
görə dilimizin vurğunu olan sənətkarlardan biri də milliyyətcə gürcü olan aşıq Şivğa
(Luka Beridze) olub.
O, 1848-ci ildə Ahıska-Axalkələkdə
anadan olub. Atası İoseb Beridze də saz-söz ifaçısı olub, aşıq Ruhani kimi tanınıb. Şivğa da erkən çağlardan
sənətə maraq
göstərib. Müasirləri ona dövrün görkəmli sənətkarı
aşıq Şenliklə
görüşməsini məsləhət
bilirlər. O, ustadın
görüşünə gedir.
Aşıq Şenlik əvvəlcə
Şivğanı imtahan
edir, ifaçılıq
qabiliyyətini yoxlayır.
Sonra ona “Aşıq Qərib” dastanından Təbriz şəhərini
vəsf-tərif etməsini
xahiş edir. Onun bədahətən etdiyi tərif sənətkarın
xoşuna gəlir.
Onu özü ilə dəvət olunduğu bir toy məclisinə aparır. Deyilənə görə, aşıq
Şenlik ona bir at da bağışlayıb.
Aşıq Şenliyin ustadlığı
ilə Şivğa Axalkələk bölgəsinin
ən tanınmış
sənətkarına çevrilir. Özündən sonra gələn bir çox türkdilli gürcü aşıqlarının yetişməsində
əvəzsiz xidmətlər
göstərir.
Onu da qeyd edək
ki, XIX əsrdə və XX əsrin əvvəlində Gürcüstanın
Ahıska-Axalkələk bölgəsində
aşıq Ruhani (İoseb Beridze), Georgi Saraçaşvili, aşıq Levan Tavrişvili, aşıq Yaral Torolaşvili, aşıq Zeyir (Topo Beridze), aşıq Pəktayi və başqaları Azərbaycan dilində şeir qoşub, mahnı oxuyub və dastan bağlayıblar. Bir-birindən maraqlı el şənlikləri
yola veriblər.
Görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslı araşdırmalarında Azərbaycan
dilində şeir yazan və aşıqlıq
edən gürcü sənətkarlar haqqında
yazır: “Bu sənətkarların
zəngin irsi də Azərbaycan aşıq şeiri sənət xəzinəsinə
əlavə edilmiş
sərvətdir. Qafqaz
xalqlarından: ləzgi,
avar aşıq-şairləri
kimi gürcü aşıqları da Azərbaycan dilini çox gözəl biliblər. Aşıq şeirinin müxtəlif
janrlarında gözəl
əsərlər yaradıblar”.
Professor Əzizə Cəfərzadə
də öz araşdırmalarında Azərbaycan
dilində yazan başqa xalqların sənətkarlarının yaradıcılığını
yüksək qiymətləndirir:
“Bu aşıqların yaradıcılığı
şübhəsiz ki,
Azərbaycan və gürcü xalqları arasında elmi-mədəni
əlaqələrin dərinliyi,
möhkəmliyi baxımından
təqdirəlayiqdir”.
Araşdırmalarda o da göstərilir ki, Ahıska-Axalkələk
aşıqlarının sevimli
çalğı aləti
saz olub. Bu səbəbdən onlar kamança, çonqur, skripka, dəf və digər çalğı alətlərindən
istifadə edən tiflisli aşıqlardan ciddi fərqləniblər.
Azərbaycan aşıq sənətinin
ifaçılıq tərzinə
daha çox yaxınlaşıblar. Aşıq Şivğa
da belə sənətkarlardan biri olub. O, yaradıcı
aşıq olsa da, əsərlərindən
çox az
qismi günümüzə
gəlib çatıb.
Əldə olan ən maraqlı əsərlərindən biri
“Sazla deyişmə”dir:
Şivğa:
Hayıf olmuş, pərdələrin
sökülmüş,
Əl dəyməmiş qulaqların
bükülmüş,
Ağ sinəndən qamışların
tökülmüş,
Hanı sazım, hanı
sənin tellərin?!
Saz:
Qış olanda yel səninçün əsərdi,
Barmaqların pərdələrim basardı,
Dostlar söyünərdi, düşmən
küsərdi,
Hanı Şivğam, hanı
sənin əllərin?!
O, çoxşaxəli yaradıcılığında
bəzən dövrün
haqsızlıqlarına qarşı
da səsini ucaldıb, ictimai bərabərsizliklə barışmayıb.
Müəllif “Yoxsulun”
rədifli şeirində
kasıbların acınacaqlı
vəziyyətindən bəhs
edərək yazır:
Zənginin uşağı hər
yana qaçar,
Füqara uşağı
ağzını açar.
Ağzında çibinlər tərsinə
uçar,
İnşallah olacaq, balı
yoxsulun.
Professor Valeh Hacıyev
də araşdırmasında
göstərir ki, aşıq Şivğa ölüm ayağında
yonub-bağladığı telli sazını sinəsinə sıxıb. Başının üstündən on bir saz asılıbmış.
Bu, Şivğanın on bir saz aşığı
üzərində çaldığı
qələbənin rəmzi
olub. Onun saza həsr
etdiyi şeirlər yaradıcılığının ən kövrək və ən incə məqamlarıdır.
Aşıq sazı özünə ən yaxın dost və həmdəm sanıb. Onun üstünə hətta günəş şüasının düşməsini
istəməyib: “Sən
burada qal, vallah, qızıl gün dəyər, əriməyə mən yetərəm, sazımsan...”
Klassik şeirimizdə,
istərsə də folklorumuzda geniş yayılan nəsihətnamə
mövzusu aşıq
poeziyasında da özünü göstərib. Bütün bunlar
aşıq Şivğanın
yaradıcılığında da parlaq şəkildə
özünü göstərib.
Gürcü xalqının Azərbaycan
dilində də qələm çalan aşıq-şairi Şivğa
ömrünün kamillik,
yaradıcılığının coşqun çağlarında,
61 yaşında vəfat
edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 15.