“Lineyn
trilogiyası” artıq səhnədədir
Martın 11-də Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyi ilə British Council (Britaniya Şurası) təşkilatının “Teatr əməkdaşlığı” layihəsi çərçivəsində “Oskar” mükafatı laureatı dramaturq Martin MakDonaxın pyesləri əsasında qurulmuş “Lineyn trilogiyası”nın premyerası keçirildi. Azərbaycan teatr tarixində ilk dəfə olaraq səhnə əsərinin nümayişi üç seansda (saat 12, 16, 19) gerçəkləşdi.
“Teatr əməkdaşlığı” layihəsi Azərbaycan teatrlarında çalışan aktyorların və texniki heyətin peşəkar bacarıq və imkanlarını artırmaq məqsədi daşıyır. Ötən ilin fevralından başlayaraq, Dövlət Gənc Tamaşaçılar Teatrının bazasında Britaniyadan dəvət olunmuş peşəkar işıq rəssamı Maykl Manyon, quruluşçu rəssam Elizabet Kuk və peşəkar teatr rejissoru Yan Uilem Van Den Box kimi mütəxəssislərin iştirakı ilə müxtəlif təlimlər təşkil olunub.
“Lineyn trilogiyası” isə britaniyalı teatr rejissoru Yan Uilem Van Den Box və üç azərbaycanlı rejissor - Ayla Osmanova, Sərvər Əliyev və Gülnar Hacıyeva tərəfindən səhnələşdirilib. Tamaşada 12 aktyor yer alıb.
Qalmaqallı və ifşaedici yumor müəllifi kimi tanınan MakDonax standartları pozaraq, ucqar İrlandiyanın keçmişini və müasir günlərini kinli qrotesk obrazları ilə tükürpərdici surətdə təsvir edib. Trilogiya “Lineynin gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” pyeslərini birləşdirir.
İlk seansda nümayiş olunan “Lineynin gözəllik kraliçası” “qara” komediya, melodrama, vahimə və soyuq faciə elementlərini cəmləşdirir. Hadisələr 1990-cı illərin əvvəlində, İrlandiyanın Konnemara vilayətinin Lineyn kəndində baş verir. 70 yaşlı xudbin və hiyləgər Meq anasına qulluq edən 40 yaşlı, ərə getməmiş Morin Folan adlı qızın taleyini izləyir. Morinin bacıları ərə gedərək, bu aqibətdən canlarını qurtarmışlar. Keçmişdə ruhi xəstəliyə düçar olmuş Morin isə anası ilə qeyri-sağlam münasibətlər mühitində ilişib qalmışdır. Xaricdən qayıtmış, lakin tezliklə yenə yola düşəcək Pato Dulinin gəlişi Morinə xoşbəxtliyə qovuşmaq şansını bəxş edə bilər.
İkinci seans - “Konnemarada bir kəllə” tamaşası isə Tim Börtonun filmləri kimi həyatın adi və qeyri-adi məqamlarını tərənnüm edən tutqun fantasmaqoriyadır. Hər payızda, yeni ölülər üçün planlı surətdə yer açmaq məqsədilə yerli qəbiristanlığın təyin olunmuş hissələrində qəbirləri bir həftə ərzində sökərək cənazə qalıqlarını çıxarmaq işi Mik Dauda tapşırılır. Öz mərhum arvadının qəbrini qazmağın vaxtı çatanda, Mik Daud arvadının yeddi il əvvəl baş vermiş vaxtsız ölümündə öz iştirakına dair qəribə şayiələrlə yenidən üzləşir... Hər işə qarışan qonşular, çətin yeniyetmələr və şöhrətpərəst polis nümayəndəsi bu ölüm məzmunlu gülməli tamaşanı maraqlı və məzəli çalarlara boyayırlar.
”Yalqız Qərb” trilogiyaya təzadlı bir nöqtə qoymaqla yanaşı, müəllifin bəşəri ideyalara, adət olunmuş düşüncə tərzinə münasibətini ayırd edə bilir. Belə ki, atalarının bədbəxt hadisə kimi qələmə verilən ölümündən sonra iki qardaşın arasında dava-söyüşmə səngimir. Balin və Koulmən ilə tanışlığımız dərhal - atalarının dəfnindən sonra baş tutur. Qardaşı ilə söyüşüb savaşarkən Koulmən etiraf edir ki, onun saç düzümünü lağa qoyan atasının başına tüfəngi dirəyib qəsdən atəş açmışdır. Hər hansı sıxıntı və ya təəssüf hissi keçirməyən qardaşın bu etirafı pyesin ümumi tonu və tərzini əks etdirir. Onların aləmində barışığa və əfvə yer varmı? Biz yenə İrlandiyanın sivilizasiyadan uzaq olan ucqar guşəsinə səyahət edərək addımbaşı söyüşən, lakin emosional və mənəvi düyünlərlə bir-birinə bağlı olan insanların həyatına şahid oluruq. Pyes “qara” komediya üslubuna sadiq olaraq, tamaşaçıları çaşqınlığa salaraq gah güldürür, gah da küt səssizlik içində mat-məəttəl təəccübə qərq edir. MakDonax nə etdiyini yaxşı bilir və bunu həqiqətən çox böyük məharətlə edir.
Fariz
Mədəniyyət.- 2014.- 12 mart.-
S. 6.