Bizim Qarabağlarımız”

 

Türkiyə və Azərbaycanda yaşayan Qarabağ mədəniyyətinin təbliği

 

Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğu "Türkiyə və Azərbaycanda yaşayan Qarabağ mədəniyyətinin təbliği" adlı yeni layihə həyata keçirir.

Layihə Türkiyənin Afyonkarahisar vilayətində yaşayan və əslən Azərbaycanın Qarabağ bölgəsindən olan insanların mədəni irsinin - iki qardaş ölkənin müştərək mədəniyyətinin təbliğinə həsr olunub. Layihə Qarabağdan olan insanların ortaq xüsusiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, eyni zamanda dünyanın diqqətini bir daha Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasına yönəltmək məqsədi daşıyır.

Martın 9-da Bakıdakı "Park İnn" mehmanxanasında gerçəkləşən “Bizim Qarabağlarımız” adlı simpoziumda Afyonkarahisar vilayəti Bolvadin rayonunun Böyükqarabağ qəsəbəsi və Ortaqarabağ kəndində yaşayan insanlar bir araya gəldi.

Tədbirdə əvvəlcə iki ölkə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı. TİKA-nın baş katibi Sərdar Cam çıxış edərək bildirdi ki, layihənin həyata keçirilməsində əsas məqsəd doğma yurd-yuvalarının işğal edilməsi nəticəsində köçkün həyatı yaşayan, vətən həsrəti çəkən qarabağlıları Türkiyədəki qardaşları ilə bir araya gətirmək və onların tək olmadıqlarını hiss etdirməkdir.

Qeyd olundu ki, Türkiyədə vaxtilə Azərbaycanın müxtəlif şəhərlərindən, o cümlədən Dağlıq Qarabağdan köçmüş soydaşlarımız yaşayır. Bolvadində yaşayan və Dağlıq Qarabağdan olan insanların eyni kəlmələri işlətməsi, onların adət-ənənələrinin, folklorunun, dil xüsusiyyətlərinin ortaqlığı bu adamların eyni kökdən olduğunu göstərir.

Milli Məclisin deputatı Qənirə Paşayeva, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Qalib Sayılov, Bolvadin bələdiyyəsi şurasının katibi Ertuğrul Sevim çıxış edərək Azərbaycanın Qarabağ bölgəsi ilə Türkiyədəki qarabağlılar bölgəsinin adətlərinə, dil bənzərliklərinə, el mərasimləri və folklor xüsusiyyətlərinə toxundular. Bildirildi ki, Qarabağ kəndlərindən 1473-cü ildə Manisaya köç edən, ötən əsrin sonlarında isə Bolvadində yerləşən qarabağlılar, xüsusilə yaşlı sakinlər burada kompakt şəkildə yaşamaqla öz adət-ənənələrini qoruyub saxlayırlar.

Tədbirdə Mustafa KaraerinŞeir dünyamda Azərbaycan-Qarabağ” silsiləsindən söylədiyi poetik parçalar hər kəsdə kövrək duyğular oyatdı. Simpozium Bolvadin və Qarabağın musiqi nümunələrinin səsləndiyi ədəbi proqramla başa çatdı.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 6.