“Azərbaycanın bölgələri gözəl turizm məkanıdır”

 

“Qarşılıqlı mədəniyyət günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır”

 

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanla münasibətləri yüksək səviyyədə olan müsəlman ölkələrindən biridir. İki ölkə arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf edir. Beynəlxalq arenada bir-birinə dəstək verən Azərbaycan və Səudiyyə Ərəbistanı İslam Əməkdaşlığı Təşkilatı, UNESCO və İSESCO çərçivəsində birgə fəaliyyət göstərirlər. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim ilə söhbətimizdə də bu əlaqələrə, həyata keçirilən layihələrə və digər məsələlərə toxunduq.

- Cənab səfir, bu gün Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığı hansı səviyyədədir, ölkəniz bu əməkdaşlığı hansı sahələri prioritet hesab edir?

- Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasını yüksək səviyyəli qardaşlıq əlaqələri birləşdirir. Bu əlaqələr qarşılıqlı hörmət, səmimi dostluq və müştərək İslam irsinə əsaslanır. Hamımız üçün fəxr və qürur mənbəyi olan bu əlaqələr, İki Müqəddəs Məscid Xadimi Kral Abdullah bin Əbdüləziz və zati-aliləri Prezident İlham Heydər oğlu Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edir. Hazırda Azərbaycandakı qardaşlarımız ilə birgə bu əməkdaşlığı bütün sahələr üzrə, xüsusən də ticarət, investisiya və mədəniyyət sahəsində inkişaf etdirməyə çalışırıq.

- Hər iki ölkə qədim və zəngin tarixə malikdir, İslam mədəniyyətinə, dünya mədəni irsinə töhfələr verib. Bu xüsusda mədəni əlaqələrimizi necə qiymətləndirirsiniz?

- Səudiyyə Ərəbistan Krallığı ilə Azərbaycan müştərək tarixi və mədəni irsə malikdir. Azərbaycanın alim və ziyalılarının İslam mədəniyyətinin zənginləşməsində özünəməxsus rolu olub. Azərbaycan xalqının Qurani-Kərim dili olan ərəb dilinə sevgisini müşahidə etdimbu məni heyran etdi. Bizöz növbəmizdə səfirlik olaraq Azərbaycandakı məsul qardaşlarımızla bir yerdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrimizi möhkəmləndirməyə, iki ölkə gənclərinin qarşılıqlı səfərlərinin təşkil olunmasına, birgə və qarşılıqlı tədbirlərin keçirilməsinə çalışırıq. Eyni zamanda təhsil sahəsində əməkdaşlığı, universitetlərarası tələbə mübadiləsini inkişaf etdirmək istəyirik. 2007-ci ildə iki ölkə arasında təhsil sahəsində imzalanmış saziş mövcuddur. Bundan əlavə, qədim əlyazmaların və mədəni irsə aid kitabların qorunub saxlanması üzrə əməkdaşlıq da hər iki ölkə üçün əhəmiyyətlidir. Qarşılıqlı mədəniyyət günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Son illərdə hər iki ölkədə belə tədbirlər keçirildibiz bunu davam etdiririk. Onu da qeyd etmək istərdim ki, ölkələrimizin mədəniyyət və turizm nazirləri arasında sıx əlaqələr mövcuddur. Elə bu əlaqələrin isbatıdır ki, bir neçə ay öncə Bakıda keçirilən II Beynəlxalq Kukla Teatrları Festivalında Səudiyyə Ərəbistanı Krallığı da təmsil olundu. Bundan əlavə, dövlətlərimizin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq və əməkdaşlıq çərçivəsində bir sıra ölkələrdə Gənclər Forumu keçirilir. Bu tədbirlər zamanı gənclər öz ölkələri, onun ictimai-siyasi durumu ilə bağlı bir-birilərini məlumatlandırır, əməkdaşlıq istiqamətində təkliflərini irəli sürürlər. Sonra bu təkliflər hər iki ölkənin dövlət başçılarına və BMT-yə göndərilir. Yaxın gələcəkdə Azərbaycanda Beynəlxalq Gənclər Forumu keçirməyi planlaşdırırıq. Bununla hər iki ölkənin gənclərini bir araya gətirəcəyik. Onlar öz aralarında fikir mübadiləsi aparacaq, ölkələrinin ictimai-siyasi vəziyyəti ilə bağlı bir-birilərinə məlumat verəcəklər ki, bu da əməkdaşlığın mühüm hissəsidir.

- Ölkələrimiz İSESCO-nun fəal üzvləridir. Bu çərçivədə əməkdaşlığı inkişaf etdirmək üçün hansı potensiallar mövcuddur?

- Ortaq məqsədimiz iki ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında tək İSESCO çərçivəsində deyil, bütün beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı daha da inkişaf etdirməkdir. İki ölkə mədəniyyətinə aid nümunələrin, o cümlədən ədəbi əsərlərin tərcüməsi sahəsində daha artıq səylərə şahid olmaq istərdik. Bundan əlavə, iki ölkə sənətkarlarının iştirakı ilə incəsənət sərgilərinin təşkili, hər iki xalqın folklorunun nümayiş olunduğu mədəniyyət günlərinin keçirilməsi bu əlaqələrimizə töhfə ola bilər.

- Azərbaycanın bir çox maddi-mədəniyyət abidələri Ermənistanın hərbi təcavüzü nəticəsində dağılıb. Ölkənizin mühüm rol oynadığı İslam təşkilatları bu məsələdə Azərbaycanın yanında olduqlarını bəyan edirlər. Amma işğalçının cəzalandırılması yönündə addım yoxdur?

- Biz Səudiyyə Ərəbistanı Krallığı olaraq beynəlxalq təşkilatların qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi-mədəni irsin, İslam abidələrinin aqibəti bizinarahat edir. Arzu edirik ki, beynəlxalq təşkilatların qətnamələri münaqişənin həll olunmasında öz rolunu oynasın, regionda sülh və əmin-amanlıq yaransın.

- Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığı necə dəyərləndirisiniz?

- Doğrusu, turistlərin sayı ümid etdiyimizdən azdır. Buna baxmayaraq turizm xidmətlərinin davamlı inkişafı sayəsində bu say get-gedə artmaqdadır. İki ölkə arasında birbaşa aviareyslərin açılması haqqında sazişin imzalanmasından sonra turistlərin sayının artmasına ümid edirik. Səudiyyə Ərəbistanında çox məşhur turizm yerləri var. Məsələn, qədim abidələr, tarixi məkanlar azərbaycanlı turistin diqqətini cəlb edə bilər. Azərbaycana gəlincə, bizim insanlarımız mülayim havanı, gözəl təbiət mənzərələrini, tarixi abidələri xoşlayır və bu baxımdan Azərbaycanın bölgələri, xüsusilə də Qəbələ onlar üçün gözəl turizm məkanıdır. Ümid edirəm ki, gələcəkdə ölkələrimiz arasında turizm axını sürətlənəcək.

- Tariximiz, mədəniyyətimiz haqqında nə bilirsiniz? Burada olduğunuz müddətdə vaxt tapıb regionlarımıza səfər edə bilmisinizmi?

- Təbii ki, Azərbaycanın tarixi ilə tanış olmuşam, ölkənizin İslam mədəniyyətində rolu məlumdur. Səudiyyə Ərəbistanı və Azərbaycan yaxın tarixə və mədəni irsə malikdir. İslam dini, həmçinin Azərbaycanın orta əsrlərdə qələmə alınmış mədəniyyət nümunələri və Qurani-Kərimin dili olan ərəb dili bizim ortaq dəyərlərimizdir. Regionlarınızla tanışlığa gəlincə, imkan tapıb Qəbələ, Quba, Lənkəran kimi turizm bölgələrinə səyahət etmişəm. Orada gözəl təbiət, çoxlu axar çay, dəyişkən hava, münasib şərait və qonaqpərvərlik görmüşəm. Bununla yanaşı, Azərbaycan xalq yaradıcılığı nümunələrinin nümayiş olunduğu tədbirlərdə iştirak edirəm.

- Mədəniyyət sahəsində bir çox oxşarlıqlarla yanaşı, ölkələrimizin milli mətbəxləri də bənzərdir...

- Allaha şükür, yeməklə bağlı burada heç bir çətinliklərlə üzləşməmişik. Əksinə, mən deyərdim ki, buradakı yeməklərin tərkibi əla keyfiyyətlidir, təzə tərəvəz, növbə-növ meyvə, ət məhsulları var. Yeməklərdən ən xoşladıqlarım isə plov, sac yeməyi, dolma və qutabdır.

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 7.