Londonda “Yazın səsi”

 

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə LondondaKing`s Place” incəsənət və kulinariya mərkəzində Novruz bayramı münasibətilə “Yazın səsi” adlı konsert proqramı təşkil olunub.

Əvvəlcə "Azərbaycan Evi"nin nümayəndəsi Fəridə Pənahova ölkəmizin musiqi sahəsindəki uğurlarından danışıb, dünya şöhrətli sənətkarlarımızın nailiyyətləri haqqında məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin musiqi mədəniyyətinin dərin tarixi köklərə malik olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan musiqisi hazırda bütün dünyada özünəməxsusluğu ilə seçilir. Şərqdə ilk operanın məhz dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yazıldığı xüsusi vurğulanıb. Qarşılamağa hazırlaşdığımız Novruz bayramı haqqında da məlumat verən diplomat, bu münasibətlə təşkil edilən konsertdən məmnunluğunu ifadə edib.

Daha sonra Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Fidan Hacıyeva və gənc pianoçu Zülfiyyə Sadiqova çıxış ediblər. Proqramda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Cövdət Hacıyev, Tomas Arne, Friderik Şopen kimi dünya şöhrətli bəstəkarların repertuarından musiqilər səsləndirilib.

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 7.