AZTA ilə Dünya Turizm Təşkilatı arasında memorandum imzalanıb

 

Turizmdə qiymət siyasəti və yeni turizm məhsullarının yaradılması üzrə layihələr reallaşdırılacaq

 

Martın 5-dən 9-dək Berlində keçirilən «İTB-Berlin» beynəlxalq turizm sərgisində ölkəmizin nümayəndə heyətinin tərkibində Azərbaycan Turizm Assosiasiyası (AZTA) idarə heyətinin sədri Nahid Bağırov da olub.

Sərginin ilk günündə AZTA sədri Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüş zamanı iki qurum arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Sənəd turizm sektorunda qiymət siyasətinin müəyyənləşdirilməsi, bu sahədə keyfiyyətli xidmətin təqdim edilməsi, kadrların peşəkarlığının artırılması və s. məsələləri əhatə edir.

Memoranduma əsasən Dünya Turizm Təşkilatının dəstəyi ilə ölkə turizmində iqtisadiyyatın digər sahələri ilə birgə qiymət siyasətinin formalaşdırılması və yeni turizm məhsullarının yaradılması üzrə müxtəlif layihələr reallaşdırılacaq.

Sənədin ən vacib məqamı isə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və turoperatorların xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə sertifikatlaşdırılmasıdır.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 9.