Yaponiya mətbuatı ölkəmizin stendini yüksək qiymətləndirib
Yaponiya mətbuatı bu ölkədə keçirilən «İto» Beynəlxalq Əməkdaşlıq Sərgisində Azərbaycanın ilk dəfə təmsil olunmasına xüsusi diqqət yetirərək, ölkəmizin stendini yüksək qiymətləndirib.
«Mainiçi Şimbun» qəzetində dərc edilən «Beynəlxalq Əməkdaşlıq Sərgisini 1100 nəfər ziyarət edib» sərlövhəli məqalədə qeyd edilir ki, Yaponiyada yaşayan yerli və əcnəbi xalqların nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi məqsədilə təşkil olunan ənənəvi sərgidə İto şəhərinin qardaşlaşdığı Avstraliya, Fransa, İngiltərə və İtaliya şəhərləri ilə yanaşı, Azərbaycanın İsmayıllı rayonu da ilk dəfə təmsil olunub. Sərgidə Azərbaycan stendinin təqdim etdiyi mədəniyyət nümunələri - xalçalar, şərablar, yapon dilində ədəbiyyat və mətbəx məhsulları ilə böyük maraq doğurub.
İto şəhərinin yerləşdiyi Şizuoka prefekturasının mətbuat orqanları olan «Şizuoka» və «İzo» qəzetlərində dərc olunan məqalələrdə də Azərbaycan stendindən bəhs olunub.
Vurğulanır ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iki ölkə arasında dostluq münasibətlərini yüksək qiymətləndirib. Səfir bildirib ki, belə tədbirlər həm də hər bir xalqın öz mədəniyyətini başqa xalqlara göstərmək baxımından əhəmiyyətlidir.
Sərgidə nümayiş etdirilən Azərbaycan mədəniyyəti nümunələrinin, İsmayıllıdan gətirilmiş bal, şərab və çərəzin iştirakçılar tərəfindən böyük maraqla qarşılandığı məqalələrdə qeyd edilib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 12 mart.-
S. 9.