Otuz dörd ildən
sonra Bakı səhnəsində
Martın 7-də Yaponiyanın dünya şöhrətli bəstəkar və musiqiçisi, “Qremmi” və “Qızıl qlobus” mükafatlarının sahibi Kitaronun Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konserti olub.
Musiqidə “New age” (“Yeni çağ”) janrının canlı əfsanəsi azərbaycanlı tamaşaçılara əsrarəngiz musiqisi ilə möhtəşəm bir gecə yaşadıb. Konsertdə Kitaro milyonların qəlbini fəth etmiş hitlərini - “Silk Road”, “Caravancary”, “Mercury”, “Koi”, “Matsuri” və digər kompozisiyalarını ifa edib. Yaponiyalı musiqiçini öz qrupu ilə yanaşı, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri də müşayiət edib.
Kitaro kimi tanınan 61 yaşlı musiqiçinin əsl adı Masanori Takahaşidir. O, musiqi təhsili almayıb və not bilmir. Əsərlərini özünəməxsus üsulla yaradır. Klavişli alətlərlə yanaşı, gitara, fleyta, baraban və s. ifa edir. Eyni zamanda bəzi konsertlərinin işıq tərtibatçısı və albomlarının aranjimançısıdır. Həmçinin rejissor və fotoqraf kimi tanınır.
1993-cü ildə “Səma və torpaq” kinofilminə bəstələdiyi musiqiyə görə “Qızıl qlobus” mükafatı alıb, 2001-ci ildə isə bəstəkarın “Səni düşünürəm” (“Thinking of you”) albomu “Qremmi” mükafatına layiq görülüb.
Böyük müvəffəqiyyətlə
keçən konsertdən sonra Kitaro Azərbaycana səfərindən məmnunluğunu
bildirib. Bakıda 34 il
əvvəl olduğunu deyən musiqiçi ötən müddətdə
inanılmaz dərəcədə dəyişmiş şəhərimizdə,
möhtəşəm Heydər Əliyev Mərkəzində
çıxış etməsindən şərəf duyduğunu deyib.
Mədəniyyət.- 2014.- 12 mart.-
S. 12.