Qoşa qanad

 

Muğam dəsgahları təkcə məlahətli səsdən, xoş avazdan ibarət deyil. Əhval-ruhiyyənin təsirindən musiqisizbir-iki ağız oxumaq olar. Lakin onun peşəkar ifası müşayiətsiz - qavalsız, kamansız, xüsusən tarsız qeyri-mümkündür. Sonuncunun yerini heç bir çalğı aləti verə bilməz. Muğamatı şahmata bənzətsək tar ən güclü fiqurdur. Orkestrin, ansamblın, üçlüyün sarvanıdır. Köhnə zamanlardan toy məclisini hansı xanəndənin aparacağı ilə maraqlananda tezkən tarzənin də kimliyini soruşurdular. İkinci sanki birincinin səviyyəsini, nüfuzunu-çəkisini müəyyənləşdirirdi.

Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Ağabala Abdullayev, Xan Şuşinski, Fatma Mehrəliyeva, Əbülfət Əliyev, Yaqub Məmmədov kimi bənzərsiz səs sahiblərinin adını çəkərkən istər-istəməz, onların məşhurlaşmasında, el sevgisi qazanmasında həlledici rol oynamış Sadıqcan, Bəhram Mansurov, Əhməd Bakıxanov, Əhsən Dadaşov, Həbib Bayramov da yada düşür. Hər xanəndə taleyi öz paralelliyində neçə-neçə tarzən taleyi yaşadır. Eyni zamanda elə bir tanınmış tarzən yoxdur ki, fəaliyyətindən bəhs edərkən, neçə-neçə xanəndə anılmasın.

Azərbaycan Televiziyası və Radiosunun Baba Salahov adına xalq çalğı alətləri ansamblının konsertmeysteri, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının tar müəllimi Xalıq Qulamirzə oğlu Dadaşov belə xoşbəxt müşayiətçilər sırasındadır. Xalq artistləri Rübabə Muradova, Hacıbaba Hüseynov, Sara Qədimova, Zeynəb Xanlarova... siyahını bir qədər də davam etdirmək olar. Xalıq Dadaşov doğma ansamblın tərkibində sinəsinə sıxdığı müqəddəs musiqi aləti ilə bu korifey sənətkarların ifasına əlvanlıq qatmışdır. Onlarla dəfələrlə xarici qastrol səfərlərində olmuş, İran, İraq, Türkiyə, Rusiya, Polşa və digər ölkələrdə muğamlarımızın, qayım-qədim xalq mahnılarımızın, bəstəkarlarımızın yaradıcılıq nümunələrinin dinləyicilərə ərməğan edilməsində, milli mədəniyyətimizin tanıdılmasında iştirakçı olmuşdur.

Xalq artisti Hacı Ağasəlim Abdullayevin bədii rəhbəri olduğu musiqi kollektivinin radioteleviziya efirində çıxışlarında, Azərbaycanın ayrı-ayrı guşələrində, ən ümdəsi, cəbhə bölgələrində Milli Ordunun şəxsi heyəti qarşısında verilən çoxsaylı konsertlərdə də Xalıq Dadaşovun konsertmeyster və tarzən kimi məxsusi xidməti var.

Xalq şairi Cabir Novruzun sözlərinə bəstələnmiş, insanı kövrəldən, qəlbini-ruhunu riqqətə gətirən bir mahnı var: “Ey həyat, sən nə qəribəsən”. Həqiqətən həyat çox qəribədir. Nə qədər ki, cavansan, heç olmasa, hərdənbir ayaq saxlamaq, dönüb geriyə baxmaq xəyalına gəlmir. Elə hey getmək, bacardıqca irəliləmək, görmədiyin yerləri görmək, yeni-yeni insanlarla ünsiyyət bağlamaq istəyirsən. Arxaya boylanmaq şakəri isə bəşər övladında yalnız orta yaşı keçəndən sonra yaranır. İl üstünə il qonduqca, bir gözü gələcəkdə, bir gözü keçmişdə yaşayırsan. “İndiyə qədər neyləmişəm” sualını öz-özünə dönə-dönə verirsən. Xalıq Dadaşov həyatının məhz həmin mərhələsindədir və o da yaşıdları kimi tez-tez ötən çağlara səyahət edir, taleyinin dönüş nöqtələrinə nəzər yetirir. Yəqin ki, gəncliyi ilə vidalaşmasına nə qədər təəssüflənirsə, məna dolu ömrü yaşamasından bir o qədər qürur duyur.

Ölkəmizin musiqi mühitində qabiliyyəti-istedadı ilə fərqlənən bu tarzən-pedaqoq 1953-cü ildə Bakıda anadan olub. İlk təhsilini Bakıdakı 12 nömrəli musiqi məktəbində görkəmli bəstəkar Adil Gəraydan alıb. “Düzgün qoyulan bünövrə görüləcək işin yarıdan çoxudur” - deyirlər. Sənətin sirlərini öyrəndikcə həvəslənən gənc orta məktəbi bitirdiyi 1969-cu ildəcə Asəf Zeynallı adına Musiqi Texnikumunun tar şöbəsinə daxil oldu. Mahir tarzən, Xalq artisti Əhməd Bakıxanovun sinfində oxumaq ona biliyini artırmaq üçün şərait yaratdı.

Seçdiyi peşənin incəliyinə müəyyən qədər yiyələndikdən sonra arxayınlaşan da olur. Ancaq varlığına sənət yanğısı hakim kəsilənlər öyrəndiyinə heç zaman bəs demir. Şəxsi keyfiyyətinə görə ikincilərin sırasında yer alan Xalıq Dadaşov 1979-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına üz tutdutar fakültəsində Xalq artisti Səid Rüstəmovun, Əməkdar incəsənət xadimi Məmmədağa Kərimovun tələbəsi oldu....

Musiqi dünyasının nümayəndələri adətən iki istiqamətdə fəaliyyət göstərir. Bu xüsusiyyət Xalıq Dadaşovun da taleyindən yan keçməyib. Otuz ildən çoxdur ki, qoşa qanad kimi tarzən və müəllim ömrü yaşayır. 1969-cu ildən Baba Salahov adına xalq çalğı alətləri ansamblının üzvü, 1982-ci ildən Respublika İncəsənət Gimnaziyasının tar müəllimidir. Həyatında hansı sahənin üstün olması, zənnimizcə, heç nəyi dəyişmir. Çünki hər iki qanaddan uğur qazanmağı bacarıb, hər iki tərəfdən sənəti yüksək qiymətləndirilir, haqqında xoş sözlər söylənilir.

Xalq artisti Ağasəlim Abdullayev (Baba Salahov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəri, tarzən): “Musiqi kollektivində təkcə alətlər səslənir, birgə fəaliyyət musiqiçiləri də bir-birinə mehribanlaşdırır. İşgüzarlığına, istiqanlılığına görə hamımız Xalıqa dərin hörmət bəsləyirik”.

Əməkdar artisti Ruzə İbişova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, xanəndə): “Xalıq Dadaşov zəngin təcrübəyə malik dəyərli pedaqoqdur. Təvazökarlığı, sadəliyi sənət dostları arasında ona dərin rəğbət qazandırıb”.

Əməkdar artisti Zakir Əliyev (xanəndə): “Mən Xalıq müəllimlə dəfələrlə konsertlərdə, el şənliklərində iştirak etmişəm. Böyüyə ehtiram, kiçiyə qayğısı həmişə diqqət çəkib. Ürəyi açıq olduğu üçün adam onunla səfərdə qətiyyən darıxmır”.

Biz də tanınmış sənətkarların dediklərinə şərik olur, ömrün 60 ilini arxada qoymuş sənətkara cansağlığı, yeni uğurlar arzu edirik.

 

Ayıq Səmədov

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 12.