Keşikçidağ” ərazisində arxeoloji turizmin inkişaf perspektivləri

 

Keşikçidağ” Dövlət-Tarix Mədəniyyət Qoruğunun (Ağstafa rayonu) ərazisi orta tuncun son mərhələsi, son tunc - ilk dəmir dövrlərindən başlayaraq inkişaf etmiş orta əsrlərə qədər bütün mərhələləri əhatə edən abidələrlə zəngindir. Keşikçidağın zirvəsindəki tunc dövrü yaşayış yerinin sahəsi üç hektardan çoxdur. Yaşayış yeri dövrün tələbinə uyğun olaraq əvvəl məskunlaşılmamış, təbii platforma üzərində salınmışdır. Onun ətrafına qayanı çapma yolu ilə müdafiə hasarı çəkilmişdir.

Keşikçidağın ətəyində, Ceyrançöl adlanan sahədə (Kurqan çölündə) onlarla səpələnmiş kurqan var. Onlardan bəzilərində aparılmış tədqiqatlar qəbirlərin son tunc - ilk dəmir dövrünə aid olduğunu söyləməyə əsas verir. Bu kurqanlardan bəziləri vaxtilə maldar əhali tərəfindən qarət edildiyindən içərisi boşdur. Tədqiqatlar göstərir ki, bu ərazidə kurqanların çoxluğu e.ə. II minilliyin ortalarından başlayaraq cəmiyyətdəki sosial və əmlak bərabərsizliyinin yüksək inkişaf mərhələsinə qədəm qoyması, məhsuldar qüvvələrin sürətli inkişafı ilə bağlıdır. Bu dövrdə sənətkarlığın yeni sahələrinin yaranması ilə yanaşı, ənənəvi sahələr daha da inkişaf etmiş, tayfalararası əlaqələr məhəlli çərçivədən çıxaraq bölgələrarası xarakter almış, cəmiyyətdə əsaslı dəyişikliklər baş vermişdir. İri tayfa ittifaqları yaranmış, mərkəzləşmiş hakimiyyət daha da güclənmişdir. Tayfanın seçilmiş üzvləri dünyəvi rəhbər, hərbi başçı və baş kahin rütbəsi vəzifələrini öz əllərində cəmləşdirmişdilər.

Keşikçidağın son tunc - ilk dəmir dövrü abidələri yaşayış məskənləri və qəbirlərdən ibarətdir. Azərbaycanın digər düzən bölgələrində olduğu kimi, Kurqan çölündə də yaşayış məskənləri azdır. Keşikçidağ kurqanlarının əksəriyyəti kiçikölçülüdür. Onların çoxunun üstü ağacla yox, sal daşlarla örtülüb, üstünə xırda daşlar yığılıb. Qəbir kameraları da daş qutulardan ibarətdir. Bu da, görünür, ərazidə böyük ölçülü ağacların azlığı ilə əlaqəlidir. Lakin burada təsərrüfat sahəsindəki yenilikləri və ictimai dəyişiklikləri də nəzərə almaq lazımdır.

Burada yerləşən kiçikölçülü kurqanlardan ikisində arxeoloji qazıntılar aparılmışdır. Kurqanlardan biri sel sularının təsirindən məhv olmaq təhlükəsi ilə üzləşdiyindən tədqiqata cəlb olunmuşdur. Üstü səpələnmiş xırda daşlarla örtülmüş kurqanın diametri 12 metr, hündürlüyü 1,1 metr olmuşdur. Örtük altında, 1 metr dərinlikdə bir skeletə, heyvan sümüklərinə, pasta muncuqlara, ox ucluğuna, cam, kasa, küpə, çölmək və bardaq tipli qablara rast gəlinmişdir. Qablar tək və ya qoşa qulplu, bəzən qulpsuzdurlar. Onlar nazik divarlı, şar gövdəli simmetrik formada olub səthi cilalanmış, şüyrəli naxışlarla bəzədilmişdir. Qablar qara cilalı olub dulus çarxında hazırlanmışdır. Skelet birbaşa qabların üstündə dəfn edilmişdir. Əldə edilən materiallara əsasən kurqanı e.ə. XIV-XII əsrlərə aid etmək olar.

Başqa bir kurqanda isə skeletin baş hissəsi sanki çarpayıda yatmış formada olduğu kimi qismən yuxarı qaldırılmışdır. Tərkibinə xüsusi maddə qarışdırılmış məhluldan çarpayı formalı yer düzəldilmiş və meyit oraya qoyulmuşdur. Məhlulun rəngi qaradır. Ölü sol böyür üstə dəfn edilmişdir.

Digər bir kurqan da yağış sularının qəbir kamerasına yol tapması nəticəsində açılmışdır. Bu kurqanın diametri 13 metr, hündürlüyü 1,1 metrdir. Qəbir kamerası kurqan örtüyünün 1,4 metr dərinliyində düzəldilmişdir. Döşəməsinə qum tökülmüş, üzəri böyük ölçülü dörd yastı daşla örtülmüşdür. Qəbrin ölçüsü 2,2 x 1,1 x 1,5 metrdir. Əvvəlki kurqanın yüksək keyfiyyətli keramikasından fərqli olaraq buradan bütöv deyil, kobud hazırlanmış saxsı qab hissələri tapılmışdır. Onlar kustar üsulla əldə hazırlanmışdır. Qəbir kamerasında skeletə rast gəlinməmişdir. Kurqan altında daşların nizamlı deyil, qarışıq halda olması və kurqanın üst qatındakı xırda daş örtüyünün çox səpələnmiş halda bizə gəlib çatmasına əsasən abidənin vaxtilə qarətçilər tərəfindən dağıdılması ehtimalını söyləmək olar. Kurqandan tapılmış keramika qalıqlarına əsasən onun e.ə. XI-IX əsrlərə aid olduğu ehtimal edilir.

Dağın ətəyində e.ə. II minilliyin II yarısı - I minilliyin əvvəllərinə aid kurqanların çoxluğu qeyd olunan dövrdə yarımköçəri və ya yaylaq maldarlığının geniş yayılması ilə bağlıdır. Tədqiqatlar göstərir ki, Kurqan çölü adlanan ərazinin dağətəyi, xüsusilə düzən ərazilərində bu tip maldarlıq XX əsrin 40-50-ci illərinə qədər aparıcı yer tutmuşdur. Keşikçidağ ərazisində aparılmış tarixi-arxeoloji tədqiqatlar nəticəsində e.ə. II minilliyin ortalarından başlamış, XIV əsrə qədər bu ərazidə yaşamış əhalinin sosial-iqtisadi, təsərrüfat, etnik-mədəni və ictimai həyatının müxtəlif sahələrindəki inkişaf dinamikasını və dəyişiklikləri izləməyə imkan verən abidələr tədqiqata cəlb edilmişdir. Keşikçidağda tarixi-arxeoloji tədqiqatların 2014-cü və ondan sonrakı illərdə də davam etdirilməsi nəzərdə tutulur ki, bu da bölgədə etnik-mədəni inkişafı daha dərindən öyrənməyə imkan verməklə yanaşı, həm də arxeoturizmin genişləndirilməsi sahəsində yeni bir səhifənin açılmasına təkan verəcək.

 

Arif Məmmədov,

 

tarix elmləri doktoru, professor, qoruğun baş elmi işçisi

 

İmaş Hacıyev,

 

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, qoruğun aparıcı elmi işçisi

 

Musa Mursaquliyev,

 

Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 13.