Yel çərşənbəsinin bahar mehi
Hər il Novruz bayramı ərəfəsində xalqımız dörd ilaxır çərşənbəsini - Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edir. Ötən gecə ilaxır çərşənbələrin üçüncüsü - xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” kimi tanınan Yel çərşənbəsi də yurdumuza qədəm qoydu.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib.
Ulularımız deyirlər ki,
“Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Bir inancda isə
deyilir ki, Yel çərşənbəsi
girən gün söyüd ağacının
altına gedib niyyət elə və Yel babanı
çağır. Əgər Yel
baba sənin səsini eşidib söyüdün budaqlarını
torpağa toxundursa diləyin yerinə yetər.
Yel çərşənbəsi
günü qalanan tonqallar Novruzun daha bir müjdəçisidir.
Xanımlar axır çərşənbə üçün
hazırlıq görürlər. Ev əşyaları
təmizlənir, xalça-palaz
çırpılır, yorğan-döşək havaya verilir. Qız-gəlinlər
qoz-fındığı ləpələyib şirniyyat
tədarükü görürlər. Novruza
sadəcə bir çərşənbə
qaldı - Torpaq çərşənbəsi.
Mədəniyyət.- 2014.- 12 mart.-
S. 13.