“Baharın
xoşbəxtlik ruhu və gözəllik”
UNESCO-da təşkil olunan
sərgidə azərbaycanlı rəssamın əsərləri
maraqla qarşılanıb
Martın 7-də UNESCO-nun mənzil-iqamətgahında Beynəlxalq Qadınlar Günü münasibətilə qadın rəssamların əsərlərindən ibarət sərgi təşkil edilib. Sərgidə ölkəmizi Əməkdar rəssam Əsmər Nərimanbəyova təmsil edib.
Ekspozisiyada Azərbaycan, Rusiya, Kanada, Benin, Bolqarıstan, Peru, Boliviya, Banqladeşdən də qadın rəssamların əsərləri nümayiş olunub.
Sərgini açan UNESCO-nun baş direktoru İrina Bokova elm, təhsil və mədəniyyət sahələrində qadınların rolunu xüsusi vurğulayıb, belə tədbirlərin xalqların yaxınlaşmasında və mədəniyyətlərarası dialoqun inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sərginin Şərqi Avropa ölkələri qrupunun sədri, Litvanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arunas Jelunas Avropa ölkələrinin qadın rəssamları arasında seçim aparıldığını, Rusiya, Bolqarıstan və Azərbaycanın sərgidə təmsil olunmasının qərara alındığını deyib.
Sərgidə Əsmər Nərimanbəyovanın “Baharın xoşbəxtlik ruhu və gözəllik” kompozisiyası adı altında 10 rəsmi nümayiş etdirilib. Onun əsərlərini sərgi iştirakçıları xüsusi maraqla qarşılayıblar.
Sərgidə rəsm əsərləri müəlliflərinin təmsil olunduqları ölkələrin mətbəx nümunələri də nümayiş etdirilib. Hər dəfə olduğu kimi, Azərbaycanın zəngin mətbəx nümunələri yenə də diqqəti cəlb edib.
Tədbirdə Fransa
ictimaiyyətinin nümayəndələri, UNESCO rəsmiləri,
qurumda akkreditə olunan
diplomatik korpusun,
ölkəmizin təşkilat yanındakı daimi
nümayəndəliyinin və Azərbaycanın Fransadakı
səfirliyinin əməkdaşları iştirak
ediblər.
Mədəniyyət.- 2014.- 12 mart.-
S. 16.