Yenilənən mədəniyyət
ocaqları
Buzovna qəsəbəsində mədəniyyət
evinin təmir və yenidənqurmadan sonra açılışı keçirilib
Martın 13-də paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində Ruhulla Axundov adına Mədəniyyət evinin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu.
Binanın yenidən qurulması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Xəzər rayonundan millət vəkili Rauf Əliyev açılışı bildirən rəmzi qırmızı lenti kəsdilər.
Mərasimdə çıxış edən Sevda xanım Məmmədəliyeva Bakı şəhərində və onun qəsəbələrində bir çox musiqi və incəsənət məktəblərinin, mədəniyyət obyektlərinin yenidən qurularaq istifadəyə verildiyini diqqətə çatdırdı: “Son dövrlər ölkəmizdə sürətlə həyata keçirilən quruculuq, abadlıq işləri Bakı şəhərinin qəsəbələrində də yüksək səviyyədə davam etdirilir. Yaradılan yeni mədəniyyət və tədris ocaqları mədəniyyətin, elmin, təhsilin inkişafını, əhalinin rahatlığını təmin edir”.
Nazir müavini Novruz ərəfəsində Mədəniyyət evinin yeni binasının istifadəyə verilməsinin qəsəbə sakinləri üçün bayram hədiyyəsi olduğunu vurğuladı.
Millət vəkili Rauf Əliyev bildirdi ki, Buzovna qəsəbəsində infrastruktur təminatının yaxşılaşdırılması, səhiyyə, təhsil, mədəniyyət obyektlərin təmir-bərpa işləri görülür. Qeyd edildi ki, yaxın zamanlarda müasir tipli idman kompleksi də qəsəbə sakinlərinin ixtiyarına veriləcək: “Əvvəl bu Mədəniyyət evinin binası tamamilə yararsız vəziyyətdə idi. Amma bu gün yüksək səviyyədə təmir edilərək istifadəyə verilir. Çox sevindirici haldır ki, qəsəbə sakinlərinin bir problemi də aradan qaldırılmış oldu”.
Çıxış edən digər qonaqlar da yaradılmış şəraitdən razılıqlarını bildirərək yenidən qurulmuş binanın qəsəbəyə gözəllik verdiyini, burada iş üçün gözəl şərait yaradıldığını vurğuladılar.
Sonda Mədəniyyət evi kollektivinin iştirakı ilə konsert proqramı təqdim edildi, musiqilər, müxtəlif milli rəqs nümunələri ifa olundu.
Qeyd edək ki, Ruhulla Axundov adına Buzovna qəsəbə Mədəniyyət evinin binası 1895-ci ildə tikilib. 1925-ci ildən burada mədəniyyət evi fəaliyyət göstərir. 2012-ci ildən təmir-bərpa işlərinə başlanılaraq bina tamamilə yenidən qurulub. Yenilənmiş mədəniyyət ocağında müxtəlif rəqs dərnəkləri, rəsm qalereyası fəaliyyət göstərəcək. 1000 kvadratmetrdən artıq sahəsi olan binada rəqs, dərnək, rəsm, qrim, konfrans otaqları, böyük tamaşaçı zalı var. Mədəniyyət evinin yeni binasının istifadəyə verilməsi qəsəbə sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün gözəl töhfədir.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 14 mart.-
S. 3.