“Azərbaycanın etnomədəni müxtəlifliyi”

 

Ölkəmizin mədəni zənginliyindən bəhs edən kitab Moskvada təqdim olunub

 

Martın 12-də Moskvada, Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində fəlsəfə elmləri namizədi, REA-nın Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, Ariyel Universitetinin (İsrail) elmi məsləhətçisi German Zaxaryayevin “Azərbaycanın etnomədəni müxtəlifliyi” kitabının təqdimatı olub.

Kitab “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə nəşr olunub.

Mərasimin aparıcıları - AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə və REA-nın Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, professor Aleksandr Çumakov monoqrafiyadan ətraflı söz açıblar. Bildirilib ki, kitabda multimədəni Azərbaycanda sabitləşmədən modernləşməyə keçid şəraitində etnomədəni proseslərin əsas amilləri və meylləri tədqiq olunur. İ.Məmmədzadə Bakıda keçirilən beynəlxalq forumlarda multikulturalizm və etnomədəni müxtəlifliyə xüsusi diqqət ayrıldığını vurğulayıb. Aleksandr Çumakov Azərbaycanda din sahəsində çox incə və düzgün siyasət yeridildiyini qeyd edib.

Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanın həyatının bütün sahələrində baş verən qlobal dəyişikliklərdən söz açıb, Azərbaycanın təkcə multimədəni deyil, həm də çoxmillətli ölkə olduğunu deyib: “Bunu görmək üçün Qubaya, Lənkərana getmək, ölkəni gəzib-dolaşmaq kifayətdir. Azərbaycanlılar minilliklər ərzində mövcud olan milli ənənələrin davamçılarıdırlar”.

German Zaxaryayev çıxışında bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində ölkədə təkcə siyasi, iqtisadi və təhsil sahələrinin deyil, həm də müxtəlif mədəniyyət və din nümayəndələrinə qarşı tolerantlıq ruhunun möhkəmlənməsinin etibarlı təməli qoyulub.

 

Mədəniyyət.- 2014.- 14 mart.- S. 3.