Türk xalqlarına yol göstərən böyük şəxsiyyət

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli ictimai xadim, maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilib.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” ölkə Prezidentinin sərəncamını ümumilikdə Azərbaycan ziyalılığına verilən qiymətin nümunəsi kimi dəyərləndirib. Bildirilib ki, Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışı bilavasitə maarifçi dünyagörüşü üzərində bərqərar olub. Türk xalqlarına və İslam dəyərlərinə edilən basqılara qarşı həmişə öz haqq səsini ucaldan mütəfəkkirin milli mücadilə tariximizdə misilsiz xidmətləri var.

AYB-nin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan və eyni zamanda, türk xalqlarına yol göstərən və müxtəlif elm sahələrində dəyərli əsərlər yaradan tarixi şəxsiyyətdir. Filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə, “Əli bəy Hüseynzadə” ensiklopedik kitabının müəllifi Azər Turan, AYB-nin katibi Arif Əmrahoğlu və başqaları Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından söz açıblar.

 

Mədəniyyət.- 2014.- 14 mart.- S. 3.