“Uşaqlar
üçün teatrda
yeni qəhrəmanlar yaranmalıdır”
“Aktyor
oynadığı obrazı sevmirsə, ona
inanmırsa, heç bir
zaman uşağı da
inandıra bilməyəcək. Əsas cəhət səmimiyyətdir,
səhnədə göstərilənin sehrinə inandıran
səmimiyyət”
Yaxşı, teatral tamaşaçı dedikdə hələ erkən yaşlarından bu sənət məkanı ilə təmasda olan, onunla estetik zövqünü tərbiyə edənlər nəzərdə tutulur. Bu mənada əsas yük təbii ki, teatrla ilk tanışlığımıza vasitəçi olan uşaq, kukla teatrlarının üzərinə düşür.
Günün prizmasından baxsaq, sadəcə, kuklaçı olmaq, rənglər, vizual elementlər və səhnə oyunu uşaqları böyük anlamda teatrla sehrləmək üçün kifayət deyil. Deməli, tələb və zövq meyarlarında başqa məqamlar da var. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yeni baş rejissoru, Əməkdar artist Qurban Məsimovla söhbətimizdə də uşaqların teatra cəlb olunması və estetik ruhda tərbiyəsi barədə ümumən təsəvvür yarandı.
Həmsöhbətim öncə yenicə qayıtdıqları Hindistan səfərindən danışdı:
- Fevralın 28-dən martın 4-dək Hindistanın Nyu-Dehli şəhərində keçirilən İşhara beynəlxalq kukla teatrları festivalında iştirak etdik. Səfər Beynəlxalq Kukla Teatrları Assosiasiyasının - UNİMA-nın prezidenti Dadi Pudumjeenin dəvəti və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdi. Səfərdə məhz bu festival üçün hazırladığımız "Çanta trio &..." (müəllif Qurban Məsimov -red.) tamaşasını nümayiş etdirdik. Ayrı-ayrı kukla teatrı üslubları ilə zəngin olan bu səhnə əsəri üç dəfə göstərildi. Tamaşalar Nyu-Dehlidə “Habitat Centre”də və Daryana ştatının Qurqaon şəhərində təqdim edildi və böyük rəğbətlə qarşılandı. Emosiyalarını gizlətməyən tamaşaçılar səhnəyə qalxıb aktyorları qucaqlayırdılar.
- Teatra gələndən sonra daha hansı yeni tamaşalar hazırlamısınız?
- İlk olaraq “Cırtdanın yeni il sərgüzəştlərini” hazırladıq və qış tətilində balacalara təqdim etdik. Bundan başqa çoxdan tanıdığımız “Tıq-tıq xanım” nağılına yeni yozum verəcəyəm. Qarışıq üslubda bir tamaşa olacaq. Pantomima teatrının aktyoru olduğum vaxtlardan məndə belə bir xasiyyət formalaşıb - biz üç ay məşq etdiyimiz tamaşanın başlanmağına üç dəqiqə qalmış quruluşun 90 faizini dəyişə bilərdik. Bir çox aktyorlar üçün belə situasiya az qala faciə deməkdir. Amma aktyor gərək belə eksperimentlərdən qorxmasın. Ona görə indidən dəqiq deyə bilmərəm ki, nə cür bir tamaşa olacaq...
- Bayaqdan baxıram, otağınız
kukla evinə bənzəyir. Baş rejissor daim onlarla
ünsiyyətdə olur?
- Kuklalar mənə enerji, düşünmə,
yeni ideyalar üçün əsas verir. Baxın, ətrafınızdakı hər bir kukla,
oyuncaq, əşya sizə nə isə deyir. Deməli, onların hər birisi barədə ayrıca bir tamaşa hazırlamaq olar.
- Uşaqlar üçün
tamaşa hazırlamaqdan
ötrü mütləq
onlar kimi düşünmək lazımdır?
- Əlbəttə. Ən vacib amil odur
ki, biz hər birimiz uşağıq, sadəcə, bir az böyümüşük.
Əl-ayağımız böyüyə bilər, amma hər birimizin içində bir uşaq var və
o bizi gözəl duyğulara səsləyir.
Əksər adamlar böyük
görünürlər, çünki
onlar böyük olmağı oynayırlar.
Beləcə, içərilərində bir uşağın olduğunu unudurlar.
- Onda bir uşaq
kimi soruşum: uşaqlara oynamaq asandır, yoxsa böyüklüyü oynayanlara?
- (gülür) Maraqlıdır,
bütün uşaqlar
bu sual ətrafında
düşünür? Əslində uşaqlar üçün
oynamaq həm maraqlı, həm də çox məsuliyyətlidir. Amma böyüklüyü
oynayanların içindəki
uşağı oyatmağın
da bir ayrı
zövqü var.
- Onda yəqin bilərsiniz, uşaqlar sizin teatrdan nə istəyirlər?
- Teatr daha çox
canlı ünsiyyətdir.
Onların bu canlılıq,
kuklaların hərəkətə
gəlməsi, onlara nələrisə deməsi
xoşlarına gəlir.
Animasiya filmlərində də eynən bu kuklalardır,
sadəcə, onlar efirdən elə maraqlı görünürlər.
Həmin
personaj evdə olduqda onun hərəkətsizliyindən
bezən uşaq ya onu qırıb-dağıdır,
ya da danışdırmaq
istəyir. Bax, o animasiya
filmləri və bu tamaşalar həmin canlanma istəyinin təzahürüdür.
Uşaqlarla olan iş təcrübəm, klounada sənətindəki
fəaliyyətim bunu asan duymama imkan
verir. Kloun da bir oyuncaqdır və uşaqlar onu hər halında dilləndirməyi sevirlər.
- Bizdə hər zaman kukla teatrını
uşaqlar üçün
profilləşdirirlər. Digər tərəfdən
teatr sevgisinin azlığında birbaşa
kukla teatrlarını
qınayırlar. Bu nə qədər realdır?
- Burada valideynlər də günahkardırlar.
Onlar uşaqlarını teatra tez-tez gətirməlidirlər.
Uşaq müəyyən mənada
teatrın nə olduğunu, onun şərtiliklərini qəbul
eləsin.
- Bunun üçün uşaq səhnədə öz ətraf mühitindən yaxın, doğma və təbii elementləri görməlidir...
- Təbii ki, uşaqları mümkün
qədər səhnənin
real sehrində saxlamaq
lazımdır. Məsələn, o, Şaxta baba və Qar qız
reallığına inanmalı
və yaxınlaşıb
şəkil çəkdirmək
istədiyi personaja “a,
sən baba deyilsən ki, kişisən” deməməlidir.
Bunun üçün də təbii ki, bütün sənət meyarları ustalıqla təbliğ olunmalıdır.
Uşaqlar üçün oynayan böyük (aktyor) öz obrazını sevmirsə,
ona inanmırsa, heç bir zaman uşağı da inandıra bilməyəcək. Əsas cəhət
isə səmimiyyətdir,
onları sehrləyən
və səhnədə
göstərilənin sehrinə
inandıran səmimiyyət.
O, böyükdən daha
çox hiss edir bunu, onları bu anlamda aldatmaq
heç cür mümkün deyil.
- Böyük teatrlar üçün tamaşaçı
hazırlayan bu teatrın əsas missiyası elə budur?
- Yox, niyə elə sırf uşaqları nəzərdə
tutub, onlara hesablanmalıyıq ki? Elə böyüklər var ki, ömürlərinin yarısına çatsalar
da, teatr haqda təsəvvürləri
olduqca azdır. Ona görə də müəyyən təsəvvür,
dolğun baxış
formalaşdıran bu teatr uşaqları həm də həyata hazırlayır,
onun estetik tələbatları ilə
yanaşı, davranış,
özünü ifadə
və ümumilikdə
yaşama münasibətini
ayırd etməkdə
kömək edir.
- Deməli, uşaqlar üçün fərqli,
yeni və maraqlı qəhrəman modelləri yaranmalı və o, Cırtdandan əl çəkmədən
yeni simaları da tanımalıdır.
- Bəli, uşaq üçün yeni, müasir və müxtəlif xarakterli qəhrəmanlar yaranmalıdır.
Uşaqlar bəzən onların
vasitəsilə hansısa
informasiyanı, təlqin
olunan ideyanı daha tez qəbul
edir, nəinki ağıllı bir adamın, müəllimin,
valideynin öyüd-nəsihətini.
Həm də indi uşaqlarımız
elə müasirdirlər
ki, onlara nə isə təlqin etmək üçün mütləq
yeni texnologiyalardan, vasitələrdən istifadə
olunmalı, onlar detal olaraq təsvir
edilməlidir. Reallığı bu cür ifadələrlə
verdikdə uşaq daha çox inanacaq.
- Yeni qəhrəmanlardan danışdıqsa, deməli,
nağıllarımıza da
nəzər salmalıyıq...
- Nağıl qəhrəmanlarımızın
təbliği ilə ciddi şəkildə məşğul olmaq və yeni nağıllar
qurmaq lazımdır. Nağıllarımızı tamaşaya qoyanda
unutmamalıyıq ki,
onlar vaxtilə sovet ideologiyasının ciddi redaktəsinə məruz qalıblar. Ona görə indi onların səhnələşdirilməsi
Azərbaycan ideologiyasına
xidmət etməlidir.
Həm də hər nağıla hər bir rejissorun
fərdi yanaşması
ola bilər.
Nağıllara bir az dərindən
nəzər salıb onlardakı keçmiş
sivilizasiyaların nailiyyətlərini
görüb təqdim
etməyi öyrənməliyik.
Bəzən düşünürəm ki, bizim keçmiş
nağıllarımızda daha çox itmiş sivilizasiyalar haqqında kodlaşdırılmış
məlumatlar var. Əgər
hansısa nağılda
qəhrəman öz sevgilisini güzgüdə
görübsə, bəlkə
o bu günün texnologiyasından soraq verib.
- Maraqlı fikirdir. Amma uşaqlara bu elementlərin sadədil təqdimatını verməklə
onları cəlb etmək olar. Nümunə olaraq Yeni il və Novruz münasibətilə şəhərimizə
gələn “Maşa və ayı” tamaşasını göstərə
bilərik. Əsas personaj, kuklaların estetikliyidir...
- Təbii ki, kuklanın hazırlanması
problemli məsələdir.
Çünki rəssam və
texnoloqdan, heykəltəraşdan
nə tələb olunursa, onu da
edirlər. Amma hər kəsin fərdi inkişafı olmalı və o daha gözəl nümunəyə can atmalıdır.
Bizim teatrda olan kuklalara
gəlincə, onların
bir qismi burada, digərləri isə Rusiya və Gürcüstanda hazırlanır.
- Kukla teatrının repertuarında hansı yeniliklər gözlənilir?
Tamaşalarda bu vaxta qədər görmədiyimiz
hansı tərz və üslubları görəcəyik?
- Bu teatr mənim üçün yeni istiqamətdir. Əlbəttə, tamaşalarda bu vaxta qədər gördüyümüz elementlər yeni tərzdə təqdim oluna bilər. Burada əsas şərt plastik düşüncədir. Kukla teatrı aktyorunun plastikası necədirsə, kuklanın da plastikası o cür olacaq. Bura səsi dəyişmək bacarığı da aiddir. Elə üslublar var ki, bu teatrın aktyorları üçün yaddır. Əslində isə aktyor hər bir eksperimentə açıq olmalıdır. Ən əsası isə unutmamalıyıq ki, kukla teatrı uşaqlar üçün çox önəmli, onun teatr aləmi ilə ilk tanışlığında əhəmiyyətli rol oynayan bir məkandır. Səhnənin, zalın nə demək olduğu haqqında ilk təsəvvürü uşaqlar burda qazanırlar. Tamaşanın xronometrajının 45 dəqiqədən artıq olmamağından başlamış uşaqların informasiyanı qavrama qabiliyyətlərinədək bütün cəhətlər ciddi şəkildə nəzərə alınmalıdır. Hansı personajın təsvir edilməsindən asılı olmayaraq uşaqlarla işləyən rejissor və aktyorlar bütün jestlərin yumşaq olmasına fikir verməlidirlər.
- Bu meyarların əsas götürüldüyü hansı tamaşalar hazırlanır?
- Təbii ki, yeni ideyalar və tam fərqli üslubların tətbiqi barədə böyük planlarımız var. Teatrın konkret yeni repertuarına gəlincə isə, deyə bilərəm ki, Sankt-Peterburqdan rejissor Eduard Qayday “Qoğal” nağılını, Anar Məmmədov yapon nağılını, Elşad Rəhimzadə “Çəkməli pişik” əsərini tamaşaya qoyacaq. Bu məqamda teatrın rəhbərliyinə, direktor Rəşad Əhmədzadəyə yaradıcı heyətin ideyalarının gerçəkləşməsi üçün zəruri olan təşkilati təminatı göstərdiyinə görə təşəkkürümü bildirmək istəyirəm.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 14 mart.-
S. 6.