Almaniyalı
turistlər ölkəmizin qış turizm
mərkəzləri ilə maraqlanırlar
Xəbər verdiyimiz kimi, ölkəmiz martın 5-dən 9-dək Almaniya paytaxtında keçirilən “İTB Berlin-2014” beynəlxalq turizm sərgisində təmsil olunub.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Heyətə nazirliyin əməkdaşları ilə yanaşı, 10-dan çox turizm şirkətinin və hotellərin təmsilçiləri daxil idi.
Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Vüqar Şıxəmmədovun qəzetimizə verdiyi məlumata görə, sərgidə respublikamızın turizm imkanları 104 kvadratmetr sahədə nümayiş olunub: “Ötən il Azərbaycan “İTB Berlin” sərgisinin konqres və mədəniyyət tərəfdaşı idi. Bu çərçivədə görülən işlər bu il öz nəticəsini verdi. Stendimiz həm iştirakçıların, həm də ziyarətçilərin diqqət mərkəzində idi. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi sərgidə «Bakı 2015» Avropa Oyunlarının loqosundan istifadə etmişdi. Azərbaycanda belə bir tədbirin keçiriləcəyi ilə bağlı ziyarətçilərə və sərgi iştirakçılarına ətraflı məlumatlar verilirdi. Özümüzlə alman və ingilis dillərində bukletlər aparmışdıq. Həmin çap məhsullarını da ziyarətçilərə təqdim etdirdik”.
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra görüşləri olub, əməkdaşlıqla bağlı razılaşmalar əldə edilib. Almaniya mediası da Azərbaycanın stendinə diqqət göstərib, müxtəlif qəzetlər, televiziya kanalları nümayəndə heyətinin üzvlərindən müsahibələr götürüb.
Sektor müdiri qeyd etdi ki, Azərbaycanın stendində qış turizm mərkəzləri - “Şahdağ» Qış-Yay Turizm Kompleksi və Qəbələdəki «Tufan» Dağ-Xizək Kompleksi haqqında da məlumatlar yer alıb, «Şahdağ»la bağlı monitorda film nümayiş etdirilib: «Avropada qış turizmi çox populyardır. Almaniyalı turistlər ölkəmizdəki qış turizm infrastrukturuna da böyük maraq göstərirdilər”.
Qeyd edək ki, ölkəmiz 2004-cü ildən başlayaraq artıq on birinci dəfədir ki, «İTB Berlin» sərgisində təmsil olunur. Bu il sərgidə 188 ölkədən 10 mindən yuxarı iştirakçı olub, ekspozisiyaları 170 min nəfərdən çox insan ziyarət edib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 14 mart.-
S. 9.