Bir aktyorun sənət
yolu
Məmmədəli
Vəlixanlı - 115
Ötən əsrin əvvəllərində, xalqımızın maariflənməyə, mədəniyyətə daha çox ehtiyacı olan bir dövrdə, Azərbaycan mədəniyyətinin və incəsənətinin ağır yükünü çiyinlərinə alan ziyalılarımız, sənət fədailəri çətin bir yolun yolçuluğuna çıxdılar. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev və adlarını sadalamadığımız neçə-neçə korifeylərlə yanaşı, Azərbaycan teatr salnaməsinə adını yazan, öz dəst-xətti ilə tamaşaçıların rəğbətini qazanan unudulmaz sənətkarlardan biri də Xalq artisti Məmmədəli Vəlixanlı olmuşdur.
Ömür yolu bir varaq...
Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 1899-cu il martın 13-də Bakıda doğulub. Fatmayı kəndindən şəhərə köçən, ticarətlə məşğul atası Məmmədəlini “Səfa” mədəni-maarif cəmiyyəti nəzdində fəaliyyət göstərən məktəbə qoyub. Ancaq uşaq vaxtlarında gördüyü dini şəbihlər, “Qaravəlli”, “Kosa-kosa” kimi xalq oyunları onda teatr sənətinə maraq oyadıb. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov 1912-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyarkən Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırır. Beləcə o, sənətdə ilk addımlarını atmağa başlayır.
1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunur. "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Məmmədəli tədricən dram tamaşalarında da kiçik rollarda səhnəyə çıxır. Teatrda işləyə-işləyə 1927-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsilini davam etdirir.
Realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı M.F.Axundzadənin "Lənkəran xanının vəziri" (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun "Həyat" (Pardon Qurbanəli), Nikolay Qoqolun "Müfəttiş" (Osip) komediyalarında öz ifası ilə silinməz izlər qoyub. Eyni zamanda Hüseyn Cavidin "Səyavuş" (Kosa), Uilyam Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), Mehdi Hüseynin "Cavanşir" (Saran), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Əmrah), Fridrix Şillerin "Qaçaqlar" (Vurm), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) və digər pyeslərin səhnə təfsirlərində son dərəcə şirin, koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib. Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti (1938) və Xalq artisti (1949) fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 12 aprel 1969-cu ildə, 62 yaşında dünyasını dəyişib.
“Biz
onu həyatda heç
vaxt tragik obrazda görmədik”
Sənətkarın qızı, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlı atasını həzin xatirələrlə yada salır:
- Ata babam Fatmayı kəndində doğulub. XIX əsrin ortalarında
şəhərə köçüb
və ticarətlə
məşğul olurmuş.
Babamın şəhərin yuxarı məhəlləsindəki
karvansarası hələ
də qalmaqdadır.
Sovet dövründə oranı
bağça kimi istifadə edirdilər.
Evi də ora yaxın
idi. Atamın uşaqlığı keçmiş İskra (indiki Ə.Hüseynzadə)
küçəsində keçib.
Həmin
ətrafda babamın qohumları və Bakının kəndlərindən
gələn insanlar yaşayırdı. Atam ailənin
yeganə övladı
olub.
Atamla bağlı
xatirələr çox
əzizdir. Onun səhnə həyatından
əvvəl ailədə
mehribanlığı, övladlarına
məhəbbəti yadıma
düşür. Aktyorluq sənəti
insana ilahidən gəlmədir. Komediya janrında
daha çox oynamağına baxmayaraq, evdə deyərdik ki, atamız səhnədə komik, həyatda isə dramatikdir. Biz onu həyatda heç vaxt tragik obrazda görmədik. Zarafatcıl, amma sözü yerində deyən bir insan idi.
Teatrda onu tanıyanlar indiyə kimi lətifə xarakterli söhbətlərini xatırlayırlar.
Bir övlad kimi mən ona həddən
artıq borcluyam.
Mənim uşaqlıq dövrüm
müharibədən sonrakı
illərə təsadüf
edirdi. O vaxtlar cəmiyyətdə dəyişikliklər
baş verirdi. Çox ailələr uşaqlarını
rus məktəblərinə
qoyurdular. Atama minnətdaram
ki, məni Azərbaycan bölməsində
oxutdurdu. Düzdür, mən çox elmi işlərimi rus dilində yazmışam, çünki
şərqşünaslıqla bağlı ədəbiyyatın
əksəriyyəti bu
dildədir. Azərbaycan dilinə,
mədəniyyətimizə sevgimizin yaranmasında atamızın böyük
rolu oldu. Hədsiz məsuliyyətli, öz işini sevən, sadə və böyük insan idi. Özünün bütün müsbət
xüsusiyyətlərini övladlarına
ötürməyə çalışırdı.
Ailədə ondan ancaq sevgi və qayğı
görmüşük. Atam danışardı ki, səhnədə ilk rolu “Səfa” mədəni maarif cəmiyyəti nəzdindəki məktəbdə
oxuduğu zaman Şəmsəddin Saminin
"Gaveyi-ahəngdar" pyesində
Gavənin kiçik oğlu obrazı olub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Dadaş Bünyadzadə
1922-ci ildə atamı
teatra dəvət edir. Həmin ildən ömrünün
sonuna kimi atam teatrda işlədi.
Bu dövr onun
gənclik illərinə
təsadüf etməsinə
baxmayaraq, teatrda özünə layiq yer tuta bilmişdi.
Görkəmli dramaturq Cəfər
Cabbarlı öz əsərlərində atama
xüsusi rollar yazarmış. Tale elə
gətirdi ki, qardaşım Aqşin Vəlixanlı da aktyorluq sənətini seçdi, sonralar Əməkdar artist adına layiq görüldü. Qardaşım 61 yaşında dünyasını
dəyişdi. Demək olar
ki, 1922-ci ildən
1998-ci ilə kimi Azərbaycan teatrlarının
afişalarında Vəlixanlı
soyadı yaşayıb.
Atam sənəti
ilə yaşayırdı. Bir neçə
dəfə filmlərə
dəvət alsa da, sanki qismət
olmurdu. 1955-ci ildə “Görüş” filmində (Çayçı
- red.) çəkildi. Xəstəliyindən əvvəl “Uzaq
sahillərdə” filmində
təsdiqlənmişdi. Amma xəstəliyi imkan vermədi. Yüksək təzyiqdən əziyyət
çəkirdi. Teatrda son obrazını
Sabit Rəhmanın “Əliqulu evlənir” (Xəlil) tamaşasında
canlandırdı. Həkimlər səhnəyə çıxmağa
icazə vermirdilər.
Amma o deyirdi, qoy tamaşanın
premyerası olsun.
1961-ci ildə cəmi iki dəfə
həmin tamaşada səhnəyə çıxa
bildi. Atam səkkiz il
yataqda qaldı. Amma dostları onu tək qoymurdular. Aktyorlar İsmayıl Dağıstanlı,
Ələsgər Ələkbərov,
qonşumuz olan Ağadadaş Qurbanov ona hədsiz hörmət edirdilər.
Professor Mehdi Məmmədov
atama ruh verir, xəstəliyini unutdurmağa çalışırdı.
Mehdi müəllim teatrla bağlı bütün hadisələrdən atamı
xəbərdar edərdi.
Radio üçün “Hamlet”i hazırlayırdı.
Gəlib
evdə atamın səsini yazdılar.
Atam böyük rollar oynasa da, son zamanlar epizodik rollara daha çox
önəm verirdi.
O, kiçik bir səhnə ilə böyük söz deməyi, fikir çatdırmağı xoşlayırdı.
1957-ci ildə atama Moskvada epizodik obraza görə laureat adı verilmişdi.
Anam həmişə
atamın sənətinə
hörmətlə yanaşırdı. Məktəb
oxumasa da, bizim təhsilli, savadlı olmağımıza
can atırdı...
“Mən həmişə onun sənətinin ovsununda qalmışam”
Xalq artisti, rejissor Ağakişi Kazımov sənətkarla bağlı
xatirələrini bizimlə
bölüşdü:
- Mən teatra gələndə Məmmədəli
müəllim artıq
tanınmış, tamaşaçı
sevgisi qazanmış,
sənətdə öz
sözünü demiş
sənətkar idi. Hərəkətlərində, jestlərində, sifət ifadələrində
aktyorluq boyaları zəngin və əlvan idi. Məsələ təkcə bununla
bitmirdi, çünki
Məmmədəli Vəlixanlı
hər bir obrazı fərdi xarakter kimi götürür,
onu konkret tarixin, mühitin, ictimai təbəqənin təmsilçisi prizmasından
tamaşaçılara təqdim
edirdi. Onun çox orijinal,
yapışıqlı və
mütləq təbəssüm
doğuran səs tembri, koloritli yumoru, zəngin sifət cizgi-ifadə vasitələri vardı.
Yumor və satiranın ölçü-əndazələrini səhnədə dəqiq
həssaslıqla gözləyə
bilirdi.
Xoşbəxtlikdən onunla bir neçə
əsərdə eyni səhnəni bölüşmüşəm. Ən çox
sevdiyim rollarından biri U.Şekspirin “On ikinci gecə” əsərindəki Ser Endri
obrazı idi. Unudulmaz sənətkarımız Ağasadıq
Gəraybəyli ilə
duetləri çox maraqlı idi. Mirzağa Əliyevlə “Türkiyədə”
adlı əsərdəki
səhnələrini, dialoqlarını
da indiyə kimi xatırlayıram.
Onlar hər dəfə səhnəyə çıxanda
böyük, işıqlı
bir yumor gəlirdi səhnəyə.
1956-cı ildə Əliheydər Ələkbərov
“Almaz”ı səhnələşdirdi.
Xalq artisti Leyla Bədirbəyli
Almazı oynayırdı,
Məmmədəli Vəlixanlı
isə Xudaverdini.
Həmin
tamaşada çox maraqlı bir görkəmi vardı.
Deyirdilər ki, həmin
görkəmi Məmmədəli
müəllimin özü
tapmışdı. Bu günə kimi həmin obrazı unutmuram. O, səhnəyə
çıxan kimi alqışlar başlanırdı.
Biz bu tamaşa
ilə iki dəfə Moskvaya səfər etdik. Puşkin və Vaxtanqov teatrlarında oynadıq.
İfa etdiyi monoloqu Moskva tamaşaçıları beş dəqiqəyə
yaxın alqışladılar.
O, iki ekran əsərində
- “Görüş” və
“Mən rəqs edirəm” filmlərində
yaddaqalan obrazlar yaradıb. Mehdi Məmmədovun radioda
hazırladığı “Hamlet” tamaşasında Məmmədəli
müəllimi öz evində Məzarçı
roluna səsini yazmağını da gözəl xatırlayıram.
Bu, sənətkara verilən qiymət idi. O sənətkarlar
qeydi-adi insanlar idilər. Onlar hər dəfə
səhnəyə çıxanda
sanki bir-birini sənət yarışına
çağırır, bir-birini
səhnədə tamamlayırdılar.
Məmmədəli Vəlixanlının sənətindəki incəliyin, dərinliyin, emosiyanın həsrətindəyik. Tamaşaları anşlaqla keçirdi. Səmimi deyim ki, mən həmişə onun sənətinin ovsununda qalmışam. Unudulmaz sənətkarlar haqqında xatirələrimi bölüşəndə mənə çox xoş olur.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 14 mart.-
S. 11.