Teatr və siyasət haqqında
Rusiyalı aktrisa və rejissorun “Postskriptumlu roman” kitabı
Azərbaycan dilində təqdim olundu
Martın 13-də “Hyatt Park” hotelində rusiyalı aktrisa, ssenarist və sənədli filmlər rejissoru Nina Puşkovanın “Postskriptumlu roman” kitabının təqdimat mərasimi keçirildi. Heydər Əliyev İrsini Araşdırma Mərkəzində Azərbaycan dilinə tərcümə olunan kitabın təqdimatında tanınmış sənət adamları iştirak edirdilər.
Tədbirdə çıxış edən kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev Nina Puşkovanın yaradıcılığı və “Postskriptumlu roman” haqqında məlumat verdi. Müəllif haqqında hazırlanan video-slayd təqdim edildi. Burada aktrisanın çəkildiyi filmlər və ərsəyə gələn kitabla bağlı görüşdüyü insanlarla fotoları əksini tapmışdı.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin direktoru Fuad Babayev nəşrin məziyyətlərindən və onun tərcümə olunması ideyasının tarixindən, Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafından, tərcümə ədəbiyyatının əhəmiyyətindən danışdı.
Sonra söz kitabın müəllifi Nina Puşkovaya verildi. Kino həvəskarlarının “Uzaq meridianda görüş”, “Çili üzərində gecə”, “Adi möcüzə”, “Ümidsiz ümid edirəm” kimi filmlərdən tanıdığı aktrisa Azərbaycanla bağlı təəssüratlarını bölüşdü. 40 il əvvəl film çəkilişləri ilə əlaqədar Bakıda olduğunu dedi, şəhərimizə olan sevgisini dilə gətirdi. Müəllif kitabın mövzu və ideyası haqqında məlumat verdi: “Kitab teatr və siyasət haqqındadır. Niyə məhz teatr və siyasət? Ona görə ki, bu kitab avtobioqrafik bir əsərdir. Bu mənim ilk kitabımdır. Burada sənətim, ömür yolum və həyat yoldaşım, uzun illər “Postskriptum” verilişinin aparıcısı olmuş siyasətçi Aleksey Puşkovdan bəhs edir. Kitabda öz həyatımdan bəhs edirəm. Bizim yaradıcılığımız zamanı maraqlı insanlarla, çox məşhur mədəniyyət xadimləri və siyasətçilərlə görüşlərimiz olub. Bütün bunlar kitabda öz əksini tapıb”.
Müəllif nəşrin Azərbaycan dilinə tərcüməsindən məmnun olduğunu qeyd etdi: “Çox şadam ki, kitab Azərbaycan dilinə tərcümə edilib. Bu şəhər mənə sehrli aləmi xatırladır. Eyni zamanda bu şəhər hər gün yeni-yeni sətirləri yazılan bir romana bənzəyir. Hazırda nəşrə hazırlanan ikinci kitabım isə detektiv janrındadır”.
Nina Puşkova Azərbaycana sevgisini ulu nənəsinin şərqli olması ilə əlaqələndirdi və ölkəmizin mədəniyyətinə, xalqımızın adət-ənənəsinə sonsuz rəğbətinin olduğunu vurğuladı.
Qeyd edək ki, kitabın Azərbaycan dilinə tərcüməçisi Gündüz Nəsibov, redaktoru Fuad Babayevdir. Martın 14-də “Rus kitab evi”ndə müəllifin imza günü keçiriləcək.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 14 mart.-
S. 13.