“Milli-mənəvi
dəyərlərimizin güzgüsü”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) görkəmli nasir və dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.
“İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür” mövzusunda konfransı universitetin rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev açıb. Tədbirin İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin 2014-cü il 16 yanvar tarixli sərəncamına əsasən keçirildiyi bildirilib.
Tədbirdə ADMİU-nun rejissor sənəti fakültəsində hazırlanmış “Həmişəyaşar sənətkar - İlyas Əfəndiyev” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Sonra universitetin sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyevin “İlyas Əfəndiyev teatrı milli özünüdərkin və milli-mənəvi dəyərlərin güzgüsüdür” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, İlyas Əfəndiyev yaradıcılığı klassik irsə, milli ədəbi ənənələrə dərin köklərlə bağlıdır. Görkəmli ədibin “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlıq mübarizəsinin, istiqlal məfkurəsinin bədii tərənnümünə çevrilib.
Xalq artisti Bəsti Cəfərova çıxışında bildirib ki, İlyas Əfəndiyev dramaturgiyasının Akademik Milli Dram Teatrının tarixində məxsusi yeri var. Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov görkəmli ədiblə bağlı xatirələrini bölüşüb.
İlyas Əfəndiyev yaradıcılığında sənətlə şəxsiyyətin vəhdətindən danışan filologiya elmləri doktoru, professor Aqşin Babayev vurğulayıb ki, yaradıcılığı ilə teatr aləmində lirik-psixoloji üslubun təməl daşını qoymuş ədibin qəhrəmanları mərd, mübariz, heç kəsin qarşısında əyilməyən insanlardır. ADMİU-nun dosenti, yazıçı-dramaturq Əli Əmirli, “Dramaturgiyamızda lirik-psixoloji janrın banisi” mövzusunda çıxış edib, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülşən Qafarova İlyas Əfəndiyevin əsərlərinin ekran təcəssümündən danışıb.
Sonda rektor
Timuçin Əfəndiyev
çıxış edərək ədibin irsinə verilən
yüksək qiymətə görə dövlətimizin
başçısına minnətdarlığını bildirib.
Mədəniyyət.- 2014.- 19 mart.-
S. 4.